Hitler pisdir, faşizm yaxşı?

Bu gün qələbə günüdür. Illərdir həyatın bütün sahələrində məğlubiyyət dadızdırılan azərbaycanlılar bu günü çətin ki, bayram etsin. Bizim çox şeyə heyimiz qalmayıb. Öz ad gününü keçirə bilməyən adam əlbəttə ki, Qələbə gününü də keçirməz. O günlə bağlı kimisə təbrik etməyi ağlına gətirməz.
“Ad günü” məsələsi kimsəni çaşdırmasın, lütfən. Qələbə günü ilə ad gününü müqayisə etmək nadanlıq olardı. Bu yazıda məsələ Qələbə gününün ucuz tutulmasıyla bağlıdır.
Azərbaycan bu bayramı Sovetlər zamanında çox təmtəraqla qeyd edib. Böyük şübhəm var ki, insanlarımız bu bayramın mahiyyətinə bələddir.
Bu əminliyim hardandır? Bir dəfə kəndimizin keçmiş “partkom”undan soruşdum ki, Marksdan nə bilirsən? Iki-üç tərif dedi, vəssalam. Sosializmin ciddi irsinə bu cür formal münasibət onu fəlakətə apardı. Öz ideyasını mənimsəməyən insan, onun əksini niyə öyrənsin?
Tanıdığım sovet camaatı faşizmə nifrət edirdi, ancaq bu nifrət hay-küyçülük sayıla bilər. Onların gözündə Hitlerin bir qaraçı obrazı yaradılmışdı, adamlar faşizmdən çox bu əsəbi adamdan yanıqlı idilər. Imanımı şübhə altına qoyub yazıram ki, bəlkə də Hitlerin sakit, təmkinli bığıburma obrazı olsaydı, camaatımız sovet qala-qala, onu sevərdi də. Necə ki, belə bir sevgini əhali anti-sovet Gəray bəyə bəsləyirdi.
“9 May” tarixə düşən elə-belə zəfər günlərindən deyil. Bu gün bəşəriyyət tarixinin ən iyrənc bəlası – faşizm üzərində təntənədir. Mən ölənə qədər babamın faşizmə qarşı döyüşünü ailəmizin fəxarət mənbəyi olaraq yaşadacağam.
Yaşadığımız bu dolaşıq illər insanlarımızı çox çaşdırdı. Ideya uğrunda savaşmağa, can verməyə əbləh kimi baxanlar çoxaldı.
“Kaş almanlar SSRI-ni məğlub edəydi” kimi debil fikri cani-dildən müdafiə edənlər artdı.
“9 May”ın bizə dəxli varmı, yoxmu? Hələ bu mövzu ətrafında mübahisə açanları demirəm…
Bu sapıq müzakirələr ondan yaranır ki, insanlarımız necə böyük bir bəladan qurtulduğunu bilmir. Bizim babalarımız o müharibədə iştirak etməsəydi belə, özünü mədəni dünyanın bir parçası sayan hər kəs “9 May” ehtiram duymağa borcludur.
Məyusluqla müşahidə edərəm ki, ata-babaları faşizm üzərində qələbə çalan insanlar indi aşkar-gizli, bilərəkdən-bilməyərəkdən könüllərini bu ideyaya təslim ediblər.
Bəziləri ümumiyyətlə, məntiqin lap dayaz yerlərində boğulurlar. Onlara görə, Sovet pis olubsa, onunla döyüşən faşizm yaxşı sayılmalıdır. Nə qədər gülünc… Sovet təhsilsizliyə, səhiyyəsizliyə qarşı da vuruşub, o zaman cəhalətlə də qardaşlaşın. Zatən, faşizmə qucaq açmaq cəhalətlə qol-boyun olmağa təndir.
Xüsalə, bu gün mən fərəh hissi ilə faşizmi zülm bilən insanları təbrik edirəm. “9 May”ı bəşəriyyətə qazandıran insanlara “Çox sağ olun!” deyirəm.
“Bizim ən böyük qələbəmiz Qarabağda olacaq” deyənlərin də arzusuna qoşulur və əlavə edirəm ki, düçar olduğumuz bu müharibə əslində, faşizmin pöhrəsidir. Qarabağ probleminin tam və birdəfəlik çözümü də ermənilərin, bizim faşizmin nə olduğunu bir daha təftiş edərək düzgün qavramağımızdan keçir.
***
YAP-a daha iki müğənninin üzv qəbul olunması təntənəli şəkildə elan edilib. YAP-ın nəğməkar məzmun almasını çox bəyənirəm. Dostların belə hadisələrdən məyus olması yolverilməzdir. YAP siyasi qurum kimi çoxdan rudimentə çevrilib. Ümid edək ki, ömrünün qalan hissəsi oxuyub-oynayanların hesabına daha rəngarəng və xalqımız üçün maraqlı olacaq.