ixtiyar-shirin

“Bizdə Şerbakın Rəhim Qazıyevlə telefon danışıqları var idi”

ixtiyar-shirin“Əli Ömərov və başqaları məni təhdid ediblər ki, həbs edilənlər zorlanacaq və öldürüləcək”

İxtiyar Şirinov: «Heydər Əliyev o hadisələrdən istifadə etdi və bu, Azərbaycanı fəlakətə apardı»

Tanınmış vəkil Aslan Ismayılov Gəncə hadisələri ilə bağlı qəzetimizə müsahibəsində baş prokuror Ixtiyar Şirinovun ünvanına bir sıra ittihamlar səsləndirmişdi. Dünən redaksiyamıza gələn sabiq baş prokurorla söhbətimizin mövzusu da əsasən bu oldu.

– Ixtiyar bəy, Aslan Ismayılov bildirib ki, siz baş prokuror olandan sonra onu işdən çıxarmaq istəmisiniz. Səbəb isə onun sizin qanunsuz hərəkətlərinizi tənqid etməsi olub. Aslan Ismayılovun bu fikirləri nə dərəcədə doğrudur?
– Mən nə baş prokuror təyin olunanda, nə də bundan əvvəl Aslan Ismayılov adlı şəxs tanımışam. Belə bir şəxsin prokurorluqda işləməsi barədə məlumatım olmayıb. Sadəcə müəyyən müddətdən sonra mənə əmr gətirdilər ki, belə bir adam var və o, Prezident Aparatına işləməyə gedir. Mən də əmri imzalamışam və o işdən çıxıb. Prokurorluqda olanda onunla heç bir təmasım olmayıb, üzünü belə görməmişəm.

– Amma Aslan Ismayılov deyir ki, kollegiya iclaslarında sizi tənqid edib…
– Məsələ burasındadır ki, mən baş prokuror olduğum müddətdə kollegiya iclasları keçirilməyib. Çünki mən kollegiyanı ləğv etmişəm. Bu da prokurorluq haqqında yeni qanunun qəbulu ilə əlaqədar olub. Biz gözləyirdik ki, yeni qanun qəbul olunsun. Indi özünüz təsəvvür edin, əgər kollegiya iclasları olmayıbsa, Aslan Ismayılov məni iclasda necə tənqid edə bilər?!

– Aslan Ismayılov bildirib ki, Ixtiyar Şirinov Respublika Prokurorluğunu rüşvət yuvasına çevirmişdi…
– Aslan Ismayılov məni rüşvətdə ittiham edirsə, ortaya fakt qoymalıdır. Bu kifayət qədər ciddi ittihamdır və buna görə də faktlarla danışmaq lazımdır. Aslan Ismayılov konkret deməlidir ki, mən kimdən, nə vaxt, hansı məbləğdə rüşvət almışam. Varmı belə fakt? Varsa niyə ortaya qoymur? Bu sualların cavabı bəllidir: Aslan Ismayılovda belə faktlar yoxdur. AXC hakimiyyəti dövründə nəinki prokurorluqda, digər sahələrdə də rüşvətxorluq olmayıb. AXC hakimiyyətə gələn kimi rüşvəti yığışdırmışdı. Lakin hakimiyyət devriləndən sonra rüşvət çiçəklənməyə başladı. Mən onlarla adamı prokurorluqda işə götürmüşəm. Bir nəfər desin ki, ondan rüşvət almışam. Məhz mənim baş prokuror olduğum dövrdə kasıb, adamı olmayan, bacarıqlı, savadlı kadrlar işə götürülüb. Qapını açmışdıq ki, nə qədər savadlı kadr var gəlsin. Heç birindən də rüşvət alınmayıb. Aslan Ismayılov məni başqa baş prokurorlarla, AXC hakimiyyətini isə başqa hakimiyyətlərlə səhv salmasın. Mən Aslan Ismayılovun bu ittihamlarına görə onu məhkəməyə verəcəm. Məhkəmədə cavab versin. Sübut etsin görək mən kimlərdən rüşvət almışam. Bunları sübut etmək onun borcudur, mənim yox.

