aliyev-ehmedinejad-bakida

İranla Azərbaycan arasındakı gərginlik pik həddə çatdı

Təbrizdə “Əliyev sionist” şüarı qaldırıldı; Xələf Xələfov Tehranda ağır danışıqlar apardı

Bakı ilə Tehran arasında gərginlik davam edir. “Eurovision” mahnı müsabiqəsi yaxınlaşdıqca isə gərginlik daha da dramatik xarakter alır. Bakı “Eurovision” ərəfəsində Tehranın Azərbaycanda hansısa təxribatlar törədəcəyindən ehtiyatlanır. Bu istiqamətdə görülən tədbirlər isə Tehranın  Bakıya qarşı aqressiyasını artırır. Artıq tərəflər münasibətlərin normal olmadığını açıq şəkildə səsləndirməyə başlayıblar. Mayın 8-də Tehranda Iranın xarici işlər naziri Əli Əkbər Salehi ilə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov arasında keçirilən görüşdə birincinin verdiyini açıqlamanı misal göstərmək olar. Əli Əkbər Salehi bildirib ki, Iran və Azərbaycanın potensiallarına baxıldığında iki ölkə arasında əlaqələrin səviyyəsi kafi deyil. Ona görə də mövcud potensialdan ən yaxşı şəkildə istifadə edilməsi lazımdır.

Xələf Xələfov isə öz növbəsində Iranla hər sahədə əlaqələri inkişaf etdirmək istədiklərini ifadə edərək, bunun üçün hər cür əməkdaşlığa hazır olduqlarını vurğulayıb. O, Iranla əlaqələrə böyük əhəmiyyət verdiklərini deyərək, Azərbaycanın Iranla əlaqələri inkişaf etdirmədə müstəqil hərəkət etdiyini və heç kimin bu mövzuda Azərbaycana fikirlərini təlqin edə bilməyəcəyini söyləyib (APA).
“Azadlıq”a daxil olan məlumata görə, əslində Xələf Xələfovun Irana səfəri hakimiyyətin Tehranla bağlı narahatçılığından irəli gəlir. Bakı Tehranla münasibətlərindəki gərginliyin  bu səviyyəyə çatmasından narahatdır. Bununla belə tərəflər ortaq mövqeyə gələ bilmir. Açıqlamalardan görünür ki, xarici işlər nazirinin görüşü kifayət qədər gərgin keçib. Onlardan biri münasibətlərin kafi olmadığını bəyan edir, digər isə Iranın Azərbaycana qarşı təzyiqlər etdiyini, lakin bunun nəticə verməcəyinə işarə vurur. Güman etmək olar ki, Xələf Xələfovla Əli Əkbər Salehinin təmasları da bundan əvvəlki görüşlər kimi müsbət nəticə verməyəcək. Yeri gəlmişkən, Əli Əkbər Salehi dünən Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüb. Əli Əkbər Salehinin bu görüşü azərbaycanlı həmkarı ilə görüşdən daha səmimi atmosferdə keçib.

Yada salaq ki, Azərbaycan və Iran arasında gərginlik yaranmasından sonra Tehranın ölkəmizdə hansısa təxribatlar törədə biləcəyindən ehtiyatlanan Bakı Qafqaz Müsəlmanları Idarəsinin rəhbəri, şeyxülislam Hacı Allahşükür Paşazadəni, daha sonra Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovu qonşu ölkəyə göndərmişdi. Lakin bu səfərlərdən sonra vəziyyət nəinki düzəldi, əksinə daha da dramatikləşdi.
Bu arada Iran mediası məlumat yayıb ki, Təbrizdə minlərlə insan Bakıda keçiriləcək “Eurovision”a etirazlarını bildiriblər. Onlar musiqi yarışmasını “homoseksualların Bakıya toplaşması” kimi dəyərləndirərək Azərbaycan rəhbərliyindən  “Eurovision”u ləğv etməyi tələb ediblər.
Etirazçılar üzərinə “Israilə ölüm!”, “Hicab bizim fəxrimizdir!” yazılmış və Azərbaycanın rəhbəri Ilham Əliyevi “sionist” adlandıran şüarlar da qaldırıblar. Şüarların çoxu Azərbaycan dilində olub.
Iran mediası etirazların kim tərəfindən təşkil edildiyi barədə məlumat verməyib (“Azadlıq” radiosu).