Mərakeş kralının 10 yaşlı oğlunun əlini dövlət rəsmilərinə öpdürməsi ciddi etirazlara səbəb oldu
Mərakeş kralı altıncı Məhəmmədin 10 yaşlı oğlu şahzadə Həsənin qatıldığı bütün mərasimlərdə dövlət rəsmilərinin onun əlini öpməsi ölkədə qalmaqala səbəb olub. Xalqın ciddi narazılığından sonra rəsmilərin şahzadənin əlini öpdüyünü göstərən kadrlar dövlət televiziyası tərəfindən senzuraya məruz qalıb. Həmin kadrlar televiziyalarda yayımlanmayıb. Atasının qatıla bilmədiyi mərasimlərdə kral ailəsini təmsil edən Həsənin onu qarşılayan dövlət rəsmilərinə atası kimi əl öpdürməsi gərginliyi və narazı xalqın səbrini daşdırıb.
Türkiyə mediasının yazdığına görə, Mərakeş ordusunun baş qərargah rəisi və bəzi rəsmilərin paytaxt Rabatda zooparkın açılışında hərbi mərasimlə qarşıladıqları şahzadə Həsənin qarşısında əyilib əlini öpməsindən sonra sosial şəbəkələrdə və müxalif mediada müzakirələrin əsas mövzusu olub. Dövlət televiziyasının tədbirdən yayımladığı reportaja xalq ciddi etirazını bildirib. Bundan sonda ölkənin Velosiped Federasiyası tərəfindən şahzadənin şərəfinə təşkil edilən tədbirdə 9 yaşlı Həsənin əlinin öpülməsi kadrları dövlət televiziyasında yayımlanmayıb. Televiziyadan qəzetlərə “xalqın etirazları səbəbindən həmin görüntüləri yayımlamadıq” açıqlamaları verilib.
Xatırladaq ki, monarxiya üsulu ilə idarə olunan Mərakeşdə Türkiyədəki iqtidar partiyasıyla eyni adı “Ədalət və İnkişaf” partiyasının seçkilərdə mütləq qələbə qazanaraq hökumət qurmasından sonra krallıq rejimi də laxlamağa başlayıb. Kralın “Ərəb Baharı”nın təsirindən qorxaraq səlahiyyətlərinin bir hissəsini hökumətə təhvil verməsi bunun ilk addımı olmuşdu. Bundan ilhamlanan xalq əvvəllər haqqında söz danışmağa cəsarət etmədikləri xanədanlığa qarşı müxalifətə dəstək verdi.