“Eurovision”u siyasiləşdirməmək tələbləri

Ən gülməlisi bilirsinizmi nədir? Eynulla Fətullayev deyir ki, Azərbaycanda siyasi mübarizə getmir, siyasət, siyasi güc yoxdur. Sonra da deyir ki, “Eurovision”u siyasiləşdirmək olmaz. Mən bilmirəm bu hakimiyyət Eynulladan nə istəyir, niyə onu dinc buraxmır?
“Eurovision” ili ərzində Azərbaycan hakimiyyəti dünya mətbuatının güzgüsünə düşdükcə, bu güzgüdə özünü olduğu kimi gördükcə müdafiə üçün bütün resurslarını işə salıb. Əsas arqumentləri də odur ki, “Eurovision”u siyasiləşdirməyin. Hətta dünənəcən bizə “Eynullanın həbsini siyasiləşdirməyin” deyənlər köməyə Eynulla Fətullayevi də qoşublar…
Görəsən bu yarışma Eynullanın həbsdə olduğu dövrə düşsəydi, ona azadlıq istəsəydik, deyəcəkdimi ki, etməyin bunu, yoxsa “Eurovision” siyasiləşər? Onun azadlığı üçün yerli və beynəlxalq təşkilatlar, həmçinin özü hətta idmançılara, müğənnilərə, ədəbiyyatçılara, keçmiş siyasətçilərə və mövcud siyasətçilərə, məsələn, Fransa prezidentinə müraciət ediləndə görəsən siyasiləşmək niyə dərdə çevrilmirdi? Insan pis siyasətə alət olanda ikrah doğurur, amma insan haqlarını tələb etmək isə heç vaxt ikrah və etiraz doğura bilməz.
Tələb edilir ki, “Eurovision” siyasiləşdirilməsin. Yəni bu dövrdə Azərbaycandakı reallıqlardan danışılmasın. Bəs söz azadlığı necə oldu – məgər Avropa Konvensiyasında, Azərbaycan Konstitusiyasında yazılıb ki, “Eurovision” ilində danışmaq məhdudlaşdırılır?
Bəlkə Avropa Konvensiyasında, bizim Konstitusiyada “Eurovision”a yalnız yaxşı münasibət bəsləmək tələb edilir?
Nə üçün vətəndaş məcburən bu mahnı yarışmasını sevməli və təbliğ etməlidir? Avropada belə dəyər də var?
Ümumiyyətlə, siyasiləşdirmək nədir görəsən? Ölkə haqqında həqiqətləri söyləmək məgər mahnı müsabiqəsini siyasiləşdirməkdir? Inan haqlarından danışmaq siyasətdir? Bu sözün altında nə yatır görəsən?
Nəhayət, niyə siyasiləşdirmək olmaz? Siyasət qadağan olub məgər bizim ölkədə?
Bütün bu ritorik suallar cavabsız qalacaq. Çünki tələbin özü mənasız və əsassızdır. Çünki “Eurovision”u siyasiləşdirməməyə çağırmaq özü artıq siyasətdir, üstəlik, ziyanlı siyasət.
***
Avropa Yayım Birliyinin nümayəndəsi Azərbaycandakı ictimai durumla bağlı tənqidlərə etiraz etmədən deyir: “Məsələnin siyasiləşdirilməsi ”Eurovision”u məhv edər”.
Bəs Avropa dəyərləri məhv olsun?
Azərbaycan məhv olsun?
Insanlar və talelər düyünə düşsün?
Bu mahnı yarışması olmasa, Avropada sabah açılmayacaq?
Nəhayət kim deyir ki, məhv edin, sadəcə həqiqətləri səsləndirin və öhdəlikləri tələb edin.
***
Avropa Azərbaycanın “Eurovision”da qələbəsini böyük sevinclə elan etdi. Amma onun qurumları Azərbaycanı tənqid edəndə, hər hansı hesabat və qətnamədə ölkəmizdəki real vəziyyəti  göstərəndə, bizim hakimiyyət bəyan edir ki, bunlar qərəzlidir, ermənilərin təsiri ilə hazırlanıb, dövlətimizi zəiflətmək məqsədi güdür. Söhbət belə bir hakimiyyətdən gedir.
Bu hakimiyyət dünyanı və vətəndaşlarını neft pulları ilə həyata keçirilən təmirlə, yeni tikililərlə, rəngli işıqlarla aldatmaq istəyir. Insanların üzləşdiyi zülmü isə gizlətmək istəyirlər. Insan haqlarının tapdandığını pərdələməyə çalışırlar.
Elə Eynullanı da haqsız həbs etmişdilər. Indi isə ondan haqsız siyasət üçün istifadə edirlər. “Eurovision” belə bir hakimiyyətin öz əməllərini və öz siyasətini pərdələnməsi üçün istifadə edilməli deyil, əksinə bunun aşkarlanmasına, aradan qaldırılmasına yardım etməlidir.