«Demokratiya naminə oxu!» kompaniyası Azərbaycanda insan haqlarının vəziyyətini müzakirə edəcək
“Demokratiya naminə oxu!” kampaniyası mayın 16-da “Park. INN” otelində “Azərbaycanda insan haqları: mövcud problemlər və gələcək perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirməyi nəzərdə tutur. Tədbirdə məqsəd “Eurovision-2012″ müsabiqəsi ərəfəsində ölkədə insan haqlarının durumuna dair müzakirələr apararaq iqtidara ünvanlanacaq təkliflər paketi hazırlamaqdır. Konfransda birinci paneldə ifadə azadlığı, jurnalist təhlükəsizliyi və yayım şəffaflığı, ikinci paneldə ölkədə siyasi və iqtisadi azadlıqların pozulması, üçüncü paneldə isə insan hüquqlarının müdafiəsi problemlərinin müzakirəsi gözlənilir.
”Demokratiya naminə oxu!” kampaniyası Azərbaycanda “Eurovision” keçirilən ərəfədə beynəlxalq ictimaiyyətin diqqətini insan haqları, media, mülkiyyət toxunulmazlığı sahəsindəki ciddi problemlərə yönəltmək məqsədi daşıyır. Belə ki, ölkənin demokratik qüvvələrinin vicdan və siyasi məhbusların azad edilməsi, söz və mətbuata basqıların dayandırılması, vətəndaşların əsassız olaraq mülkiyyət hüququndan məhrum edilməsinə son qoyulması kimi tələblərinə rəsmi Bakı məhəl qoymayıb. Bundan sonra bu ilin fevralında bir neçə müstəqil QHT və nüfuzlu ictimai şəxs adı çəkilən kampaniyanın formalaşmasına start veriblər. Hazırda 20-dən çox QHT və bir o qədər də fərd kampaniyada birləşir. Kompaniya təşkilatçıları adı çəkilən sahələrdə iqtidarın qanunsuz hərəkətlərinə və zorakılıqlarına dair videosüjetlər hazırlayıblar. “Eurovision-2012″ yarışması çərçivəsində Bakıya gələcək iştirakçıların, jurnalistlərin e-mail ünvanlarına müraciətlər göndəriblər. Bu müraciətlərdə müəlliflər müsabiqə iştirakçılarından Bakıda təkcə musiqi ifa etməklə kifayətlənməməyi, insan haqları sahəsində ağır duruma etirazlarını bildirməyi təklif edirlər. Artıq bir sıra iştirakçılardan bu təklifə müsbət cavab alınıb(Turan).


