Kollec tikintisində şifer daşıyan prezidentlə birlikdə ölkənin təhsil naziri də fəhləlik etdi
Gürcüstan prezidenti üç saat tikinti sahəsində çalışıb. Üç saat ərzində prezident Saakaşvili fəhlə kimi şifer daşıyıb, beton töküb və qaynaqçı işləyib. Gürcüstan prezidenti jurnalistlərə açıqlamasında Tiflisin Qldani rayonundakı kolleci şefliyə götürdüyünü və bu binanın tikintisində şəxsən çalışmaq istədiyini bildirib.
Saakaşvili bildirib ki, fəhlə kimi işləməkdən çox şad olub. “Mən burada elə insanlarla tanış oldum ki, onlar asan həyat yaşamaqla burada işləmirlər. Onlar bu tikintidə çörək qazanmaq üçün çalışırlar. Mən bir daha əmin oldum ki, insanlara hər hansı iş lazımdır; bu iş istər ağır olsun, bu insanlara ailələrini dolandırmaq üçün ümid verir. Mən hər bir imkandan istifadə edərək elə bir şərait yaradacağam ki, ölkəmizdə iş yerləri çox olsun,”- prezident bildirib.
Qeyd edək ki, tikintidə çalışmaqda Gürcüstan prezidentinə ölkənin maarif və elm naziri Dmitri Şaşkin kömək edib(APA).