Anormal səhiyyə sistemi barədə acı düşüncələr
(Birinci yazı)
Qiymətli metal sayılan qızıldan baş çıxarmasam da, “Qızıl yel”-i artıq yaxşı tanıyıram.
Adi bir zədə sağ ayağımın “Qızıl yel” xəstəliyi ilə sonuclandı. Və ixtisasıma uyğun olmadığı üçün özüm-özümə müalicə təyin etmədim, həmkarlarıma müraciət etməli oldum.
Bəri başdan yazıram, kaş ki, müraciət etməyəydim. Nədəni bir az sonraya qalsın.
Etiraf edirəm, əvvəllər də səhiyyəmiz haqqında yüksək fikirdə deyildim və bir neçə dəfə Azərbaycanda səmərəsiz səhiyyə sisteminin fəaliyyəti barədə “Azadlıq” qəzeti də daxil müxtəlif qəzetlərdə tənqidi yazılarım dərc olunub.
Və hər zaman onu da xüsusi vurğulamışam ki, avtoritar rejimlərdə normal səhiyyə sistemi qurmaq əsla mümkün olası iş deyil.
Bu gün Azərbaycanda dövlətin sosial yönümlü olduğunu ağızdolusu danışanlar çox güman ki, SOSIAL SIYASƏT anlayışından məhrumlardır. Bir ölkədə ki, sosial müdafiəyə ciddi ehtiyacı olan kəsim – uşaqlar, qocalar, büdcənin hesabına yaşayan müəllim, həkim, elm adamı sağlamlığını qorumaq üçün tibbi sığortaya sahib deyil, dövlətin sosialyönümlü olmasından moizə oxumaq ya yüzdə-yüz siyasi diletantlıqdır, ya da tər-təmiz abdallıqdır ki, var.
Qərb dövlətlərindən misallar gətirmək fikrində deyiləm, nədən ki, internet erasında hansı dövlətin daha çox vətəndaşlarının rifahı naminə çalışmasını ayırd etmək çətin bir şey deyil. Yetər ki, internet axtarış sistemlərinin birində dünyanın hər hansı ölkəsində səhiyyənin durumu barədə maraq etdiyin sualı yerləşdirəsən.
Təkcə onu yazmaq istəyirəm ki, bu gün sivil Qərb dünyasında hər bir vətəndaşın cibində tibbi sığortası var və o sığorta sayəsində insanlar yüksək sağlamlıq göstəricilərinə sahibdir. Demokratik dünyada hər bir dövlətin, hər bir hökumətin ən mükəlləf vəzifəsi vətəndaşların rifahını yüksəltməkdən ibarətdir. INSAN faktorunun birinci sıraya qoyulduğu bu cəmiyyətlərdə vətəndaşların nə qədər firavan, xoşbəxt və hüzur içində yaşadığından təəssüf ki, sadə azərbaycanlıların xəbər tutmaq imkanı belə yoxdur. Çünki mədəni dünyanın gerçəkliklərini xəbər verməli olan telekanallar yalnız sürü psixologiyası formalaşdırmaq istiqamətində fəaliyyət göstərir.
Yekə-yekə deyirlər ki, Azərbaycanda səhiyyə yüksək sürətlə inkişaf edir. Və bu inkişafın səviyyəsini yalnız xəstəxnaların, diaqnostik mərkəzlərin tikilməsi, təmir olunması, yeni tibbi avadanlıqların alınması ilə ölçürlər. Vəssalam. Bundan o tərəfə gedə bilmirlər. Nədən ki, “sağlamlıq” anlayışının əsl mahiyyətini, fəlsəfəsini anlamırlar. Anlamırlar ki, sağlamlığa kompleks yanaşmaq gərəkdir. Anlamırlar ki, ciddi ekoloji problemlərin varlığında, maddi durum normal qidalanma üçün yetərsiz olduqda, cəmiyyətin başının üstündə QORXU kabusu dolaşanda sağlamlıqdan, ümumiyyətlə, danışmırlar.
Azərbaycanda vəziyyət elədir ki, bu gün sağlamlıq yada düşmür. Vətəndaş o qədər problem yaşayır ki, sağlamlığına önəm verə bilmir. “Həftədə bir dəfə qazana ət ata bilmək” bu gün azərbaycanlının ən ümdə arzularından biridir. Ətin, qazanın, mədənin dominant olduğu BAŞ sağlamlıq haqqında nə düşünə bilər?
Dövlət vətəndaşın sağlamlığına cavabdehdir. Dövlət vətəndaşlarının sağlam olmasında maraqlıdır. Söhbət DÖVLƏTdən gedir, tayfa, klan hakimiyyətindən yox. Hakimiyyət bir tayfanın, bir dəstənin əlindədirsə, səhiyyə sistemini çalışdırmaq, bu sistemin işini insanların sağlamlığının müdafiəsinə yönəltmək birmənalı cəfəngdir. Azərbaycanda olduğu kimi…
“Qızıl yel”-dən qurtulmaq üçün 10 gün müddətinə 5 tibb müəssisəsində oldum. 3 professorla, nə qədər həkimlə söhbətim oldu…

Şəfa, yoxsa cəfa ocaqları
•