Qafası 1220-ci illərdə qalmış…
XXI əsrdə bir ölkəni orta çağ yöntəmləri ilə idarə etməyə, onu padşahlıqlar dövrünə qaytarmağa qərar vermiş zehniyyətin leksikonunda son zamanlar bir “2020 xəyalları” alıb başını getməkdədir.
2020-ci il yay olimpiya oyunlarına ev sahibliyi üçün namizədlik irəli sürürlər.
“Azərbaycan – 2020 – gələcəyə baxış” adlı saçma-sapan konsepsiya hazırlayır, zurna-qavalla təqdimatını keçirirlər.
Bir sözlə, burunlarının ucunu görməzkən, çağdaş dünyada monarxiya qurmağın nə qədər böyük ayıb və gerizəkalılıq olduğunu anlamazkən, Azərbaycanı hər gün bir az daha çağın gerisinə götürmək üçün çıxmadıqları hoqqa qalmazkən bu nə 2020 sevdasıdır belə?
Nə olacaq, canım, düşdükləri ağır psixoloji durumun, canlarını saran qorxunun, çağdaş dünyada onlara yer qalmadığına əminlikdən doğan təlaşın, depressiyanın nəticəsidir: hər fürsətdə vurğunu 2020-ci ilin üzərinə qoymaqla hələ ən azı, 8 il hakimiyyətdə qalacaqlarının mesajını verirlər. Bir yandan bununla hər yeni günə iqtidardan devrilmək qorxusu ilə başlayan hakim komandadakı əndişələri, narahatlıqları, həyəcanı önləmək istəyirlər, rejim içindəki az-çox ağız birliyini qorumağa çalışırlar, o biri yandan da topluma “bütün mübarizə bihudədir, boşunadır, biz hələ heç yana getmək fikrində deyilik, ən azı, bir 8 il də sizin boynunuzda oturmaqda israrlıyıq” ismarıcı göndərirlər.
Əlbəttə, insanları arzularına, xəyallarına görə ittiham etmək olmaz, ona görə də bizə bu “2020 planları” ilə bağlı sadəcə, gülmək, gülmək, yenə də gülmək qalır. Ramiz Mehdiyevi 2020-ci ildə təsəvvür etmək üçün insanın güclü fantaziyaya sahib olması azdır, o, həm də nadanlığın zirvəsinə ucalmalıdır.
Yalnız Ilham Əliyevin də, Ramiz Mehdiyevin də, onların böyür-başındakıların da bunu bilməsini çox istəyirəm: bu gün sizə qarşı yalnız Azərbaycan xalqı müxalifətdə olsaydı, dərd yarıydı…
Yalnız bəşəriyyətin tərəqqipərvər kəsimi sizə qarşı dayansaydı, bunu da dərd eləməmək olardı.
Problem ondadır ki, bu gün zamanın ruhu sizə qarşıdır.
Bu gün çağın daşıdığı dəyərlər sizi rədd edir, sizin artıq tarixin tozlu arxivlərinə gömülməkdə olan idarəçilik anlayışınıza qarşıdır bu gün zaman!
Ona görə də 2020 üzərindən komediyalarınızı yığışdırın. Nə Azərbaycanın, nə dünyanın yaxın gələcəyində sizin kimi aqrar təfəkkürlü, arxaik zehniyyətli rejimlərə əsla və əsla yer yoxdur.
Barı konsepsiyanızı 1220-ci ilə hesablayın ki, heç olmasa, səmimiyyət duyğunuzun hələ də tamamən ölmədiyinə inandıra biləsiniz insanları.
Yaptokratlar bir az da qafalarına güc versinlər
Avropa Birliyi “Avro-2012″nin Ukraynada keçiriləcək oyunlarını boykot etməyə hazırlaşır.
Artıq Avropa Komissiyası belə qərar verib. Ardı gələcək, şübhəsiz.
Səbəbi – Yanukoviç Ukraynasının sabiq baş nazir Yuliya Timoşenkonun timsalında insan hüquq və azadlıqlarını çeynəməyə başlamasıdır. Yuşşenko ilə yeni istiqamət götürən, demokratiyaya doğru iri addımlar atan Ukraynanın gələcəyi ilə bağlı narahatlıqlar tərəqqipərvər dünyanı səssiz, təpkisiz qalmamağa məcbur edir.
Eyni boykot təşəbbüsləri Bakıda keçiriləcək “Eurovision-2012″ ilə bağlı da səslənirdi, hələ də səslənməkdə davam edir. Bizim zəvzək, çənədən möhkəm və zəkadan yoxsul yaptokratlar isə bunu ”ermənipərəst qüvvələrin işi” adlandırmaqdan yorulmurlar. Indi soruşuruq: yaxşı, deyək ki, siz haqlısınız, boykot məsələsi həqiqətən də “ermənipərəst qüvvələrin təxribatı”dır. Yaxşı, deyək ki, onların Azərbaycana zərbə vurmaq istəmələrinin səbəbini də başa düşdük, bəs “ermənipərəst qüvvələr” Ukraynadan nə istəyirlər? Ukraynanın “imicinə zərbə vurmağa çalışmaq” onların nəyinə lazımdır? Bəs boykot təklifini dəstəkləyən Ukrayna müxalifəti kimin dəyirmanına su tökür?
Buyurun, ağıl kəsəcək, məntiqlə az-çox örtüşəcək cavabınız varsa, deyin, biz də bilək, maariflənək. Yoxsa, çənənizə bu qədər güc verməklə artıq çox zəhlətökən olursunuz, adam milçək vızıltısı üçün darıxmağa başlayır, biləsiniz.

2020-nin sirri
•
•