2007-ci ildə xalq artisti adını alandan sonra şəxsiyyət vəsqəsinə sahib olan Süleyman Nəcəfovun həyat dramı «Azadlıq»da
O, darısqal, qaranlıq bir yerdə ömrünü başa vurdu. Bəlkə də heç nə dəyişmədi. Zirzəmidən zirzəmiyə yola salındı. Sağ ikən zirzəmidə, qaranlıqda yaşamağa məhkum oldu… Heç kimi yox idi, hamını fiziki mənada itirmişdi. Həyat yoldaşı və iki uşağını Irəvanda ermənilər öldürmüşdü, özünü isə bizimkilər.
Ona birotaqlı mənzil də qıymadılar ki, zirzəmidən çıxıb işıqlıqda yaşasın, yaratsın və… dünyasını dəyişsin. Qoca anasını isə Qocalar evinə göndərmişdi. Imkansızlıqdan, evsizlikdən…
Bəlkə də sizə qəribə gələr, söhbət xalq artisindən gedir – Süleyman Nəcəfovdan.
Xalq artisti ev nədir bilmirdi. Onun üçün mənzil, yuxulamaq üçün uzandığı taxta döşəmə Irəvan Dram Teatrı idi. Mübağiləsiz-filansız. Orada işləyirdi, elə orada da yatırdı. Irəvan Dram Teatrının yeri üç dəfə dəyişilib, o da üç dəfə zirzəmisini dəyişməyə məcbur olub. Teatr dördüncü dəfə binasını dəyişərsə, o, zirzəmisini dəyişməyəcək. Çünki…
Süleyman Nəcəfov kim idi?
Süleyman Paşa oğlu Nəcəfov 1948-ci ildə dünyaya göz açıb. 1966-cı ildə Xoreoqrafiya Texnikumunu bitirib. 1972-ci ildən o, Ermənistan Dövlət Rəqs Ansamblında rəqqas (solist) kimi fəaliyyət göstərib. 1976-cı ildən C.Cabbarlı adına Irəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor vəzifəsində işləyib. Onun bu teatrın səhnəsində yaratdığı Çingiz bəy (H.Cavid, “Maral”), Jena (G.Xuqayev, “Mənim qaynanam”), Oğru (M.B.Marinye, “Oğru”), Ziya Çalaqçı (Əziz Nesin, “Toros canavarı”), Ağamehdi (R.Ibrahimbəyov, “Qum üstündə ev”), Tamada (Əli Əmirli, “Müqəddəs Valentin günü”), Kərəməli (Hidayət, “Məhəbbət yaşayır hələ”), Məmiş (Hidayət, “Məni qınamayın”), Səlim, (C.Cabbarlı, “Aydın”), Süleyman, Rza bəy (Ü.Hacıbəyov, “Arşın mal alan”, “O olmasın, bu olsun”), Dərviş (M.F.Axundov, “Müsyö Jordan və Məstəli şah”), Təlxək (Şekspir, “Axırı xeyir olsun”) kimi müxtəlif janrlı obrazları yaddaqalan olub.
Zirzəmidə yaşayan xalq artistinin həyatı elə zirzəmi qədər qaranlıq və keşməkeşli olub.
1988-ci il hadisələri baş verəndə o, Bakıda qastroldaydı. O vaxt anasıyla bacısı Bakıda idi. Ona təkid edirdilər ki, Bakını tərk etməsin, burada yaşayan ermənilərdən birinin evinə girsin. Ailəsi Ermənistanda idi deyə razılaşmır. Geri qayıtdıqdan sonra isə yollar bağlanır və Bakıya dönə bilmir. Ermənilər onun Irəvanda olduğunu bilirlər. Evinə hücum edirlər, qaça bilmirlər, nəticədə başından güllə yarası alır. Başqa bir erməni qonşusunun yardımı ilə xəstəxanaya aparılır. Sağalanda isə həyat yoldaşını, biri birinci sinifdə oxuyan və o biri isə 5 yaşında olan oğlanlarının öldürüldüyünü eşidir. Heç dəfndə də iştirak edə bilmir.
1988-ci ildə ailəsini, evini itirəndən sonra birtəhər Tiflisə, oradanda Bakıya gəlir. Ilk işi Irəvan Dram Teatrının harada yerləşdiyini öyrənmək olur. O gələndə artıq iş yoldaşlarının çoxu imkansızlıqdan teatrdan uzaqlaşmışdı. Ancaq o, sənətindən ikiəlli yapışıb sevimli işini davam etdirir.
