Gəncə hadisələrilə bağlı qalmaqal davam edir

Aslan İsmayılov İxtiyar Şirinovu yenə ittiham etdi; Əli Ömərov isə onun barəsində danışmaq istəmədi

Tanınmış vəkil Aslan Ismayılov Gəncə hadisələri ilə bağlı “Azadlıq”a müsahibəsində sabiq baş prokuror Ixtiyar Şirinovun ünvanına müxtəlif ittihamlar səsləndirmişdi. Bu ittihamlardan ən əsası Ixtiyar Şirinovun Respublika Prokurorluğunu rüşvət yuvasına çevirməsi idi.
Ixtiyar Şirinov isə “Azadlıq”a müsahibəsində Aslan Ismayılovun ittihamlarının əsassız olduğunu, buna görə vəkili məhkəməyə verəcəyini bildirmişdi. Ixtiyar Şirinov həmçinin bildirmişdi ki, Aslan Ismayılovun onu kollegiyanın iclaslarında tənqid etməsi barədə söylədikləri də yalandır. “Mən baş prokuror olduğum müddətdə kollegiya iclasları keçirilməyib. Çünki mən kollegiyanı ləğv etmişəm. Bu da prokurorluq haqqında yeni qanunun qəbulu ilə əlaqədar olub. Biz gözləyirdik ki, yeni qanun qəbul olunsun. Indi özünüz təsəvvür edin, əgər kollegiya iclasları olmayıbsa, Aslan Ismayılov məni iclasda necə tənqid edə bilər?!”, – deyə sabiq baş prokuror vurğulamışdı.
Aslan Ismayılovla əlaqə saxlayıb əvvəlcə sabiq baş prokuror tərəfindən məhkəməyə verilməsinə münasibət öyrəndik. Vəkilin cavabı qısa oldu: “Versin məhkəməyə görək nə edəcək. Mən bu barədə elə məhkəmədə geniş danışacağam. Məhkəməni gözləyirəm”.

Vəkil həmçinin bildirdi ki, Ixtiyar Şirinovun kollegiya iclaslarının keçirilməməsi barədə söylədikləri həqiqətə uyğun deyil: “Kollegiya iclasları keçirilib və həmin iclaslarda mən onu qanunsuz əməllərinə görə tənqid etmişəm. Doğrudur, Ixtiyar Şirinov bu iclaslarda iştirak etməyib. Iclasları onun müavini aparıb. Amma onun iclasların ümumiyyətlə keçirildiyini söyləməsi həqiqətə uyğun deyil”.
Ixtiyar Şirinov müsahibəsində özündən sonrakı baş prokuror Əli Ömərovu Gəncə hadisələrinin əsas iştirakçılarından biri kimi ittiham etmişdi. Əli Ömərovdan Ixtiyar Şirinovun ittihamlarına münasibət öyrənmək istəsək də, bu barədə danışmaq istəmədiyini söylədi. “Mənim üçün Ixtiyar Şirinov mövzusu artıq bitib. Mən bu adamın fikirlərinə şərh vermək istəmirəm”, – deyə Əli Ömərov bildirdi.

Azad