İctimai Palata mayın 14-də piket keçirəcək

Qurum aksiyalarla bağlı taktikanı dəyişəcək

Ictimai Palata mayın 14-də saat 13-də Bakı Şəhər Icra Hakimiyyətinin binası qarşısında piket keçirəcək. Müsavat başqanının müavini Gülağa Aslanlının sözlərinə görə, aksiyada “Vicdan məhbusları azadlığa buraxılsın!”, “Azad seçki!”, “Sərbəst toplaşmaq azadlığı təmin olunsun!” və bu kimi şüarlar səsləndirəcək:
“Ictimai Palatanın Koordinasiya Şurası mayın 13-də razılaşdırılmamış yürüş-mitinq keçirilməsini məqsədəuyğun hesab etmədi. Yürüş-mitinq saat 16:00-dan 18:00-a qədər Binəqədi rayonu 7-ci mikrorayonda, ”Inqilab” kinoteatrının qarşısından Süleyman Sani Axundov küçəsini keçməklə “Dərnəgül” metro stansiyasının qarşısında keçiriləcəkdi. Lakin meriya bu aksiyaya şərait yaratmadı. Ictimai Palata da buna etiraz olaraq Bakı Şəhər Icra Hakimiyyətinin binası qarşısında piket keçirməyə qərar verdi”.  
G.Aslanlı Ictimai Palatanın aksiyalarla bağlı taktiki dəyişikliklər edəcəyini bildirib: “Müraciət edirik, onlar eyni cavabı verir, biz də piket təyin edirik. Amma bu, belə davam etməyəcək. Ictimai Palata taktiki dəyişikliklər etməyi düşünür. Koordinasiya Şurasının bu həftə keçiriləcək iclasında bu məsələ ilə bağlı qərar qəbul olunacaq. Əminəm ki, taktikada dəyişikliklər olacaq”. G.Aslanlı aksiyaların “Eurovision” ərəfəsində də davam edəcəyini bildirib: “Artıq 19, 20 və 21-nə aksiyalar təyin etmişik və müraciət etməyə hazırlaşırıq”.