Əkrəm bəy!
Bəri başdan yazım ki, sonra yanlış anlaşılmasın: indiyədək haqqınızda yazdığım hər tənqidin arxasındayam. Zərrəcə peşimanlığım yoxdur. Bəzən hətta “az belə yazmışam!” deməkliyim də olub.
Özünüz də bilirsiniz ki, zaman-zaman millət, dövlət üçün taleyüklü məsələlərdə o qədər yanlış mövqe tutmusunuz ki, bunun bəraəti yoxdur. Heç vaxt da olmayacaq.
Əkrəm bəy!
Bu kiçik girişdən sonra “bəs bu bir üzr yazısı idi, üzrü günahından betər oldu ki!” deməyə haqqınız var. Mətləbə gəlim.
Eynulla Fətullayev həbsdə ikən və oradan rejimin amansızlığına dirəşərkən bir yazı yazmışdım: “Yüz Əkrəmə əvəz Eynulla”. Təəssüf ki, indi – bu sətirləri yazarkən çox axtarsam da tapa bilmədim. Heç önəmli də deyil.
Demək istədiyim başqadır: bu gün o yazının qəhrəmanlarının yer dəyişdirdiyini görürəm. Bu gün o yazının qəhrəmanlarından biri az-çox həqiqəti danışmağa başladığı halda, digərinin qiyafə dəyişdirdiyini, ölkə xaricində belə, artıq “hüquq müdafiəçiliyi” libasında hakimiyyət vəkilliyinə üstləndiyini görürəm.
Sözü uzatmayacam, “o vaxtlar o yazını bir fərd adına yox, müdafiə etdiyim dəyərlər, prinsiplər adına yazmışdım”, “yenə olsa, yenə yazardım” deyə min dərədən su gətirməyə də çalışmayacam.
Açıq və birbaşa yazacam: o yazını yazdığım anda əlim qırılaydı!
O yazını yazdığım anda ən azı bunu bilməliydim: qarşı tərəfdə pullar o qədərdir çoxdur ki…
Qarşı tərəfdə maddiyyat baxımından həyat o qədər cəzbedicidir ki, bunun qarşısında hər kəsin sonadək tab gətirməsi, tamahına yenik düşməməsi, sonadək öz ləyaqətli duruşunu qoruyub saxlaması çətin məsələdir. Hər an hər güvəndiyimiz dağa qar yağa bilər. Ona görə də birinin mübarizliyini, dirəniş ruhunu alqışlayarkən bunu başqa biri ilə müqayisədə yazmaq ağır məsuliyyətdir. Təminatın yoxdur ki, sabah həmin o başqa birinin yanında dilin gölək olmayacaq.
Tıpkı indi mənim kimi, tıpkı indi Eynullanın məni sizin yanınızda utandırdığı kimi!
Əkrəm bəy!
Bundan sonra da haqqınızda ən ağır tənqidləri yaza bilərəm. Və əmin olun ki, yazacam da.
Zatən ictimai məsələlərdə haqsız duruşunuzu görüncə eyni kəskinliklə, eyni sərtliklə yazmamaq mümkün də deyil.
Hətta bundan sonra hər sözünüzdən həqiqətin xası tökülsə belə, keçmişdə söylədiyiniz “Heydər Əliyev də öz işığını Mirzə Cəlildən alıb, mən də” sözlərindən geri durmayanadək səmimiyyətiniz, dürüstlüyünüz böyük bir sual işarəsi altında olacaq. Mən ən azı bunu dönə-dönə yazmaqdan, xatırlatmaqdan vaz keçməyəcəm.
Bütün bunlar öz yerində.
Amma, Əkrəm bəy, “Yüz Əkrəmə əvəz Eynulla” yazısına görə sizə bir üzrxahlıq borcumun olduğu dəqiqdir. O yazıya, məhz o yazıya görə mən özümü bağışlamıram.
Siz siz olun, bağışlayın.
“Bağışlayın” deyərkən də nə zərrəcə utanır, nə də peşmançılıq duyuram. Belə kompleksim yoxdur.
Yeri gəlsə, məndə nə günah var?
Məni yanıldan utansın.
Hacıbala Elçibəy hakimiyyətinin məmuru olsaydı…
Iki gündür sosial şəbəkələr, saytların şərh bölümləri Hacıbala Abutalıbovun “Gül bayramı”ndakı açıqlamalarına ironik münasibətlərlə doludur, hamının yumor hissi aşıb-daşır, şedevr statuslar, şərhlər yazılır. Bu öz yerində.
Mən başqa bir məqama toxunmaq istəyirəm. Abutalıbovun öz təbirincə desək, əmin olun, əgər AXC-Müsavat iqtidarının bu cür mimikaya, danışıq üslubuna, jestlərə, təfəkkürə sahib bircə məmuru olsaydı, indinin özündə belə, onun kadrlarını telekanallarından gündə beş dəfə göstərir, Elçibəy hakimiyyətini ələ salır, “görün kimləri vəzifəyə təyin etmişdiniz, baxın utanın də” deyə səhər-axşam camaatın zəhləsini tökürdülər.
Amma indi Hacıbala özlərinin məmuru olunca, dillərini qatlayıb qoyurlar qarınlarına, “mıkk” da eləmirlər. Hələ üstəlik, toxunulmazlıq statusu verirlər, Ilham Əliyev isə müxalifəti mitinq üçün Bibiheybətə göndərdiyinə görə onu tərifləyə bilir.

Bu, Əkrəm Əylisliyə üzrxahlıq yazısıdır
•
•