Çingiz Mustafayev: «Kimlərsə atamın müsahibəsindən istifadə edərək mənə qarşı haqsızlıq etdilər»
“Mənə qarşı haqsızlıq olunub və 12 ildir ki, mən haqsız yerə işdən çıxarılmağımla bağlı ölkə rəhbərliyinə müraciətlər edirəm, heç bir nəticəsi yoxdur”. Bu sözləri “Azadlıq”a Respublika Prokurorluğunda şöbə rəisi vəzifəsində çalışmış, hüquq elmləri doktoru Çingiz Mustafayev deyib. Onun sözlərinə görə, 2000-ci ildə Zakir Qaralov baş prokuror təyin ediləndən sonra prokurorluq orqanlarından xaric edilib:
“Mənə hələ də aydın deyil ki, niyə ixtisara salınmışam. Mən 10 il prokurorluq orqanlarında çalışmışam. Işlədiyimi müddət ərzində bircə belə nöqsana yol verməmişəm. Gedib araşdıra bilərsiniz. Əksinə prokurorluq orqanlarında işlədiyim dövr ərzində 2 dəfə mükafatlandırılmışam. 1998-ci ildə Baş prokurorun müvafiq əmrinə əsasən yaxşı işlədiyimə görə təşəkkür almışam, 1999-ci ildə isə Baş prokurorun müvafiq əmrinə əsasən mənə vaxtından əvvəl Baş ədliyyə müşaviri rütbə dərəcəsi verilib. Eyni zamanda mən 1996-cı ilin aprel ayında Rusiya Federasiyası Prokurorluğunun nəzdində fəaliyyət göstərən Elmi Tədqiqat Institutunda ”Əmlak talanına qarşı mübarizənin cinayət-hüquqi problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək hüquq elmləri doktoru dərəcəsini almışam. Bu sahə üzrə təvəzökarlıqdan uzaq olsa da, deməliyəm ki, bu günə qədər prokurorluq orqanlarında çalışmış belə bir titulu olan bir neçə adamdar biriyəm”. Çingiz Mustafayev bildirib ki, ixtisara salınması qərəzlidir. Onun fikrincə, ona qarşı haqsızlığın kökündə atası Sosialist Əməyi Qəhrəmanı, Azərbaycanın tanınmış dövlət və ictimai xadimi Feyruz Mustafayevin 1998-ci ildə “Yeni Müsavat” qəzetinə verdiyi müsahibə dayana bilər: “Atam həmin müsahibədə Heydər Əliyev hakimiyyəti barədə obeyktiv fikirlər səsləndirmişdi. Yəni, başqaları kimi nə hər şeyin ağ, nə də qara olduğunu demişdi. Tam obeyktiv bir müsahibə idi. Mənim atam Heydər Əliyevin qızğın tərəfdarlarından biri olsa da, obyektiv danışmağı sevən adam olub. ”Yeni Müsavat” qəzetinə verdiyi müsahibə də özünün mövqeyini bildirib. Amma kimlərsə atamın müsahibəsindən istifadə edərək mənə qarşı haqsızlıq etdilər. Müsahibədən sonra prokurorluqda mənə münasibət dəyişdi. Açıq-aydın hiss edirdim ki, əvvəllər mənimlə çox yaxın münasibətdə olan, səmimi görüşən həmkarlarım indi mənə salam verməyə ehtiyat edir. Bir müddət belə davam etdi. Nəhayət, məni işdən çıxardılar”. Hüquq elmləri doktoru hesab edir ki, atasının müsahibəsinə görə onu işdən çıxaranlar özlərini Heydər Əliyevə sadiq adam kimi göstərməyə çalışsalar da, əslində onun ətrafında sədaqətli kadrları vurub sıradan çıxarmaqla məşğul olublar: “Bu proses bu gün də davam etməkdədir. Təsəvvür edin, mənim atam məhz Heydər Əliyevin sayəsində yüksək vəzifələr tutub, əmək qəhrəmanı olub. Heydər Əliyev həmişə ona etimad göstərib, atam da bu etimadı doğruldub. Bu gün də prezident təqaüdçüsüdür. Heç bir qrupda təmsil olunmayıb, intriqalarda iştirak etməyib, vəzifəsini yerinə yetirməklə məşğul olub. Bütün hakimiyyətlər dövründə həmişə Heydər Əliyevi müdafiə edib. Mənim özüm də Heydər Əliyevin kadrıyam. Onun göstərişilə 1977-ci ildə hüquq fakultəsinə, daha sonra aspiranturaya daxil olmuşam. Təhsilim həmişə onun nəzarətində olub. Prokurorluq orqanlarında son dövrdə tutduğum əsas vəzifələrə məhz onun razılığı əsasında təyin olunmuşam. Əgər mənim hər hansı bir ciddi nöqsanım olsaydı, yəqin ki, işdən çıxarılmağımda maraqlı olan şəxslər, məni