cingiz-aslan-ixtiyar

Vəkillə sabiq prokurorlar arasında qalmaqal

cingiz-aslan-ixtiyarAslan İsmayılovun Ixtiyar Şirinovla Çingiz Qənizadəni ittiham etməsi cavabsız qalmadı

Tanınmış vəkil Aslan Ismayılov 1993-cü ilin Gəncə hadisələri barədə “Azadlıq” qəzetinə müsahibəsində o vaxtkı baş prokuror Ixtiyar Şirinov və o vaxtkı Bakı şəhər prokuroru Çingiz Qənizdəyə qarşı bir sıra ittihamlar irəli sürüb.
Vəkil deyib ki, Ixtiyar Şirinov baş prokuror təyin ediləndən sonra onu işdən çıxarmaq istəyib: “Səbəb o idi ki, mən Ixtiyar Şirinovu törətdiyi qanunsuzluqlara görə tənqid edirdim.  Kollegiya iclaslarında onun baş prokuror təyin olunmasından sonra Respublika Prokurorluğunda baş verən qanunsuzluqları açıq şəkildə deyirdim. Bütün bunlar isə Ixtiyar Şirinovun xoşuna gəlmirdi. Xalq Cəbhəsi hakimiyyətə gələndən dərhal sonra Mətləb Mütəllimov baş prokuror əvəzi oldu.
Mətləb Mütəllimov baş prokuror əvəzi işlədiyi müddətdə xeyli adamı vəzifəyə təyin etdi. Heç kimdən təmənna ummadı. Amma Ixtiyar Şirinov baş prokuror təyin olunandan sonra vəziyyət dəyişdi. Respublika Prokurorluğunda rüşvət və korrupsiya çiçəklənməyə başladı. Məsələn, məni Gəncə prokurorluğunda yoxlamaya göndərmişdilər. Gəlib rəy hazırladım, amma rəy nəzərə alınmadı. Vəzifəyə pulla təyin etmələr başladı. Mən də bunu iclaslarda deyirdim. Ixtiyar Şirinov Respublika, Çingiz Qənizadə isə Bakı Prokurorluğunu rüşvət yuvasına çevirmişdi”
Deputat Çingiz Qənizadə “Azadlıq”a açıqlamasında Aslan Ismayılovun fikirlərinin əsassız olduğunu bildirib. Deputatın sözlərinə görə, o Bakı prokuroru vəzifəsində işlədiyi dövrdə Aslan Ismayılovu tanımayıb: “Heç tanımaq da istəməmişəm. Aslan Ismayılov iddia edir ki, guya mənim iki şöbəni birləşdirib idarə yaratmaq və onu həmin idarəyə rəis təyin etmək niyyətim olub. Bu tamamilə yalandır. Mənim savadlı şöbə rəislərim olub ki, hazırda da həmin şəxslər yüksək vəzifədə çalışırlar. Mənim Bakı prokurorluğunu rüşvət yuvasına çevirməyimə gəlincə, ola bilər ki, mən bu fikirlərinə görə Aslan Ismayılovu məhkəməyə verim. Digər tərəfdən sizin qəzetiniz vasitəsilə mənim dövrdə işləyən, prokurorluğa işi düşən şəxslərə müraciət edirəm, əgər rüşvətlə bağlı faktları varsa ”Azadlıq” qəzetinə təqdim etsinlər. Aslam Ismayılov da ortaya fakt qoysun. Bir məqamı diqqətinizə çatdırım ki, 4 iyun hadisələrindən sonra o zaman baş prokuror Əli Ömərovun göstərişi ilə Bakı prokurorluğunda yoxlamalar aparılıb. Əli Ömərov mənim təyin etdiyi prokurorları bir-bir çağırıb soruşub ki, vəzifəyə təyin olunmaq üçün Çingiz Qənizadəyə nə qədər pul vermisən? Artıq 7-ci prokuror deyəndə ki, vəzifəyə təmənnasız təyin olunub, Əli Ömərov dözməyərək mənim haqqımda deyib: “Ə, bunun başı xarab imiş ki, vəzifəyə adamları pulsuz təyin edirmiş”. Ona görə də Aslan Ismayılov bu cür yalanlar danışmaqla özünü gündəmdə saxlamağa çalışmasın”.
Ixtiyar Şirin isə azpolitika.com-a açıqlamasında deyib ki, ona qarşı irəli sürülən ittihamlar əsassız və yalandır: “Adam, xüsusilə hüquqşünas dediyi sözün məsuliyyətini anlamalı və onu sübut etməyi bacarmalıdır. Əgər bunu edə bilmirsə, deməli bu yalandır. Hüquqşünas olmuş, prokuror işləyən və hazırda vəkilliklə məşğul olan şəxsin əsassız ittihamlar irəli sürməsinə təəssüf edirəm. Bu faciədir. Mən məhkəməyə müraciət edəcəyəm. Aslan Ismayılov dediklərini sübuta yetirməlidir”.