Dünən Naxçıvan Ali Məhkəməsində müxalifət fəalı Zeynal Bağırzadənin apellyasiya şikayətinə baxılması davam edib.
Iclasda Bağırzadə bildirib ki, mayın 10-da o, özünü pis hiss edib. “Ağır vəziyyətdə olduğum üçün məni məhkəməyə gətirmədilər. Mənə sistem köçürdülər”, deyə Bağırzadə bildirib. Fəalın sözlərinə görə, onun arterial təzyiqi kəskin şəkildə artıb. “Turan”ın bölgə müxbirinin verdiyi məlumata görə, dünənki prosesdə Bağırzadənin doğmaları istintaqın guya Çenobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak adı ilə qanunsuz olaraq alınmış təqaüdə görə dövlətə ödənilməsini tələb etdiyi 18,7 min manat məbləğində borcu ödəyiblər. Bu, Bağırzadəyə 18 il ərzində ödənilmiş təqaüd məbləğidir. Pul Bağırzadənin qohumları və həmkəndliləri tərəfindən toplanıb.
Hökmün oxunması mayın 14-nə təyin edilib.
Bağırzadə ötən ilin sonlarında həbs olunub və martın 2-də Naxçıvan məhkəməsi tərəfindən fırıldaqçılıq ittihamı ilə 7,5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasının iştirakçısı vəsiqəsini saxtalaşdırmaqda ittiham olunur.
Bağırzadə ittihamı təkzib edir və onu siyasi əsaslı sayır. Bağırzadə həbsdə olduğu müddət ərzində səhhəti kəskin şəkildə pisləşib. Hazırda sol tərəfi iflicdir və həbs şəraitində müalicəsi mümkün deyil.
Naxçıvanda cəbhəçiyə böyük məbləğdə cərimə kəsildi
•