daha ciddi əsaslarla işdən çıxarardılar. Heç nə əldə etmədiklərinə görə uğursuz və qanunsuz ixtisar metodundan istifadə ediblər”. Çingiz Mustafayev bildirib ki, işdən çıxarılması ilə bağlı məhkəmələrə üz tutub. Lakin orada da ədaləti tapa bilməyib. “Çünki məni işdən çıxaranların məhkəməyə təsir etmək imkanları da var” deyə müsahibimiz bildirib. Çingiz Mustafayev deyib ki,: “Mən hazırda heç yerdə işləmirəm. Çünki prokurorluq orqanlarında yüksək vəzifələrdə işləmiş və sonradan xaric edilmiş bir adamı heç kimə işə götürmək istəmir. Hamı ehtiyatla yanaşır. Mən dəfələrlə işə düzəltmək üçün dövlət qurumlarına yazılı və şifahi müraciətlər etmişəm amma nəticəsi olmayıb. Bircə ona şükür edirəm ki, elmlər doktoru kimi namizədlik və doktorluq dissertasiyalarının müdafiə üzrə şuranın üzvü kimi fəaliyyəti göstərirəm. Təbii ki, bu da daimi iş yeri deyil. Mən başqa yerdə iş istəmirəm. Mənim əsas iş yerim prokurorluq orqanları olub. Mənim gələcək sosial təminatım da həmin orqanlardakı fəaliyyətimlə əlaqədar olmalıdır. Lakin bu imkandan məhrum edilmişəm. Bütün bunlar mənə və ailəmə çox böyük mənəvi zərbə vurub. Təsəvvür edin, 5 ildən 15 ilə qədər iş stajı olan xeyli şəxs ixtisara salındıqdan sonra təzəcə ali məktəbi bitirmiş onlarla insan işə qəbul edilir. Bu paradoks deyil, bəs nədir?!”. Çingiz Mustafayev deyir ki, məsələni ictimailəşdirməyə məcbur olub. Onun fikrincə, ölkə başçısına ünvanladığı müraciətlər ona çatdırılmır. Mən ”Azərbaycan” qəzetinə də müraciət etdim. Lakin onlar belə müraciət qəbul etmədiklərimə görə “Azadlıq”a üz tutdum. Ümid edirəm ki, artıq bundan sonra məsələni ölkə rəhbərindən gizlədə bilməyəcəklər. Və ölkə başçısı mənə qarşı haqsızlıqdan agah olub, müvafiq tədbirlərin görülməsini təmin edəcək”.
Dosye
Mustafayev Çingiz Feyruz oğlu 28 iyul 1959-ci ildə Xanlar(indiki Samux ) rayonunun Samux kəndində anadan olub. 1976-cı ildə isə Xanlar rayonunun 3 saylı orta məktəbini bitirib. 1976-cı ildən 1977-ci ilin iyul ayınadək Xanlar rayonunun mexaniki zavodunda fəhlə işləyib. 1977-ci ildən 1982-ci ilədək Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi olub. 1982-ci ildən 1985-ci ilədək Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və Hüquq Institutunun aspirantı olub. 1986-cı ildə SSRI Elmlər Akademiyasının Dövlət və Hüquq Institutunda “Sovet cinayət hüququnda inzibati preyudisiya” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsini alıb. 1987-ci ilin dekabr ayından Azərbaycan SSR Ədliyyə Nazirliyində şöbə rəisi, 1989-cu ilin iyun ayından isə həmin nazirliyin nəzdində fəaliyyət göstərən Hüquq Kadrlarının Təkmilləşdirilməsi Institutunda kafedra müdiri əvəzi, 1990-cı ilin aprelindən Bakı Şəhər Prokurorluğunun Ümumi nəzarət şöbəsinin prokuroru, rəisi, 1992-ci ilin iyun ayından Azərbaycan Respublikası Prokurorluğunun Mülki işlər üzrə məhkəmə aktlarının qanuniliyi üzərində nəzarət idarəsinin prokuroru, böyük prokuroru, 1994-cü ilin aprel ayından Azərbaycan Nəqliyyat Prokurorluğunun Təşkilat-analitik şöbəsinin rəisi, nəqliyyat prokurorunun böyük köməkçisi, 1997-ci ilin avqust ayından 1998-ci ilin iyul ayınadək Azərbaycan Respublikası Prokurorluğunun Qanunvericilik şöbəsinin rəisi, 1999-cu ilin may ayınadək həmin prokurorluğun Elm və tədris idarəsinin rəisi, 2000-ci ilin iyulunadək isə Azərbaycan Respublikası Prokurorluğunun Milli təhlükəsizlik orqanlarında və silahlı qüvvələrdə qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifələrində işləyib.