Aktyor, pinəçi, satıcı, balıqçı…
Çəkdiyi zəhmətin bəhrəsini görür. 2000-ci ildə Əməkdar artist, 2007-ci ildə isə Xalq artisti adını alır. Əməkdar artist adı alanda ona çatacaq 50 manatı ala bilmir. Çünki şəxsiyyət vəsiqəsi yox idi. “Pasport yoxdursa, mükafat da yoxdur” deyib həmişə yola salırlar. Yalnız Xalq artisti adı aldıqdan sonra şəxsiyyət vəsiqəsi götürə bilir. O da aktrisa Elmira Ismayılovanın köməkliyi ilə. Onu Nəsimi rayon Polis Idarəsinə aparıb çox çətinliklə şəxsiyyət vəsiqəsi ala bilir. Maaşı isə 157 manat idi, bunun da 50 manatı xalq artisti olduğu üçün.
Maddi sıxıntılar üzündən pinəçilik edir, balıq tutub bazarda satır. Bu azmış kimi teatrın öncəki binası ilə üzbəüz siqaret köşkü vardı, orada da satıcı işləyib. Teatra lazım olanda çağırırmışlar, məşq edib qayıdırmış.
Onun otaq yoldaşı pişik idi. Balaca və qara pişik. Bəzən o da onu tək qoyub gedirdi, ancaq insafsızlıq etməyib qayıdırdı.
Heç kimə əyilməyən xalq artisti
Biz Süleyman Nəcəfovun yaşadığı “mənzil”ə baş çəkmək üçün Irəvan Dram Teatrına gedirik. Nəsimi bazarının yaxınlığında yerləşən sözügedən teatr Binəqədi rayonuna köçübmüş. Burada isə Uşaq Teatrı yerləşir. Teatra ayaq basan kimi xalq artistinin zirzəmisini axtarırıq. Qarşımıza çıxan gözətçi gəlişimizin səbəbini öyrənir. Direktorun yanına aparır. Məlum olur ki, mərhum aktyor Irəvan Dram Teatrı burdan köçəndən sonra az-az gəlirmiş. Ancaq hərdən ikinci mərtəbədə də gecələyirmiş. Ikinci mərtəbəyə qalxırıq. Orada Zəngəzur Mədəniyyət Evi yerləşir. Balaca, üç-dörd stul olan otaqda pas atmış bir soba var. Xalq artisti bura gələndə stulları cütləyib yatırmış. Bizə zirzəmi maraqlı gəlir. Oranı tapmaq istəyirik. Axı, Uşaq Teatrının indiki binası Irəvan Dram Teatrı olanda Süleyman Nəcəfov buranın da zirzəmisində yaşayırmış. Zirzəmi axtarışında olan zaman qarşımıza başqa bir gözətçi çıxır. Ona da axtarışımızın nədənini açıqlayırıq. Bir daha “niyə” deyə sual edir. Sonradan ona məlum olur ki, Süleyman Nəcəfov dünyasını dəyişib. Bunu təsdiqləmək üçün bir kərə də soruşur. Təsdiq cavabını alandan sonra “şükür Allaha” deyir. Bunu nə üçün dediyini soruşduqda cavab vermədən yoluna davam edir.
Oradan ayrılıb Irəvan Dram Teatrına gedirik. “Irəvan” Binəqdi bələdiyyəsi ilə bir binada yerləşir. Teatrda heç kim olmadığından nə içəri keçə bilirik, nə də zirzəmini görə bilirik. Ərazidə yaşayanlar xalq artistini tanıdıqları üçün onlarla söhbət etmək qərarına gəlirik. Mərhum aktyorun qonşuları deyirlər ki, son 10 gündə onu görməyiblər: “Son 10 gündə onu görə bilmirdik. Axır vaxtlar teatra baş çəkib gedirdi. Deyirdi ki, xəstəxanada müalicə alıram. Ancaq hansı xəstəxanada olduğunu demirdi. Kimdənsə kömək istəməyi qüruruna sığışdırmırdı. O, günlərlə ac qalırdı, ancaq heç kimə əl açmazdı. Gözəl insan idi, pul qazanmaq üçün başqa işlə məşğul olsa da, yenə gəlib tamaşalarını oynayırdı. Allah ona rəhmət eləsin!”.
***
Budur, Xalq artistinə verilən qiymət. Kimsə bu ada haqq etmir, alır və üstəlik, milyonlarla dəyər ölçüsündə malikanə hədiyyə edilir. Ancaq bu ada haqq edənlər isə zirzəmidə yaşayıb, dünyasını dəyişirlər.
Görəsən Süleyman Nəcəfova Ilham Əliyev xalq artisti adını verəndə onun durumuyla maraqlanmamışdı?
Indi Süleyman Nəcəfov üçün çoxları ağlaya, hətta qızıldan baş daşı qoya bilərlər. Ancaq bunun ona heç bir faydası yoxdur…
Ramin DEKO