Heyrət damarınız qurudumu?

İşğal ordusunun fəsadları eyni nəticələr yaradır

Hər gün bir xəbər alacaqsınız. Azərbaycanın qızılı, gümüşü, misi, dəmiri, torpağı, ağacı, suyu, otu-otlağı, örüşü, axuru-naxırı,.. Ilham Əliyevin biznes proyektlərində yer alıb deyə. Və təəccüblənməyəcəksiniz. Çünki bu zamana qədər aldığınız xəbərlər sizin heyrət hissiyatınızı döyənək edib.
Onlar 1996-cı ildən Azərbaycanı qarış-qarış mənimsəməyə başlayıblar. 1993-cü ildə topdan götürdükləri ölkəni əldə saxlamaq üçün onu pərakəndə göstəriciləri ilə birlikdə özəlləşdirməyə başladılar.
Yalnız bir dəfə heyrətləndim: 1996-da. Şamaxıda, Pirqulu meşəsində ayı boyda bir mühafizəçi üstümə yürüyüb: “burada dincələ bilməzsiniz, buranı özəlləşdiriblər… Buranı Aqil Əliyev özəlləşdirib” deyəndə heyrətləndim və daha heç zaman heyrətlənə bilmədim. Azərbaycanı Vətən olmaqdan çıxarıb dükan kimi istismar edənlərin zəmanəsi başlamışdı və daha heyrətin-təəccübün bir anlamı yoxdu.
Bu qədər harınlıqla yanaşı bunlar hələ təhlükəli saydıqları mövzulara buynuz qıcırtmaqdan da çəkinmirlər. Guya ki, bu həqiqətlərin ictimailəşməsi bunların vecinədir.
Dubay olayları çıxanda Prezident Administrasiyasının mediatikləri haray-həşir saldılar ki, prezidentin qohumları bizneslə məşğuldular. SilkWay ve banklar söhbətində səs-səmir çıxmadı. Saat məsələsində həmin mediatiklər daha bir həşir saldılar. Sonra Daşkəsən qızılları bu haray-həşirə su səpdi. Daha nələr çıxacaq?
Bir tanışım deyir ki, bu faktların üstünün açılması cəmiyyəti bu cür dəhşətlərə öyrəncəli edir. Guya bunların üstünün açılmaması daha effektli olarmış.
Cəmiyyət Azərbaycanda kimin hansı cinayətlərlə məşğul olduğunun fərqindədir, onsuz da. Adamlar çox yaxşı bilirlər, prezident ailəsinin iqtisadi cinayətləri ölkəyə neçəyə başa gəlir? Ona başa gəlir ki, bir addım sonrakı pillələrdə əyləşən xanədan satrapları əhalini toz yerinə də qoymadan onu var-yoxdan çıxarmaqla məşğuldurlar.
Jurnalistlər də Çovdar sakinləri deyil ki, “prezidentimizə qurban olum”, deyib kövrək gözlərinin yaşını silsinlər. Hərçənd, belələri də var. Məsələn, əgər iki-üç ilə istifadəyə verilsə, prezidentin jurnalistlər üçün tikdikləri mənzilləri alanların arasında sevincdən bayılanlar da olacaq. Amma daha o qədər yapma bir şəkildə ki, Allah göstərməsin.
“Ağası gülüm olanın başına külüm olar”, deyiblər. Prezidentin birbaşa korrupsiya ilə bağlandığı və hakimiyyətinin şərti olaraq korrupsiyanı tərcih etdiyi bir ölkədə hansısa nazirdən, oliqarxdan nə gözləməlisən ki? Zatən, bütün bu yolsuzluq onun özünün təşkil etdiyi yoldur və bu yoldan keçməyənlər Azərbaycanın cinayətkar idarəçiliyində yer ala bilmir…
Facebookda tükürpədən qəfil bir çığırtı qopdu:
“Azərbaycan Müəllimlər Institutunun Şamaxi filialinda diplom üçün ibtidai metodika qrupundan 1000, digər qruplardan 800 AZN pul yığılır. RÜŞVƏT ALIRLAR BIZDƏN”!
Prezidentin korrupsiyanı təşkil etdiyi bir ölkədə hansısa əyalət institutundakı rüşvət faktını bu qədər həyəcanla səsləndirməyin heç bir anlamı yoxdur, axı. Azərbaycan işğal ordusunun qarətinə verilmiş ölkədir.
Bu işğal ordusu ölkədən qovulana qədər bu qarət davam edəcək.
Polkovnik Isa Sadıqov erməni qəddarlığından bəhs edərkən əsaslandırmışdı ki, ermənilər bunu hərbi-psixoloji üstünlüyü təmin etmək, vahimə yaratmaq üçün edirlər.
Azərbaycanda təşkil edilən korrupsiya da yalnız varlanmaq üçün deyil, həm də vahimə yaratmaq üçündür. Bu iki işğal ordusunun tətbiq etdiyi metodlar, demək olar, eynidir. Eyni nəticələr əldə etmək üçün tətbiq edilir.
Heyrət damarınız tamam-kamal döyənək olubsa, heyrətlənməyə cəhd etməyin, sadəcə situasiyanı soyuqqanlı şəkildə təhlil edin: bu yaramazlıqdan necə xilas olmaq mümkündür?