BBC Əliyevləri yenə hədəf aldı (VİDEO)

“Getdikcə avtoritarlaşan rejim “Eurovision”dan özünün yaxşı tərəfini təqdim etmək üçün faydalanmaq istəyir”

Britaniyanın “BBC” media korporasiyasının müxbiri Daniel Sendfor Azərbaycanla bağlı reportaj hazırlayıb. Reportajda “Eurovision” musiqi yarışmasına hazırlıq, ölkəmizdə ictimai-siyasi durum, Bakının mərkəzində mənzillərin sökülməsi, söküntüyə etiraz edən sakinlərin açıqlamaları öz əksini tapıb. “Tarixi Bakının ürəyində evlər sökülür. Azərbaycanın hakim elitasına yaxın olduğu deyilən inşaatçılar buradadır. Minlərlər insan evlərindən köçürülüb. Çoxları ödənilən təzminatın miqdarından narazıdır”, – deyə reportajda bildirilir.

BBC müxbiri daha sonra qeyd edir ki, bir tərəfdə evlər dağıdılarkən, digər tərəfdə konsert zalı tikilir: “Bakı “Eurovision” yarışmasına ev sahibliyi etməyə hazırlaşır. Getdikcə avtoritarlaşan rejim bundan özünün yaxşı tərəfini təqdim etmək üçün faydalanmaq istəyir. Yarışma dünyanın diqqətini Azərbaycana yönəltdi. Bu, həmçinin, ölkədə insan haqlarının pis vəziyyətinə də diqqətin artmasına imkan yaratdı”.

Müxbir reportajda gənclərin etiraz aksiyasında həbs olunan musiqiçi Camal Əli və neft şirkətinin əməkdaşları tərəfindən döyülən jurnalist İdrak Abbasovun açıqlamalarına yer verib. O, Azərbaycanda jurnalistlərin tez-tez zorakılıqla üzləşdiyini və illərlə həbs həyatı yaşamalı olduğunu bildirib. İdrak Abbasov və Camal Əli üzləşdikləri vəhşiliklər haqda BBC-yə məlumat verib.

Daniel Sendford reportajda Azərbaycanda sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasına toxunub. O, qeyd edib ki, hakimiyyət son 5 ildə aksiyaların keçirilməsinə qoyduğu qeyri-rəsmi qadağanı 2 ay öncə götürüb: “Pul Bakını dəyişib. Ancaq “Eurovision” yarışması öncəsi dünyanın diqqətini Azərbaycandakı ictimai-siyasi duruma müxaliflərə təzyiqlər, insan haqlarının vəziyyəti yönəldib”.

BBC-nin müxbiri ölkəmizdə müxalif düşüncəli insanların çətinliklə yaşadığını bildirib. Qeyd edib ki, Azərbaycanda müxalif düşüncəli insanlar döyülə, həbs oluna bilərlər. Reportajda 2010-cu il parlament seçkilərində müxalifətdən bir nəfərin də olsun qanunverici orqana buraxılmadığı da yer alır.

Əlavə edək ki, Daniel Sandfordun reportajı BBC-nin Azərbaycan və Rusiya xidmətlərində də yayımlanıb.

İnformasiya şöbəsi