Əli Kərimli ölkədəki mövcud vəziyyət və müxalifətin gördüyü işlərdən danışıb
AXCP sədri Əli Kərimli İsveçin “Sverigesradio” radiosunun Moskva bürosunun müxbiri Johanna Melenə müsahibə verib. AXCP Mətbuat Xidmətindən aldığımız məlumata görə, isveçli jurnalist müsahibə zamanı Azərbaycandakı ictimai-siyasi vəziyyət, ölkə müxalifətinin hazırki fəaliyyətilə maraqlanıb. AXCP sədri ölkədə avtoritar idarəçiliyin hökm sürməsindən və belə bir şərairdə müxalifətin təşkilatlanması, gördüyü işlərdən danışıb.
Əli Kərimli Azərbaycanda sülalə hakimiyyətinin qurulmasına cəhd göstərildiyini də jurnalistin diqqətinə çatdırıb. O, 2009-cu ildə keçirilən referendumla sülalə hakimiyyətinin davam etməsinə olan hüquqi maneələrin də aradan qaldırıldığını bildirib.
AXCP sədri müsahibə zamanı ölkədəki korrupsiya, qanunsuzluq, insan hüquq və azadlıqlarının məhdudlaşdırılması barədə də geniş məlumat verib. Partiya sədri əlavə edib ki, sadalanan faktlar Azərbaycana yaraşan hal deyil. Çünki Azərbaycan 94 il öncə insan hüquq və azadlıqlarını, demokratik respublika ənənələrini əsas tutaraq Avropaya inteqrasiya yolunu seçib.
Əli Kərimli xalqın hazırda ölkədə avtoritar ənənələrin inkişaf etdirilməsilə razı olmadığını və demokratik dəyərlər uğrunda mübarizə apardığını deyib.
“Sverigesradio”nun müxbiri “Eurovision” musiqi yarışması ərəfəsində ölkədə demokratik vəziyyətin yaranıb-yaranmamasıyla maraqlanıb. AXCP sədri cavab verib ki, müsabiqə ərəfəsində ölkədə siyasi və mülki hüquqlar pozulur, siyasi təqiblər və həbslər artıb. Müxalifətin ciddi cəhdlərinə baxmayaraq vətəndaşların sərbəsrt toplaşmaq azadlığı məhdudlaşdırılır.
İsveçli jurnalist müxalifətin ölkədəki durumu dəyişmək üçün malik olduğu proqram və islahlatlara dair təklifləri ilə maraqlanıb. AXCP sədri müxalifətin fəaliyyəti, antikorrupsiya və antiinhisar proqramları, qeyri-neft sektorunun inkişaf etdirilməsi, iqtisadi-sosial, təhsil sahəsindəki islahat planlarıyla bağlı geniş məlumat verib. Əli Kərimli Azərbaycan müxalifətinin Avropa Birliyinə inetqrasiya, demokratik dəyərlərin ölkəmizdə bərqərar olması, hüquq və azadlıqların inkişaf etdirilməsində maraqlı olduğunu da “Sverigesradio”nun müxbirinin diqqətinə çatdırıb.
İnformasiya şöbəsi


