Şirvandakı «Qarasu» Əməliyyat Şirkəti qapalı qurum kimi fəaliyyət göstərir
Vətəndaş nəzarətinə imkan verilmir, göndərilən sorğularsa cavablandırılmır
Üç Həsənov, bir problem
Şirvana səfərimizdə “Qarasu”nun hüquqları pozulmuş işçilərindən üçü ilə görüşdük. Maraqlıdır ki, görüşdüyümüz hər üç şəxsin soyadı Həsənovdur. Sırf təsadüf bu üç Həsənovu yazımızın qəhrəmanı etdi. Məmmədəli Həsənov texnikum bitirib, elektrik ixtisasına yiyələnib. Uzun illər bu şirkətdə çalışıb. Əvvəl 4-cü, sonra isə 5-ci dərəcə alıb. Amma zəhməti, peşəkarlığı hesabına aldığı bu dərəcə ona heç bir fayda verməyib. 5-ci dərəcənin maaşını almaq üstündə dəfələrlə söz-söhbət yaransa da istəyinə nail ola bilməyib.
2006-cı ilin sentyabrında isə məzuniyyətə çıxanda problemlər yaranıb. Onun sözlərinə görə, “Qarasu”nun baş energetiki Rafiq Ismayılov bu problemlərin yaradıcılarındandır. Belə ki, mühasibatda onu texnik-elektrik kimi məzuniyyətə göndərmək istəsələr də, R.Ismayılov bunun səhv düşdüyünü, M.Həsənovun belə vəzifə tutmadığını deyib. Əsas narazılıqlar da bu olaydan sonra başlayıb. M.Həsənovun fikrincə, onun adına başqa vəzifə də olub və bu pullar mənimsənilib. O, baş verənlərlə bağlı Rövnəq Abdullayevə məktubla müraciət edir. ARDNŞ-dən cavab almasa da, “Qarasu”dan bildiriblər ki, bir də belə müraciətləri olsa, işdən çıxarılacaq. “Mənə dedilər ki, Rafiq Ismayılov sənə yeni vəzifə verəcək. 5-ci dərəcə söhbətini yığışdır. Həqiqətən də bir müddət sonra məni ofisə işə keçirdilər”. Saysız müraciətlər, yazışmalar maaşa təsir göstərməyib. Onun sözlərinə görə, şirkətdə qohumluq, tanışlıq, rüşvət böyük rol oynayır. Peşəkarlar işdən uzaqlaşdırılır, mütəxəssis olmayanlar qabağa çəkilir.
M.Həsənovun sözlərinə görə, onun kimi köhnə işçilərin şirkətdən uzaqlaşdırılması məqsədyönlü siyasətin nəticəsidir: “Köhnə işçilər burda baş verənlərdən xəbərdardır. Məsələn, bacarıqlı işçilər var. Cəbrayıl Zeynalov kimi. Xarab olmuş mühərrikləri təmir edib istismara verirdilər. Rəhbərlik isə bu mühərrikləri təzə kimi sənədləşdirir. Guya təzə mühərrik alınıb adıyla pullar mənimsənilir. Bundan əlavə, ”Şirvanneft” dövründən yeraltı kəmərlər var. Xaricilər bu kəmərin mövcudluğundan, haradan keçməsindən xəbərsizdir. Rəhbərlik bu yolla da nefti mənimsəyir. Bütün bunlardansa biz köhnələr xəbərdarıq. Bizim vurulmağımızın, min bir bəhanə ilə işdən qovulmağımızın başlıca səbəbi budur. Şikayətçi düşəndən sonra məni xaricilərin gözündən salmaq üçün pis, intizamsız işçi kimi qələmə verdilər. Mənə şiddətli töhmət verildi. Şirkətin rəhbərinə (Qrimm) dərdlərimi, problemləri onların öz dilində (ingiliscə – R.H.) yazandan sonra vəziyyət dəyişdi. Sən demə, yerli rəhbərlər tərcüməçini ələ aldıqlarından o, hər şeyi səhv tərcümə edirmiş. Mənim məktubumdan sonra Qrimm tərcüməçini işdən qovdu”. 2008-ci ildə kanadalılar “Qarasu”dan uzaqlaşdırılandan sonra şirkət ruslara verilir. 2009-cu il oktyabrın 2-də isə M.Həsənovun əmri verilir: “Əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə əmək müqaviləsinə xitam verilsin”.
Altında imza da var. Muxametzyanov A.M. “Qarasu” əməliyyat şirkətinin prezidenti.
