Amerikalı ekspertlər Azərbaycandakı senzuradan yazdı

“Hökumət vətəndaşların dünya ilə əlaqəsini kəsmək üçün bütün imkanlardan istifadə edir”

“Tunis və Misirdə baş verənlər Azərbaycan hakimiyyətini qorxuya saldı və o, daha aqressiv addımlar atmaq qərarı verdi”

ABŞ-ın “slate.com” bloqunda Azərbaycanla bağlı məqalə dərc olunub. Məqalənin müəlifləri Vaşinqton Universitetinin keçmiş sovet ölkələri üzrə ekspertləri Keti Piirs və Sara Kendzordur. Ekspertlərin birgə qələmə aldığı məqalə Azərbaycan hakimiyyətinin sosial media, çap mediası və internetə qarşı kampaniyasından bəhs edir. Vaşinqton Universitetinin ekspertləri yazır ki, “Eurovision” kimi nüfuzlu musiqi yarışmasına ev sahibliyi etməsinə baxmayaraq Azərbaycan avtoritar ənənələrin inkişaf etdiyi ölkələrdən biridir.

“Mayın 22-də keçmiş sovet ölkəsi Azərbaycan “Eurovision” musiqi yarışmasına ev sahibliyi edəcək. ABŞ-da bu yarışma bir o qədər populyar olmasa da, Avropanın ən nüfuzlu və reytinqli mədəniyyət tədbiridir. Yarışmanı yüz milyonlarla insan izləyir. Azərbaycan hökuməti yarışmanın təşkilinə 700 milyon dollardan çox pul xərcləyir. Hökumət yarışmadan yaxşı mənada imic formalaşdırmaq üçün yararlanmağı qarşısına məqsəd qoyub. Lakin dünya Azərbaycanı başqa imicdə görür. Hökumət vətəndaşların dünya ilə əlaqəsini kəsmək üçün bütün imkanlardan istifadə edir”, – deyə məqalədə vurğulanır.

Ekspertlr daha sonra yazır ki, Azərbaycan hökuməti ötən illər ərzində mətbuat və internetə qarşı aqressiv kampaniya aparıb. Media hücum və təzyiqlərə məruz qalıb. Televiziyalarda “Facebook və “Twitter” kimi sosial şəbəkələr əleyhinə kampaniya aparılaraq onların “ailə faicələrinə” səbəb olduğu deyilir. Ötən ilin martında ölkənin baş psixiatrı sosial şəbəkələrin insanları pis rəftar və davranışlara sürüklədiyini bildirdi. Ötən ay isə ölkənin Daxili İşlər Nazirliyi “Facebook” sosial şəbəkəsinin insan alverində yardımçı vasitə olduğunu açıqlaıyıb. 2011-ci ilin mayında Azərbaycan parlamentində cəmiyyətə mənfi effekt yaydığına görə sosial şəbəkələrə girişin qadağan olunmasını nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarılıb. Sosial media ölkənin həyatı əhəmiyyət kəsb edən problemlərindən birinə çevrilib.

Müəlliflər Azərbaycanda mətbuat üzərində senzuranın uzun tarixi olduğunu bildirib: “Sovet hakimiyyəti illərində bütün mətbu qurumlar dövlətin tam nəzarətində olub. Dissidentlər ciddi cəzalarla üzləşib. Azərbaycan 1991-ci ildə müstəqil olandan bu günə kimi dəyişən şey çox azdır. Təxminən bütün informasiya agentlikləri ya hökumətin tam nəzarətindədir, ya da hökumət tərəfindən idarə olunur. Bir neçə müxalif jurnalist təzyiqlər, fiziki zorakılıq, həbs, hətta ölümlə üzləşib. Ən avtoritar ölkələrdən biri olan Azərbaycan internetə yanaşdığı kimi, çap mediasına da eyni münasibəti sərgiləyir. Çap mediası üzərində də ciddi senzura tətbiq olunur”.

Keti Piirs və Sara Kendzorun yazdığına görə, hökumətin sosial və çap mediası üzərinə hücum strategiyası hakim elitaya bir müddət uğur qazandıra bildi. Lakin 2011-ci ildə Tunis və Misirdə baş verənlər hakimiyyəti qorxuya saldı. Azərbaycan hökuməti daha aqressiv addımlar atmaq qərarı verdi. Vətəndaşların fikirlərini sərbəst ifadə etməsi və kollektiv şəkildə problemləri müzakirəyə çıxarmasını önləmək məqsədiylə sərt üsullara əl atıldı. İnsanlar üzərində qorxu mühiti yaradıldı. Bəziləri sosial şəbəkələrdə öz adları ilə yox, “saxta” adlarla fəaliyyət göstərməli oldu.

Məqalədə ölkəmizin internet və sosial mediadan istifadəyə görə qonşu Ermənistan və Gürcüstandan geridə dayandığı vurğulanıb: “Azərbaycan internetin istifadəsinə görə geriyə doğru addımlayır. Onun qonşuları Ermənistan və Gürcüstanda internetdən gün ərzində vətəndaşların 20 faizi istifadə edirsə, Azərbaycanda bu rəqəm 7 faizdir. Ermənistan və Gürcüstanda vətəndaşların 40 faizinin evində kompyuter var, Azərbaycanda isə 15 faiz vətəndaşın. Ermənistan və Gürcüstanda vətəndaşların 35 faizinin evində internet var, Azrbaycanda isə 11 faizin”.