Vəkil cəbhəçiyə bəraət tələb etdi

Zeynal Bağırzadənin məhkəməsi mayın 10-da davam edəcək

Mayın 7-də Naxçıvan Ali Məhkəməsində Ilqar Mirzəyevin sədrliyi ilə yerli müxalifət fəalı Zeynal Bağırzadənin apellyasiya şikayətinə baxılması davam edib.
O, ötən ilin sonlarında həbs olunub və bu il martın 2-də Naxçıvan məhkəməsi tərəfindən fırıldaqçılıq ittihamı ilə 7,5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasının iştirakçısı vəsiqəsini saxtalaşdırmaqda ittiham olunur.
Dünənki iclasda vəkil Əsabəli Mustafayev hökmün ləğvini tələb edib. Daha sonra prosesdə Bağırzadə özü çıxış edib, o, bütün ittihamları təkzib edərək, onları əsassız adlandırıb.
Bağırzadə deyib ki, Azərbaycanın məhkəmə təcrübəsini nəzərə alsaq, onun barəsində çıxarılmış hökm həddindən artıq ağırdır və təqsirləndirilən şəxsin şəxsiyyətini və ailə vəziyyətini nəzərə almır. Daha sonra prokuror Əli Sadıqov məhkəmədən çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Bununla əlaqədar olaraq hakim növbəti iclası mayın 10-na təyin edib.
Həbsdə olduğu müddət ərzində Bağırzadənin səhhəti kəskin şəkildə pisləşib. Hazırda onun sol tərəfində iflic var və həbsxanada müalicəsi mümkün deyil.