«Eurovision» ərəfəsində Bakının üstündən sanki erməni tankı keçmişdi…»
Polşanın “Qazeta Vıborça” nəşrində “Eurovision” fonunda Azərbaycandakı durumdan bəhs edən material yayımlanıb. “Qlamur, itlərin güllələnməsi, yaxud Azərbaycanda Avropa ilini necə keçirməli?” başlıqlı məqalədə polşalı jurnalist Bakıda müşahidə etdiyi qanunsuzluqları, xüsusən, insanların mülkiyyət hüququnun necə pozulduğunu konkrekt faktlarla göstərib. Məqaləni qısa ixtisarla təqdim edirik:
***
El və Nikinin keçən il “Eurovision” musiqi yarışmasında qələbə qazanması Azərbaycanı 2012-ci ildə müsabiqənin təşkilatçısına çevirdi. Il ərzində ölkə bu musiqi tədbirinə necə hazırlaşıb?
Yarışmanın başlamasına 3 ay qalmış – fevralda Bakının üstündən sanki erməni tankı keçmişdi. “Eurovision”a hazırlıq məqsədilə şəhəri elə qazmışdılar ki, Bakının mərkəzindəki özüllər təhlükə altında qalmışdı.
Bayraq Meydanı və “Eurovision”a görə tikilən “Crystal Hall”a gedən yolun kəsişdiyi yerdə, sökülmüş binalardan çıxarılan unitazın ətrafında yığışmış bir dəstə kişiyə rast gəldik. Bizi görən kimi qışqırmağa başladılar: “Siz nə istəyirsiniz? Biz burda ancaq işləyirik! Bu bizim öz istəyimizdir. Heç birimiz burdan heç nə götürüb aparmırıq!”.
Nataliya Əlibəyova bizi çağırır. Divarı tuta-tuta pilləkənlərlə yuxarı qalxırıq. Çünki pilləkənlərin tutacaqları yoxdur. Hər bir mərtəbə kabus dolu mağaraya oxşayır. Hüquq müdafiəçisi Rəsul Cəfərov qəzəbini gizlətməyə çalışaraq deyir: “Bunlar eyni şeyi Şəmsi Bədəlbəyli küçəsindəki sakinlərin də başına gətiriblər…”
Vaxtilə jurnalist olan Əlibəyovanın mənzilində sanki qumbara partlayıb. Binanın yuxarıdakı iki mərtəbəsi artıq sökülüb. Binanı tamamilə yerlə bir etmək üçün hazırlıq işləri gedir.
“Bu bina ilə bağlı mülkiyyət hüququnun pozuntusuna dair ilk məhkəmə işləri iyunda başlayıb. Rəsmi məlumatlara görə, yol çəkilişi məqsədilə sökürlər”, – deyə Əlibəyova bildirir.
Onun sözlərinə görə, ilk vaxtlar sakinlərdən evlərini tərk etməyi tələb edirdilər. Insanlar etiraz edincə, hər kvadrat metrə 1500 manat təklif etməyə başladılar. Halbuki, həmin evlərin bazar qiymətilə kvadrat metri 4000 manatdır. Əlibəyova deyir ki, hökumətin təklif etdiyi pula ancaq şəhərdən kənarda mənzil almaq olar. Amma onun evi yerləşən ərazi mərkəzdir. Hətta dövlət başçısı da deyir ki, Bayraq meydanı Bakının ən gözəl ərazisində yerləşir.
Yaxın vaxtlarda buradakı binalar tamamilə yerlə-yeksan ediləcək. Baş verənlərə etiraz edən Əlibəyovanın yaşadığı binanın əvvəlcə su borularını dağıdıblar: “Bu, onların strategiyasıdır. Onlar hər şey edirlər ki, insanlar özləri çıxıb getmək məcburiyyətində qalsınlar. Su borularını kəsdikdən sonra lifti dağıtdılar, qapını çıxartdılar. Bir həftəlik qazı kəsdilər…”
Əlibəyova müvafiq qurumlara şikayət məktubları yazıb, Bakı merinin yanına da gedib: “Mən Konstitusiyanı götürüb, ona göstərdim və dedim ki, biz orada yazılanlardan başqa heç nə istəmirik. O isə cavab verdi ki, ”Konstitusiya mənəm”.
“Eurovision”ın Təşkilat Komitəsinin ofisi bulvarda müasir bir binada yerləşir. Çoxsaylı cəhdlərdən sonra biz komitənin nümayəndələrilə görüşə bildik. Binanın birinci mərtəbəsində mədəni dəyərləri əks etdirən sərgi və Azərbaycanın 4 il ərzində musiqi yarışmasında iştirakını nümayiş etdirən “Eurovision” muzeyi yerləşir. Məsələn, siz burada 2010-cu ildə Azərbaycanın “Eurovision” təmsilçisi Safura Əlizadənin geyindiyi 300ÿ min dollarlıq paltarına tamaşa edə bilərsiniz.
“Çoxları ”Eurovision” haqqında kifayət qədər məlumata malik deyil. Düzdür, müəyyən təsəvvürləri var, amma faktlar haqqında məlumatları yoxdur. Bənzər muzey Düsseldorfda da yaradılmışdı. Onu “Eurovision”ın fanatı yaratmışdı. Biz isə ilk ölkəyik ki, milli muzeyimiz olacaq” – bunu yarışmanın icraçı prodüsseri, tərcüməçi Adil Kərimov deyir.
Onun sözlərinə görə, muzeydə çoxlu sürprizlər hazırlanır. Lakin biz onları görə bilmədik.
Adil Kərimovla söhbətləşdik:
– “Eurovision” Azərbaycanda nəyisə dəyişəcəkmi?
– “Eurovision” şərait yaradır ki, insanlar Avropanın bir parçası olduqlarını xatırlasınlar. Biz Asiya ölkəsi deyilik. Modern, dünyəvi ölkəyik. Fərqli və tolerant. Bizdə çoxlu etnik azlıqlar var. Hər kəs qanun qarşısında bərabərdir.
– Homoseksuallardamı?
– Bəli, bəzi şayiələr yayılıb. Ancaq bura regionda ən təhlükəsiz yerdir. Bizdə əsl vətəndaş cəmiyyəti var.
Informasiya şöbəsi