– Siz müavininiz Eldar Məmmədova Aslan Ismayılovu işdən azad etmək tapşırığı vermisinizmi?     
– Eldar Məmmədov sağdır. Gedib soruşa bilərsiniz, ona belə tapşırıq vermişəm ya yox. Aslan Ismayılov müsahibədə deyib ki, guya mən Eldar Məmmədova demişəm ki, onu işdən çıxar. Amma belə bir şey olmayıb. Axı mən Aslan Ismayılovu tanımırdım. Digər tərəfdən kimisə işdən çıxarmaq barədə müavinə niyə göstəriş verirdim, özüm çıxarardım.

– Həmin vaxt Gəncə prokurorluğunda yoxlama aparılıb. Aslan Ismayaılov deyir ki, yoxlamaya o rəhbərlik edib və sonda orda baş verənlərlə bağlı rəy hazırlayıb. Lakin siz həmin rəyi nəzərə almamısınız…
– Mən bilmirəm Aslan Ismayılov nəyi nəzərdə tutur. Onu bilirəm ki, mən baş prokuror təyin ediləndə Gəncənin prokuroru Eyyub Fətəliyev artıq təqadüə göndərilmişdi. Bircə əmri qalmışdı verilməyə. Yəni, formal olaraq o postu tuturdu. Əmr verildi, o işdən çıxdı. Indi Aslan Ismayılov hansı məsələdən danışır, aydın deyil. Mən yenə də deyirəm ki, əgər onun mənim qanunsuz hərəkətlərimlə bağlı hər hansı faktı varsa, qoysun ortaya müzakirə edək. Mən müzakirədən çəkinən adam deyiləm. Lakin Aslan Ismayılov faktsız danışmaqla mənə qarşı qərəzini biruzə verir.

– Bəs bu qərəzin kökündə nə dayanır?
– Mən bunun səbəbi bilmirəm. Aydın deyil ki, nə üçün mənə böhtan atır. Hər halda o bütün bunlara məhkəmədə cavab verməli olacaq. Üzünü görmədiyimi halda məni ittiham edir. Bilirsiniz, mən onu yalnız Gəncə hadisələri zamanı deputat istintaq komissiyasının tərkibində oraya gələndə görmüşəm.

– Yeri gəlmişkən, Aslan Ismayılov bildirir ki, siz dindirmədə suallardan yayınırdınız. Nədənsə ehtiyat edirdiniz?
– Əvvəlcə onu diqqətinizə çatdırım ki, Aslan Ismayılov onu ora göndərən hakimiyyəti müdafiə etmirdi. Mən onun müsahibəsi çıxandan sonra Pənah Hüseynlə əlaqə saxladım. Əvvəlcə soruşdum ki, sizin baş prokuror təyin etmək üçün Aslan Ismayılov adlı kadrınız var idimi. Çünki Aslan Ismayılov iddia edir ki, həmin vaxt istəsəydi baş prokuror ola bilərdi. Pənah Hüseyn mənə cavabında həmin vaxt belə bir adam tanımadığını dedi. Daha sonra bildirdi ki, Aslan Ismayılov Gəncə hadisələri zamanı bizi müdafiə etmədi.
Mənim suallardan yayınmağıma gəlincə, deyim ki, Aslan Ismayılov nə danışır özü bilər. Amma mən həbsdə olduğum müddətdə Gəncə hadisələri ilə bağlı 1000 səhifəlik qeydlərimin əsasında 200 səhifəlik sənəd hazırlamışam. Həmin sənədi mən iki gün məhkəmədə oxumuşam. O sənəddə mən göstərmişəm ki, Sürət Hüseynov cinayətkardır, dövlət çevrilişi edib, bu işdə Əli Ömərov kimi bir sıra şəxslər və Milli Istiqlal Partiyası kimi siyasi qüvvələrin də rolu olub. Bu sənədi sizə təqdim edə bilərəm. Mən onların məsuliyyətə cəlb olunmasını tələb etmişəm. Məhz mənim hazırladığım sənəd əsasında sonda Surət Hüseynov barəsində cinayət işi başlandı. Indi Aslan Ismayılov bir sənəd qoysun ortaya. Indi elə danışır ki, sanki milli hökuməti müdafiə edib. Halbuki mənə deyirdi ki, sizin Gəncədə nə işiniz var idi.

