Siyasilər Ramiz Mehdiyevə yerini göstərdi

İqtidar xalqın etimadını çoxdan itirib

Mayın 5-də Gülüstan sarayında mərhum prezident H.Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş konfrans keçirilib. Konfransda çıxış edən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev 90-cı illərə baxış edərək AXC hakimiyyəti illərindən danışıb. Milli hökuməti ittiham edən PA rəsmisi onun xalqın iradəsini təmsil etmədiyini, separatçı və vətəndaş qarşıdurması meyllərini aradan qaldırmaq istidarında olmadığını söyləyib. R.Mehdiyev daha sonra bildirib ki, Azərbaycan o illərdə müstəqilliyini itirmək təhlükəsiylə üz-üzə qalıb.

R.Mehdiyevin sözügedən fikirlərinə münasibət bildirən AXCP Ali Məclisinin sədri Həsən Kərimovun qənaətincə, Azərbaycanda xalqın iradəsini təmsil edən hakimiyyət ilk dəfə olaraq M.Ə.Rəsulzadədən sonra, ümumxalq səsverməsilə 92-ci ildə keçirilib: “Əbülfəz Elçibəy demokratik yolla hakimiyyətə gəlib və Ramiz Mehdiyev bunu etiraf etməlidir. Çünki Mehdiyevin hakimiyyəti dövründə keçirilən seçkilərə beynəlxalq aləm və Azərbaycan ictimaiyyətinin verdiyi qiymət hamıya məlumdur. Ümumxalq etimadını doğrultmamağa gəlincə, o zaman xalq seçdiyi hakimiyyəti yetərincə müdafiə edirdi. R.Mehdiyev və onun rəhbərlik etdiyi təxribatçı qruplar isə Naxçıvanda H.Əliyev başda olmaqla hakimiyyəti yalnız gözdən salmağa xidmət edirdi. R.Mehdiyev danışanda düşünməlidir, çünki həmin vaxtdan çox keçməyib. R.Mehdiyev və onun təmsil etdiyi iqtidar xalqın etimadını çoxdan itirib. Xalq bu iqtidarı sözün həqiqi mənasında didməyə hazırdır. Sadəcə, polis rejimi hesabına hakimiyyəti qoruyub-saxlayırlar”. H.Kərimov vurğuladı ki, korrupsiya, mənimsəmələrlə məşğul olan, xalqın əmlakını talan edən bu hakimiyyətin 92-ci il hakimiyyətini hədəfə almağa, nədəsə suçlamağa heç bir mənəvi haqqı yoxdur.

Ictimai Palatanın koordinasiya şurasının üzvü Pənah Hüseyn sözügedən məsələni “qara məni basınca, mən qaranı basım” prinsipli yanaşma adlandırdı. Həmsöhbətimizə görə, bitərəf və siyasi mənsubiyyəti olmayan şəxslərdən savayı, tərəfsiz ekspertlər belə, hazırkı hakimiyyətin hansı yol tutduğunu yaxşı xarakterizə edib: “Hamı, o cümlədən Əbülfəz Elçibəyin rəqibləri də etiraf edir ki, 92-ci il prezident seçkiləri Azərbaycanın ən yeni tarixində yeganə demokratik seçki olub. Onun nəticə və göstəriciləri də bunu təsdiqləyib. Həmin dövrdə Azərbaycanın müstəqilliyi üçün olan təhlükələr indi də mövcuddur. Müstəqillik daxili amillərdən deyil, hələ də əsas etibarilə xarici amillərdən asılıdır. Amma Azərbaycan dövləti o vaxt bütövlükdə regional, geosiyasi mənzərənin formalaşmasında həlledici rol oynayan bir siyasət aparırdı. Elçibəyin xarici siyasəti və Azərbaycanın müstəqillik kursunu dönmədən qoruması sayəsində MDB-nin SSRI-yə çevrilməsinin qarşısı alındı”. P.Hüseyn əlavə etdi ki, R.Mehdiyevin məlum açıqlaması mövcud suallardan qaçmaq mənasında verilib. Bir çox məsələlərə tarix və elmi yanaşma artıq cavab verib. Diskussiya aparmağa gəlincə, Pənah bəy bunu da mümkün saydı: “O dövrdə müəllim və həkimlərin maaşı dörd dəfə artırılmışdı. Onların aldığı maaşın istehlak səbətinə münasibətinə görə Azərbaycan hələ də o səviyyəyə gəlib çatmayıb. SSRI-nin tərkibindən yenicə çıxmışdıq, dövlət quruculuğu ənənənələri formalaşmamışdı. O cümlədən, Elçibəy hakimiyyəti dövründə də müəyyən təcrübəsizilkdən irəli gələn yanlışlıqlar olmuşdu. Biz bunu danmırıq. Amma kardinal, doğru, strateji yol, bunlara doğru seçilmiş metodologiya doğru-düzgün bir elm idi”.

Informasiya şöbəsi