İbrahimbəyovdan Ziya Məmmədovun qardaşına sərt cavab
Tanınmış dramaturq, yazıçı, Ziyalılar Forumunun üzvü Rüstəm İbrahimbəyovun hakimiyyəti tənqid etməsi və ona qarşı mübarizənin başlanmasının labüd olduğunu deməsi iqtidar mənsublarını özündən çıxarıb. Görünür, bu səbəbdən nəqliyat naziri Ziya Məmmədovun qardaşı, Milli Məclisin deputatı Elton Məmmədov Rüstəm İbrahimbəyovun ünvanına kəskin ifadələr işlədib. «Qaynar.info» saytına açıqlamasında deputat bildirib ki, R.İbrahimbəyovun hansısa məqamda maraqları təmin olunmadığına görə, o, əqidəsinə dönük çıxır: “Rüstəm İbrahimbəyov vaxtilə hakimiyyətin alovlu müdafiəçilərindən biri olub. Görünür hansısa məqamda maraqları təmin olunmadığına görə, əqidəsinə dönük çıxır. Bu cür hərəkətlər isə yalnız nifrətə layiqdir. Azərbaycanda olan uğurlu inkişafın fonunda vəzifəsindən, statusundan, mövqeyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının borcudur ki, dövlətçiliyi dəstəkləsin. Şəxsən mən özünü ziyalı adlandıran bir şəxsin bu cür ziyanlı açıqlamalar verməsinə təəssüf edirəm. Rüstəm İbrahimbəyov və digərləri bilməlidir ki, onların Azərbaycan dövlətinin əleyhinə yönəlmiş fəaliyyəti heç bir nəticə verməyəcək”.
Elton Məmmədov
Elton Məmmədovun açıqlamasına münasibət öyrənmək üçün Rüstəm İbrahimbəyovla əlaqə saxladıq. R.İbrahimbəyov deputatın dediklərini mənasız və real faktlardan uzaq fikir adlandırdı. Azərbaycanda yaranan durumla bağlı xeyli müddətdir öz mövqeyini ortaya qoyduğunu deyən tanınmış ziyalı məhz buna görə hökumətin ona qarşı hərəkətə keçdiyini qeyd etdi: «Hər şey əksinədir. Dediyim fikirlərə görə mənə qarşı hücuma keçiblər. İndi də Kino İttifaqına hücum ediblər, bizi ordan çıxarıb yerimizi almaq istəyirlər. Mənə görə o boyda təşkilatı da sıxışdırırlar. Əlimizdən bütün imkanları alırlar ki, məcbur olub fəaliyyətimizi dayandıraq».
R.İbarhimbəyovun sözlərinə görə, digər yaradıcı təşkilatlara hökumət tərəfindən böyük məbləğdə yardımlar göstərilsə də, Kino İttifaqına nəinki kömək etmirlər, əksinə, pul qazanmaq imkanlarının qarşısını alırlar: «Festivalımızı, Kino Məktəbini bağlayıblar. Azərbaycanın bütün rayonlarını əhatə edəcək proqram hazırladıq ki, yaradıcı qruplarla əhalinin görüşlərini təşkil edək və təzə filmlər nümayiş etdirək. Buna da imkan vermədilər. Əllərindən nə gəlir edirlər ki, biz fəaliyyətimizə dayandıraq. Çalışırlar mənə hər şeydə mane olsunlar».
R.İbrahimbəyov Bayılda kompleks inşa etdirmək səylərinə yaradılan maneələrin də bu kampaniyanın tərkib hissəsi olduğunu bildirdi: «Bayılda böyük kompleks yaratmaq istəyirdik. ”Kino Evi – Kinofestival Mərkəzi – Beynəlxalq Kino məktəbi” kompleksinin yaradılması bizim kinonun inkişafına böyük kömək olacaqdı. Ancaq çıxışlarım və «Literaturnıy Azerbaydjan» jurnalında çıxan «Slojenie voln» («Dalğaların toplanması») povestimə görə mənə qarşı hökumət tərəfindən möhkəm təzyiq başlanıb».
Deputatın «Azərbaycanda olan uğurlu inkişafın fonunda vəzifəsindən, statusundan, mövqeyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının borcudur ki, dövlətçiliyi dəstəkləsin» fikrini gülünc adlandıran R.İbrahimbəyov bildirdi ki, ziyalı olan kəs xalqın maraqlarını qorumalıdır: «Belə söz deyən adam qul təfəkkürünə sahibdir. Lazım olanda ziyalı hakimiyyətlə mübarizə aparmalıdır ki, xalqın həyatı yaxşılasın, vətəndaşların hüquqları tapdalanmasın».
Fizzə