Normal ölkədə Abutalıbov məsuliyyətə cəlb olunardı

Bakı meri fırıldaqçı şirkətləri bir kənara qoyub vətəndaşları günahkar elan etmək istəyir

Bakı şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov evlərinin sənədləşdirilməsi ilə bağlı problemlər yaşayan vətəndaşalara şokedici mesaj ünvanlayıb. H.Abutalıbov vurğulayıb ki, yeni binalarda yaşayanlar evlərindən çıxarılacaq. Ekspertlərin fikrincə, tikinti şirkətlərindən zorla rüşvət almaq üçün hökumət hərəkətə keçib. “Hətta binanın sərəncamı olsa da, tikintiyə icazə verilsə də, bina dövlət komissiyasından keçməyibsə, o binadan mənzil almaq cinayətdir”, deyə H.Abutalıbov vurğulayıb.
Maraqlıdır, baş verən qanunsuzluğa görə məsuliyyəti vətəndaşların boynuna yıxmağa çalışılır. Yəni bu mənzilləri vətəndaşalara satan fırıldaqçı şirkətlərin əməlləri unudulur və baş verəndən əziyyət çəkən vətəndaşlar günahkar sayılır. Bu nə dərəcədə haqlı və qanunauyğun yanaşmadır?

Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, Azərbaycanda normal dövlət olsaydı o zaman vətəndaşlar aldıqları mənzillərin, torpaq sahələrinin adlarına keçirilməsi ilə bağlı problem yaşamazdı. Amma Azərbaycan hüquq dövləti olmadığından ona görə də vətəndaşlar məcburiyyətdən sənədsiz mülkiyyətlər əldə edirlər: “Bəzi torpaq sahələrini bələdiyyələr satmaq sərəncamı olmadığı halda vətəndaşlara satıblar, mənzillər elə Hacıbala Abutalıbovun rəhbərlik etdiyi icra hakimiyyətinin sərəncamı ilə satışa çıxarılıb. Halbuki çoxmərtəbəli mənzil tikiləndən sonra dövlət komissiyası yaradılmalı və bina istismara qəbul edilməlidir. Əgər binanı tikən MMC-dirsə, onlarla alğı-satqı müqaviləsi bağlanmalıdır, kooperativdirsə, kooperativin idarə heyətinin qərarı dövlət reyestri xidmətinə təqdim olunaraq çıxarış alınmalıdır. Amma məhz dövlət orqanlarının qanunsuz hərəkətləri nəticəsində təkcə Bakı şəhərində 500 minə yaxın sənədsiz evlər var. Insanlar bu evlərə sənəd ala bilmədiklərinə görə əziyyət çəkirlər. Burada ən böyük məsuliyyəti dövlət orqanları, xüsusilə Bakı Şəhər Icra Hakimiyyəti və onun başçısı məsuliyyət daşıyır”.
M.Baxışovun sözlərinə görə, normal dövlət olsaydı H.Abutalıbov sənədsiz evlərə görə məsuliyyətə cəlb olunaraq cəzalandırılardı. “Təəssüflər olsun ki, Azərbaycanı çürük qanuna söykənməyən bəzi şəxslər müəyyən edilən qaydalara əsasən idarə edir”, deyə M.Baxışov vurğuladı.
Hikmət