– Bəs sizin cavabınız nə oldu?
– Aslan Ismayılovun nə funksiyası var idi ki, mən ona cavab verim. Bu hadisələrlə bağlı istintaq komissiyasına izahatım var. Həmin izahatda yazmışam ki, Sürət Hüseynov cinayət törədib, dövlətə qarşı qiyam edib, dövlətin də qiyamı yatırmaq üçün bütün addımlar qanunidir. Bu izahat cinayət işində də var. Aslan Ismayılov gedib baxa bilər.

– Ixtiyar bəy, Gəncəyə ayın neçəsi getmişdiniz? Bu hadisələr barədə ətraflı danışmağınızı istərdik.
– Mən Iyunun 3-də Gəncədə olmuşam. Mən gələnə qədər artıq hökumət qüvvələri Gəncədə sabitliyin bərpası üçün müəyyən addımlar atmışdılar. Lakin yetərli olmamışdı. Iyunun 4-də Sürət Hüseynovun dəstəsi əvvəlcə yerli hakimiyyəti devirdi. Həm yerli, həm də Bakıdan gələn dövlət adamlarını həbs etdilər. Məni də ayın 4-də Daxili Işlər Nazirliyinin Gəncədəki idarəsində həbs etdilər. Mən Milli Təhlükəsizlik Nazirliyinin yerli şöbəsində otururdum. Oranı dağıtmışdılar. Sonra mənə məlumat gəldi ki, DIN-in şöbəsində də vəziyyət pisdir. Mən ora getdim ki, görüm nə baş verib. Sürət Hüseynovun adamları orada mənim qarşımda şərt qoydular ki, ya bizimlə hərbi hissəyə gedəcəksiniz, ya da buradakı adamların hamısını güllələyəcəyik. Qırğın olmasın deyə, silahımı və kabinetimin açarlarını DIN-in əməkdaşlarına verib hərbi hissəyə getdim. Həmin vaxt artıq xeyli dövlət adamını həbs etmişdilər. Hər gün bizi təhdid və təhqir edirdilər. Guya biz Gəncəyə gəlib camaatı qırmışıq. Əslində isə belə bir şey olmayıb. Əksinə Sürət Hüseynovun dəstəsi Milli Qvardiyanın və MTN-nin əməkdaşlarını güllələmişdilər. 20-ə yaxın şəxs ölmüşdü, xeyli adam yaralanmışdı. Müdafiə Nazirliyi üzərinə düşən vəzifəni yerinə yetirmədiyinə görə bu faciələr baş vermişdi.  

– Gəncə hadisələrini Heydər Əliyevin təşkil etdiyi barədə fikirləri qəbul edirsinizmi?
– Mən hesab edirəm ki, Heydər Əliyev bu məsələdən istifadə etdi və bu Azərbaycanı fəalakətə apardı. Rayonlarımız işğal olundu. Hadisələri Rusiya təşkil etmişdi. Sürət Hüseynov Rusiyanın adamı idi. Ağsaqqallı isə Gəncədəki diviziyanın rəhbəri Şerbak idi. Hətta bizdə Şerbakın Rəhim Qazıyevlə telefon danışıqları var idi. O, demişdi ki, mənə dəstək verin hakimiyyəti devirim. Biz bunu bilirdik və tədbir görürdük. Lakin xəyanət baş verdi. Müdafiə Nazirliyi öz işini görmədi. Həmçinin yuxarıda qeyd etdiyim kimi bəzi siyasi qüvvələr vəziyyəti dramatikləşdirdi.    

– Əli Ömərovla məhkəmə çəkişməniz nə yerdədir?  
– Proses davam edir. O bildirmişdi ki, guya mən Əbülfəz Elçibəyin həbsinə sanksiya vermişəm. Varsa qoysun ortaya. Saxta sənəd var. Özləri tərtib ediblər. Bu barədə Nemət Pənahlı müsahibələrində deyib. Əli Ömərov və digərləri və məni təhdid ediblər ki, əgər saxta sanksiyanı imzalamasanız burada həbs edilən adamlar zorlanacaq və öldürələcək. Mən də buna razı ola bilməzdim. Ona görə də həmin saxta sənədə imza atdım.

Vidadi Məmmədov