Azərbaycanlılar Avropada nə gəzir?

Azərbaycanı tanıtmaq üçün uzağa getməkdənsə, qonşuluqda yaşayan Somali qaçqını ilə gündə salamlaşmaq bəs edir…

Son zamanlar bəziləri tərəfindən davamlı olaraq ittiham olunuram ki, mən ancaq Azərbaycanı pisləməklə məşğulam. Yəni, qərəz mənim gözümü necə “tutubsa”, ölkəmizdəki “inkişafı” görə bilmirəm. Hər dəfə də bəziləri deyir ki, niyə mən Azərbaycanı Avropada təbliğ etmirəm? Qarşılığında özləri iddia edirlər ki, onlar mənim əksimə olaraq Azərbaycanı tanıtmaqla məşğuldurlar.
İnanın ki, illərdir Avropada yaşayan bu insanların hələ də SSRİ-nin tikanlı sərhədlərindən kənara çıxa bilmədiklərini görüb təəccüblənməyə bilmirəm. Və hələ də başa düşmürəm ki, internetin və elmin inkişaf etdiyi dövrdə bu insanlar Azərbaycanı kimə və necə tanıdırlar? Axı hər kəsə məlumdur ki, kimə Azərbaycan lazımdırsa, açır internetdə istədiyi məlumatı tapır. Azərbaycan hakimiyyəti də ölkəni elə günə qoyub ki, orda tapılan informasiyalar adamı əcnəbi yanında ancaq xəcalətli edir.
O ki qaldı azərbaycanlıların Avropada Azərbaycanı təbliğ etmələrinə, məncə, onların burda olmaları elə ölkəmizin birbaşa təbliğidir. Təssəvvür edin ki, Avropada indi vətənşüvənliklə məşğul olanlar başda olmaqla azərbaycanlıların böyük əksəriyyəti rejimin yaratdığı vəziyyətə görə ölkəsindən didərgin düşüb. Həm də məhz buna görə çoxları Avropa ölkələrində yaşamaq izni alıb və ya əfvə düşərək sənəd sahibi olub. Elə bu yaşamaq iznini almaq üçün gəldikləri ölkənin Ədliyyə Nazirliyinin əməkdaşlarına verdikləri ifadədə Azərbaycandakı vəziyyəti o ki var “təbliğ” ediblər. Ardınca yaşadıqları müxtəlif qaçqın kamplarında hər rastlaşdıqları insan onları görüncə ölkəmizin hansı gündə olduğunu anlayıb. Tutaq ki, Somalidən olan Abdulkadir azərbaycanlı Ramili görür və anlayır ki, elə hər ikisinin ölkəsi eyni gündədir. Eləcə də Sudan, İran, İraq, Liviya, Suriya, Ermənistan kimi ölkələrin sakinləri də qaçqın düşərgəsində azərbaycanlı görən kimi ölkəmizin vəziyyətini anlayır. Status alana və evə köçənə qədər bütün əcnəbilər, yerli dövlət qurumlarının nümayəndələri, qonşular – bir sözlə, hər kəs öz ölkəsindən qaçqın düşmüş azərbaycanlıya baxıb onun ölkəsinə dəyər verir. Və bütün bunlardan sonra bəzi vətənşüvənlər başlayırlar ki, ölkəmizi təbliğ etmək lazımdır. Guya, onlar Azərbaycanda ali məktəbi diasporaçılıq ixtisası üzrə bitirib və Avropanın müxtəlif ölkələrinə təyinat alıblar…
İnsanın öz ölkəsini təbliğ etmək istəyi normaldır. Amma evini reklam etdirmək istəyən adam öncə evin içini zibillərdən təmizləyər ki, görən də desin “afərin”. Yoxsa, yaşadığı ölkənin dövlət qurumlarında Əliyevləri o ki var baltalayıb, status alandan sonra onların təbliğatçısına çevrilmək ən azı iki üzlülükdür. Ona da əmin olun ki, zaman gələcək bu ölkələrdə hansısa əcnəbi və ya azərbaycanlı mütəxəssis araşdırma aparıb dediklərinizi kitab halında çap edəcək. O zaman bunları oxuyanlar üzünü qəbirlərinizə tutub deyəcəklər “tfu sizin üzünüzə, ölülər”. Bu, yüz faiz belə olacaq. Buna əmin ola bilərsiniz.  
O ki qaldı Niderland Krallığında diaspora ilə məşğul olduğunu iddia edənlərə, onlar barədə növbəti yazılarda söhbət açacağam. Çünki söhbət təkcə diaspora adıyla külli miqdarda pul mənimsənilməsindən yox, həm də diaspora deyəndə ancaq Moskva bazarındakı azərbaycanlılar anlamını başa düşən birinin bu sahədə at oynatmasından gedir. Bu şəxs həm də Benilüks ölkələrindəki diasporanın “xaç atası” sayılır…