YAP-çılardan da Rəsulzadəyə xeyir gələrmiş

Dünyanın çox ironik işləri var. Faşizm kimi qorxunc bəlanın kökünün kəsilməsində öncüllük etmiş Rusiyanın bu gün urfaşizmin caynağında çabalaması kimin ağlına gələrdi?
Bəli, Putinin hakimiyyətə qayıdışı ilə çağımızın böyük fikir adamlarından Umberto Ekonun, haqqında dərin narahatlıqla bəhs etdiyi urfaşizmin yeni güc qazandığı acı da olsa, həqiqətdir. Üstəlik, andiçmə mərasimində məhz Ekonun bütün varlığı ilə nifrət etdiyi, tərəqqipərvər insanlıq üçün üzqarası adlandırdığı, “yeni növ Hitler” adlandırdığı Berluskoninin iştirakı da Rusiyada urfaşizmin artıq tamamən rəsmiləşdiyindən, leqallaşdığından xəbər verir.
Hələlik isə bizə Rusiya üçün təəssüflənməkdən başqa çarə qalmır. Gəlin inanmağa davam edək ki, zəngin dövlətçiliyə, inqilablar təcrübəsinə və fövqəladə güclü mədəniyyətə sahib rus xalqı dünənədək faşizm üzərində qələbənin memarı ikən bu gün urfaşizmin girovu olmasını sonadək sinəsinə çəkməyəcək, bu çirkin gedişatı dayandırmağı bacaracaq.
Qayıdaq ölkəmizə, özümüzün də dərd-sərimiz başımızdan aşır. Üstəlik, ruslar bizə baxanda daha ağgünlüdür, ucsuz-bucaqsız coğrafiyaya sahibdirlər, o nəhənglikdə Rusiyada Putinin nəfəsi dəyməyən bir kol dibi-zad tapa bilərlər. Bizim vəziyyətimiz isə daha ağırdır – əl boyda ölkədə yaşayırıq, irtica hər yerdədir, hər addımdadır, adam hətta həyətindəki daş parçasını da qaldırmağa qorxur ki, birdən altından ofşor şirkətlər-zad çıxar.
Bakı Dövlət Universitetinin (BDU) hüquq professoru Məhəmməd Imanlının həbsi isə Ilham Əliyevin qızlarının qızıl şirkətinin ortaya çıxarılması qədər ciddi hadisədir. Imanlı ölkənin ən qocaman ali məktəbində ciddi vəzifələr tutub, məsələn, “Çovdar” yatağı qədər gəlirli olan Hüquq fakültəsinin dekan müavini işləyib. Indi isə adamı korrupsiyaya görə həbs ediblər. Istər-istəməz düşünürsən: “Doğrudanmı, bir hüquq professoru korrupsiyanın ağır cinayət əməli olduğundan xəbərsizdir? Elə isə niyə belə iş tutsun?”.
Bu sualların sadə cavabı var: Məhəmməd Imanlı Əliyevlər Azərbaycanının hüquq professorudur və Əliyevlər Azərbaycanının “hüquq”unda korrupsiya cinayət əməli deyil, tam tərsinə, normadır, qanunauyğunluqdur. Bunu yaxşı bildiyi üçün də əslində Məhəmməd Imanlı heç bir qanunsuz iş-zad tutmayıb, bir ovuc quldurun hakimiyyət çətiri altında gecə-gündüz oğurluqla, sümürücülüklə məşğul olduğu, yağmaçılığın idarəçilik tərzinə çevrildiyi bir ölkədə korrupsiya qazanından bir qaşıq da öz boşqabına çəkib. Indi əgər o, buna görə tutulubsa, mən əminəm ki, bu qətiyyən rüşvət, korrupsiya faktına görə deyil. Ya həddini aşıb hansısa iribuynuzlunun quyruğunu tapdayıb, rüşvət aldığı adamın arxasındakı gücü nəzərə almayıb, ya da bu qəbildən hansısa başqa səbəb var.
Mən isə indi sadəcə, Rəsulzadənin adının BDU-dan götürüldüyünə görə sevinirəm. Yoxsa təsəvvür edin ki, biz indi böyük öndərin adını Məhəmməd Imanlının həbs edildiyi barədə xəbərlərdə oxuyurduq, məsələn, belə: “Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin professoru rüşvət alarkən yaxalandı”. Sizi bilmirəm, şəxsən mənim içim parçalanardı. Nə şəkildə olursa olsun, Rəsulzadənin adının bu cür xəbərlərdə keçməsi adama ağır gəlir. Ona görə də gəlin bundan sonra biz Rəsulzadənin adının içi BDU qarışıq hər yerdən götürülməsini yaxşı bir addım kimi qəbul edək. Nə vaxt bu ölkədən korrupsiya, rüşvət kimi əxlaqsızlıqların, cinayətlərin kökü kəsilər, o zaman Rəsulzadəyə ehtiram haqqında da düşünərik. Hələliksə ən çirkin oyunlardan çıxıldığı yerlərə Rəsulzadənin adı verilməsi onun xatirəsini əbədiləşdirmək-filan deyil, böyük öndərin adının rüşvət, korrupsiya kimi sözcüklərlə eyni cümlələrdə keçməsinə bais olmaqdır.
Bundan sonra Rəsulzadəyə qarşı ögey münasibətə görə rejimi ittiham edərkən bunu nəzərə alaq lütfən!
Nəzərə alaq ki, onlar bu ögey, düşmən münasibətlə əslində özləri də bilmədən böyük öndərə yaxşılığın ən böyüyünü edirlər.