Mahal Ismayıloğlu: «Bu, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin və bilavasitə Ramiz Mehdiyevin kurasiyasındadır»
«Hakimiyyət nəzərə almır ki, lobbiçilik Qərb mətbuatını susdurmaq üçün kifayət etməyəcək»
Qərb mətbuatında Azərbaycan hakimiyyətinin əməlləri ilə bağlı yazılar artan xətlə davam edir. Almaniyanın “Şpigel”, Böyük Britaniyanın “The Times”, ABŞ-ın “The New York Times” “Time” nəşrləri ilə yanaşı Avstriya və digər Avropa ölkələrinin mətbuatında da Əliyev rejiminin fəaliyyəti ilə bağlı məqalələr dərc edilir. Hakimiyyət təmsilçiləri bütün bunlara əhəmiyyət vermədiyini desə də, narahatçılıqlarını gizlədə bilmir. Əslində bu yazılara hakimiyyət daxilində ilkin reaksiya necə olur və bununla bağlı həmin nəşrlərə qarşı hücumlar necə təşkil olunur? Bütün bunlar barədə uzun müddət hakimiyyətə yaxın mətbuatda çalışan tanınmış yazar Mahal Ismayıloğlunun fikirlərini öyrəndik.
– Hakimiyyət təmsilçiləri Qərb mətbuatda Azərbaycanla bağlı yazılara əhəmiyyət vermədiklərini göstərmək istəyir. Əslində belə yazılar dərc ediləndə onların reaksiya necə olurdu?
– Sadəcə olaraq görüntü yaradırlar ki, bu cür tənqidlərə əhəmiyyət vermirlər. Əgər bu tənqidlər onları narahat etmirsə, nə üçün Azərbaycanın lobbiçiyi üçün müxtəlif qurumlara yol tapmaqdan ötrü milyonlarla pul xərcləyirlər. Mənfi imici dağıtmaq üçün xərclənən pullara baxanda artıq təsəvvür yaranır. ABŞ Konqresində, Britaniya parlametində mətbuatda adı dəfələrlə adı hallanan adamlara pullar boş yerə ödənilmir. Hakimiyyətdəkilər ciddi narahatlıq keçirir. Əslində bu narahatlığın görünməyən tərəfi var. Hakimiyyət çox yaxşı başa düşür ki, bütün demokratik proseslər Qərbdən qaynaqlanır və Qərbdən yönələn tənqidlərin arxasında da ciddi, düşünülmüş niyyətlər var.
– Adətən belə yazıları daha çox hansı qurum izləyir?
– Bunlar Prezident Administrasının ictimai-siyasi şöbəsinin və bilavasitə Ramiz Mehdiyevin kurasiyasındadır. Heydər Əliyev dövrünün tənqidləri ilə indikilərin xarakteri tamamilə fərqlidir. Onda Azərbaycan qismən azad olan ölkələrin siyahısına daxil idisə, indi tamamilə qeyri-azad ölkələr sırasına daxildir. Onda az-çox demokratiya imitasiyası var idi, indi bundan tamamilə imtina edilib. Onda heç olmasa parlamentdə müxalifət var idi, müxalifətə meydan verilirdi, fikir ifadə etməyə imkan yaradılırdı. Bunlar müəyyən görüntü yaradırdı. Indi heç nə yoxdur. Belə bir şəraitdə bunlar tənqidlərin fərqindədir və çox ciddi narahatlıq keçirirlər. Nə qədər desələr ki, bu yazılanlara əhəmiyyət vermirik, açıqlamaları, qəzəbli fikirləri ciddi həyəcan doğurduğunu üzə çıxarır.
– Bəs Qərb mətbuatında dərc edilən yazılara cavabların yazılmasını kim təşkil edirdi?
– Prezident Administrasiyası tərəfindən təşkil olunur, orda müzakirə edilir. Maraqlıdır ki, həmişə bu addımların sonrakı mərhələsi düşünülməyib. Indi kimi inandıra bilərsən ki, Xədicə Ismayılova ilə bağlı olayların arxasında rəsmi qurumlar dayanmayıb. Bunu inandırmaq mümkün deyil. Texniki baxımdan da onu qeyri-rəsmi qurumlar həyata keçirə bilməzlər. Amma hakimiyyət ağlına da gətirmirdi, onun texnoloqları fikirləşmirdi ki, bunun təzadları necə olacaq, bumeranq effekti ilə özünə qayıdıb dəyəcək. Indi isə heç bir söz tapa bilmirlər. Yəni istər yazılarda, istərsə də müxalifət liderlərinə, azad sözün tərəfində duran jurnalistlərə yönələn təpkilər bilavasitə Prezident Administrasiyasında təşkil olunur. 1998-ci ildə start verilən müxalifətə qarşı ifrat tənqidlərin başlanğıc mərhələsində deyirdik ki, bunlar axı effekt verməyəcək, sonda bizə qarşı yönələcək, ən azı müxalifət məhkəməyə müraciət edə bilər. Deyirdilər ki, qoy eləsin, məhkəmə bizim əlimizdədir. Bu təfəkkür tərzi indi də dəyişməyib. Hamı bilir ki, məhkəmələr hakimiyyətdən asılıdır. Indiyədək müstəqil jurnalistlərin döyülməsi, şikəst edilməsi, qətlə yetirilməsinin heç birinin üstü açılmayıb. Onda bu ölkənin peşəkar polisi nə üçündür?
– Belə yazılara yerli mətbuatla yanaşı xarici mətbuatda da cavab yazdırırlar. Bunları kim və necə təşkil edir?
– Onun üçün lobbi qurumları var. Tutaq ki, Kəmaləddin Heydərovun oğlu Ingiltərədə, Ziya Məmmədovun oğlu ABŞ-da bunu təşkil edir. Görünməyən tərəflər də var. Heç hakimiyyət də gizlətmir ki, öz nüfuzuna dəyən zərbələrdən yayınmaq üçün xeyli pul xərcləyir. Gizli xərclər də var. Təbii ki, xarici mətbuata da yol tapırlar. Amma yaylım atəşli tənqidin fonunda bu çox cüzi və cılız təsir bağışlayır. Getdikcə tənqidlərin coğrafiyası da genişlənir. Avstriya, Ingiltərə, Amerika mətbuatı tənqidləri davam etdirir. Almaniya mətbuatı barşımaz mövqedə dayanıb. Hakimiyyət bir şeyi nəzərə almır ki, lobbiçilik, müəyyən qruplara yol tapmaq Qərb mətbuatını susdurmaq üçün kifayət etməyəcək. Çünki Qərb mətbuatı özünə qarşı yönələn tənqidlərdə heç vaxt güzəştə getmir. Almaniya mətbuatı Almaniya prezidentini istefa verməyə məcbur etdi. Orda mətbuatda gedən tənqid siyasi nüfuza çox ciddi təsir göstərir. Bütün bunları nəzərə alanda hansısa parlamentdə lobbilərin mətbuata təsir etməsi inandırıcı görünmür.
Fizzə


