Meriya müxalifətə yenə «20-ci sahə»ni təklif etdi
Bakı Şəhər Icra Hakimiyyəti Ictimai Palatanın mayın 13-nə təyin etdiyi aksiyaya dair müraciətinə cavab verib. Koordinasiya Şurasının üzvü Rafiq Manaflı bildirib ki, şəhər meriyası aksiyaya 20-ci yaşayış sahəsində yerləşən sürücülük məktəbinin stadionunu ayırıb:
“Ictimai Palata yürüş-mitinqi ”Dərnəgül” metrosunun qarşısındakı meydana təyin edib. Bakı Şəhər Icra Hakimiyyəti aksiyanın orada keçirilməsini məqbul saymayıb. Buna səbəb kimi “Dərnəgül” stansiyasının qarşısında insanların və avtomobillərin intensiv hərəkət etməsi göstərilib. Bu, absurd cavabdır. Çünki ora şəhərdən kənardır, insanların və avtomobillərin intensiv hərəkət etdiyi ərazi deyil. Bakı Şəhər Icra Hakimiyyətində bir şablon cavab mətni var. Tarixini dəyişib bizə göndərirlər. Ictimai Palata 20-ci sahədə mitinq keçirməməyə qərar verib. Ona görə də mayın 13-də 20-ci sahədə mitinq keçirməyəcəyik”.
Rafiq Manflı bildirib ki, Ictimai Palata mayın 14-də Bakı Şəhər Icra Hakimiyyətinin qarşısında piket keçirəcək: “Piketlə bağlı müraciətimizə cavab verilməyib. Amma piketi istənilən halda keçirəcəyik”.