“İmanlı əməliyyatı”nda qaranlıq məqamlar

BDU-nun professorunu «hədiyyə» ilə həbs etmək kimə lazımdır?

BDU-nun professoru Məhəmməd Imanlının həbsi ətrafında müəmma davam edir. Professor həbs edilən gün yayılan məlumatlarda bunun BDU-nun rektoru Abel Məhərrəmova qarşı yönəldiyi bildirilirdi. Məlumatlara görə, müəyyən qüvvələr Abel Məhərrəmovun qohumu olduğu söylənilən Məhəmməd Imanlının həbsini təşkil etməklə rektorun daha yüksək vəzifəyə təyinatının qarşısını almağa çalışıblar. Iddialar görə, bu ərəfədə Abel Məhərrəmovun təhsil naziri təyin olunması ilə bağlı müzakirələr gedirmiş. Məlumatlarda həmçinin qeyd olunurdu ki, BDU-da həbslər davam edəcək.
Abel Məhərrəmovun Məhəmməd Imanlının həbsinə münasibət bildirərkən “Müəllimlərə xəbərdarlıq edilib ki, artıq belə hərəkətlər olmasın. Bundan sonra belə cəhdlərin olmaması üçün fakültələrdə, rektorluqda müəllimlərlə söhbətlər aparılıb, geniş müzakirələr olub” söyləməsi rektorun bu təşvişin içində olduğunu və həbslərin davam edə biləcəyinin fərqinə vardığını ortaya qoydu.
Bu arada “Bizim Yol” qəzetinin əməkdaşı Məhəmməd Imanlının evində olub. Professorun qardaşı maraqlı açıqlama verib. “Qapını döyüblər, Məhəmmədin oğlu qapını açıb. Uşağa deyiblər ki, atana hədiyyə var. Əlinə paket veriblər. Ardınca evə keçib, axtarış aparıblar. Evdə axtarış aparmaq üçün order göstərməyiblər. Məhəmmədi də tutub aparıblar”,- deyə professorun qardaşı bildirib. Professorun qardaşının söylədikləri həqiqətdirsə, deməli, Məhəmməd Imanlıya qarşı əməiyyat qurulub. Və onun hansı səbəbdənsə həbs etmək lazım olub. Bu səbəb yuxarıda qeyd etdiyimiz səbəb ola bilər. Söhbət Abel Məhərrəmovun daha yüksək vəzifəyə təyinatının qarşısını almaqdan gedir. Görünür belə bir məqsədi olan hansısa qüvvələr Məhəmməd Imanlının həbsindən istifadə edərək rektora qarşı ciddi təzyiqlər etmək və bununla da onun iddialarından geri çəkilməsinə nail olmaq istəyirlər. Hər halda Məhəmməd Imanlının qardaşının söylədikləri və Abel Məhərrəmovun müəllimləri xəbərdar etməsi barədə açıqlaması professorun həbsində qaranlıq məqamların olduğunu göstərir.  
Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə Məhəmməd Imanlının qardaşının söylədiklərilə bağlı “Azadlıq”a bunları deyib: “Məhəmməd Imanlının qardaşının fikirlərinə şərh vermək istəmirəm. Lakin onu deyə bilərəm ki, törətdiyi konkret cinayət əməlinə görə Məhəmməd Imanlı barəsində Cinayət Məcəlləsinin 311-ci maddəsilə (rüşvət alma) cinayət işi başlanıb. Ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib”.