Sumqayıtda mitinq hazırlıqları davam edir

Şəhər rəhbərliyi isə hələ ki, aksiya ilə bağlı edilən müraciətə cavab verməyə tələsmir

Ictimai Palatanın Sumqayıt şöbəsinin mitinqlə bağlı müraciətinə yerli icra hakimiyyətinə hələ cavab verilməyib. Bu barədə “Azadlıq”a AXCP sədrinin müavini Asəf Quliyev bildirib. Onun sözlərinə görə, bununla belə Ictimai Palatının yerli şöbəsi Sumqayıtda mitinq keçirilməsilə bağlı hazırlıqlarını davam etdirir: “Bütün partiyalar səylərini ona yönəldib ki, aksiyada kütləvilik təmin edilsin. Hesab edirəm ki, biz buna nail olacağıq. Çünki Sumqayıtda əhali həddən artıq narazıdır. Və aksiyaya xeyli sayda sıravi vətəndaşların qoşulacağı gözlənilir”.
Asəf Quliyev əlavə edib ki, Ictimai Palatanın yerli şöbəsi mitinqə icazə verilməyəcəyi təqdirdə hansı addımlar atacağı barədə müzakirələr aparır.
Bundan başqa bəlli olub ki, aksiyaya “Ümid” və AMIP-in yerli şöbələri də dəstək verəcək. Asəf Quliyev əlavə edib ki, Ictimai Palataya daxil olan partiyaların yerli şöbələri ofislə təmin olunması ilə bağlı da icra hakimiyyətinə müraciət hazırlayır: “Eyni zamanda Sumqayıtda müxalifətin fəaliyyətinin məhdudlaşdırılması, şəhərin qapalı zonaya çevrildiyini beynəlxalq təşkilatların da diqqətinə çatdırılacaq”.
Xatırladaq ki, Ictima Palatanın Sumqayıt şöbəsi mayın 13-nə mitinq təyin edib. Aksiyanın saat 15:00-dan 17:00-dək Nizami meydanı “28 May” və ya  Nəriman Nərimanov adına Mədəniyyət Evinin qarşısında keçirilməsi planlaşdırılıb. Mitinqlə bağlı Sumqayıt Şəhər Icra Hakimiyyətinə müraciət ünvanlanıb.