Bundan sonra M.Həsənov Mehriban Əliyevaya müraciət edir və Fond həmin müraciəti Əmək Müfəttişliyinə göndərir. Əmək Müfəttişliyi isə, M.Həsənovun sözlərinə görə, cavabı qəsdən yubadır ki, məhkəməyə müraciət müddəti keçsin. Amma M.Həsənov məhkəməyə müraciət edir. Vəkilə (Ruslan Mirzəyev) 250 manat da pul ödəyir. Şirvan məhkəməsinin hakimi Xaliq Imanov cavabdeh tərəfin “haqqını” tanıyır, Şirkətin xeyrinə qərar çıxarır. Baxmayaraq ki, şahid ifadələri Məmmədəli Həsənovun haqlı olduğunu üzə çıxarır. Sonra Apelyasiya Məhkəməsi də 1-ci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayır. Qarşı tərəf qüvvəli olduğunu burada da “sübuta” yetirə bilir…
Hakimin etirafı: “Qarşı tərəf güclü və pulludur”
Məmmədhəsən Həsənov da burada 1990-cı ildən işləyir. Sonuncu işi baş operator olub. Onun sözlərinə görə, 2002-ci ildə şirkətin rəhbəri Fill Midd işçiləri kütləvi şəkildə müxtəlif adlarla ixtisara salıb. Qısa zamanda işçilərin sayı 1400 nəfərdən 700-ə endirilib. “YAP-ın binasında toplantı keçirib işçiləri təntənəylə yola saldılar. Etirazımız eşidilmirdi. Ona görə qərara gəldik ki, Həmkarlar Komitəsi yaradaq. Bu məqsədlə 2002-ci ilin ortalarında təsis yığıncağı keçirdik. Iclasa 86 nəfər qatılmışdı. Yığıncağın yekdil qərarıyla həmkarların sədri seçildim” – bunu da M.Həsənov deyir. Sonra imzatoplama kampaniyası aparılır və 101 işçinin imzasıyla şirkət rəhbərinə onları qəbul edib dinləməsi məqsədilə müraciət olunur. “Məktubu araşdırmaq əvəzinə işçilərə total hücum başlandı, hətta bəziləri izahat verdilər ki, guya onlar müraciəti oxumadan imza atıblar”. Sonra məhkəmə prosesləri başlanır. 2002-ci ildə Səbayel Rayon Məhkəməsi, Apelyasiya Məhkəməsi, bir sözlə, bütün instansiyalar keçilir və iş Avropa Məhkəməsinə göndərilir. Amma gec. Avropadan cavab gəlir ki, şikayət müddətini ötürmüsüz. M.Həsənov müraciəti gecikdirdiklərini etiraf etməklə yanaşı vurğulayır ki, Apelyasiya Məhkəməsinin hakimi onlarla açıq danışıb: “Qarşı tərəf güclü və pulludur”.
Muşovdağ 5 metr balacalaşıb
Daha bir Həsənovu dinləyək. Rəşadı. O da “ixtisar”a düşənlərdəndir. Amma Rəşad işdən çıxarılmağının siyasi səbəblərlə bağlı olduğunu deyir: “Işə həmişə məsuliyyətlə yanaşmışam. Siyasi fəaliyyətimin işə dəxli olmayıb. Amma bunlar işi siyasətə qatdılar. Mən baş usta işləyirdim. Məni uzaqlaşdırmaq üçün vəzifəmi ixtisara saldılar. Sonra yerimə başqa adla işçi götürdülər. Ad ayrı olsa da, funksiya eynidir, mən gördüyüm işi görür”. Rəşadın sözlərinə görə, bu şirkətdə başlıca problemlərdən biri həmkarlar təşkilatının olmamasıdır. Buna görə daim ciddi problemlər yaşanır. Stajlı işçilərə fərq qoyulmur, əmək hüququ addımbaşı pozulur. Bunlardan da betəri ekologiyaya vurulan zərbədir: “Kanadalılar buranı işlədəndə ekologiyaya xüsusi fikir verirdilər. Onların, bizi qane etməsə belə, ekoloji siyasətləri vardı. Ətraf mühitin qorunmasına çalışırdılar. Qır gölməçələri izolyasiya edilirdi. Onların vaxtında 70 quyu qazılıb istismara verildi. Amma ruslar şirkətə gələndən bir quyu belə qazılmayıb, qazma meydançaları isə bərbad vəziyyətə salınıb. Hər yan qır gölməçələridir. Ətraf mühitin mühafizəsi ilə bağlı heç bir iş görülmür. Qazmada istifadə olunan reagentlər(kimyəvi maddədlər) təmizlənməlidir. Amma təmizlənmir. Bundan başqa, ruslar yeni avadanlıqlar almır, təhlükəsizliyə əməl etmir, yalnız quyuların istismarı, daha çox neft çıxarmaq… onları düşündürən budur”.
R.Həsənovun sözlərinə görə, quyulara vurulan lay suları Muşovdağa da öz təsirini göstərib. Son illərdə dağ təxminən 5 metr alçalıb.
Bundan başqa, xaricilərdən çox yerli rəhbərlər işçilərlə kobud davranır. Bunun da başlıca səbəblərindən biri baş alıb gedən işsizlikdir: “Bir gedənin yerinə gəlmək üçün 10 nəfər növbəyə dayanıb, həm də əlində pulu. Bu da rəhbərlərin əl-qolunu açır. Özbaşınalıqlara imkan yaradır. Vətəndaş nəzarətinin, həmkarların olmaması əmək hüquqlarının davamlı pozulmasına gətirib çıxarır. Quyuların əsaslı təmiri sexinin Nofəl adlı rəisinin kobud rəftarı səbəbindən 48 nəfər ərizə verib işdən getdi. Çirkli pulların yuyulmasında da bu öirkətin ”əvəzi” yoxdur”.
2011-ci ilin mayında işdən çıxarılan Rəşad Həsənov Nəsimi Rayon Məhkəməsində iddia qaldırıb. Amma hakim Ikram Şirinov qarşı tərəfin xeyrinə qətnamə çıxarıb…
Keçən günlərimi qaytaraydılar…
Burda söz gəzir ki, kanadalılar yenidən “Qarasu” şirkətini almaq istəyir. Həm ekologiyaya, həm də işçilərə dəyər verdiyindən adamlar kanadalıların qayıtmasını arzulayır. Amma bunun inandırıcı olmadığını deyənlər də var. Onlar işçiyə dəyər verən, ekologiyanın qayğısına qalan şirkətin qayıtmasının yalnız arzu olduğunu deyirlər…
Rövşən Hacıbəyli
Yazı Gəlirlərə Nəzarət Institutunun dəstəyi ilə hazırlanıb