Pənahəli xanın abad etdiyi məkan
8 may Şuşanın işğal günüdür. Qədim, alınmaz qala Şuşanın, özülü böyük bir xan nəsli tərəfindən qoyulan əzəmətli Şuşanın süquta uğradığı gün. Bu tarixi xatırlamağın özü belə, insana utanc hissi verir. Əsrlərin dəli rüzgarlarına, amansız savaşlarına, qırğınlarına duruş gətirən bu qalanı necə oldu, təslim aldılar ki?..
Şuşa hər zaman Qarabağın ruhu, qəlbi sayılıb. Qarabağ xanlarının bu paytaxt şəhərində necə igidlərin ruhu dolaşır. Bu cənnət şəhərin banisi Pənahəli xan onu bir sənət incisi kimi inşa etdirib. Şuşa 1750-ci ildə Qarabağın ən füsunkar yerində üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş yerdə tikilib. Bərəkətli torpaqları olan bu əraziyə can verən, ora insan nəfəsilə həyat gətirən Pənahəli xanın adıyla gümüş pul belə buraxılıb. Bir zaman öz banisinin adıyla Pənahabad adlanan şəhərin adı sonradan dəyişsə də, abadlığı itməyib. Tarixi hadisələrdə, qanlı davalarda belə, öz gözəl simasını qoruyub saxlaya bilib qədim Şuşa.
Qarabağ tarixini qələmə alanlardan biri Mirzə Camal Pənahəli xanın Cavanşirlər nəslinin nüfuzlu şəxslərindən biri olduğunu qeyd edir. O, Ibrahimxəlil ağanın oğlu Pənahəli xanın eyni zamanda, böyük bir nəsil-nəcabətə və sərvətə malik olduğunu vurğulayır. Rəsmi mənbələrdən də məlum olduğu kimi, ümumiyyətlə, Qarabağın tarixində bu nəsli təmsil edən şəxsiyyətlərin əvəzsiz rolu olub. Onların əksəriyyəti həm də Azərbaycan ədəbiyyat və mədəniyyət tarixinə adı keçmiş insanlardır.
Şuşa şəhəri yalnız coğrafi mövqeyi, havası, suyu, füsunkar təbiətilə fərqli bir özəlliyə malik deyildi. Onun xarakterik xüsusiyyətlərindən biri də bölündüyü məhəllələr idi. Şəhər 17 belə məhəllədən ibarət idi. Bu məhəllələr – Böyük qurdlar, Kiçik qurdlar, Seyidli, Culfalar, Təzə məhəllə, Hamam qabağı, Dəmirçilər, Quyuluq, Xoca Əmircan, Mamayı, Saatlı, Köçərli, Merdinli, Çöl qala, Hacı Yusifli, Çuxur məhəllə, Ağa dədəlilərdir. Həmin məhəllələr şəhər işğal olunana qədər öz adlarını qoruyub saxlamışdı. Burada böyüyən insanlar da bir-birini məhəllələrin yeri ilə tanıyırdılar.
Şuşa Azərbaycan üçün bir simvol, bir tarixi şəhər, sənət beşiyi kimi əziz olduğu kimi, onun düşmənləri üçün də həmişə strateji hədəf olmuşdur. Bu düşmənçilik sayəsində şəhər XX əsrdə 3 dəfə erməni təcavüzünün qurbanına çevrilib. 1905-1907-ci illərdə şəhər ermənilərin hücumuna məruz qalmış və yandırılmış, 1920-ci ildə şəhərin xeyli hissəsi ermənilər tərəfindən dağıdılmış, sonuncu dəfə isə 1992-ci ilin mayında tam şəkildə işğal edilmişdir.
Başında hər zaman bəla dolaşıb…
Amma bu torpaqlara olan tamah və xainliyin kökləri daha qədimlərə gedib çıxır. Hələ Qarabağ xanlığının qüdrətli vaxtlarında bu şəhər dəfələrlə hücumlara məruz qalmışdı. 1795-ci il iyunun sonunda Qarabağa hücum edən Ağa Məhəmməd şah Qacar Şuşanı 33 gün mühasirədə saxlamışdı. Ona qarşı Ibrahim Xəlil xanın 15 min nəfərlik qoşunu igidliklə müqavimət göstərdi. Sonda Qacar uğur qazana bilmədiyini görüb, üzünü Tiflisə tutdu. Amma o, qəzəbini boğa bilməyib, 1797-ci ilin yazında yenidən Şuşaya hücum etdi və şəhəri aldı. Onun işğalı bir gün davam etdi və Qacar xidmətçilər tərəfindən qətlə yetirildi. Ibrahim Xəlil xan Iranla münaqişədən qaçmaq üçün Qacarın cənazəsini təntənəylə Irana yolladı. Sonra isə öz qızı Ağabəyim Ağanı Iranda hakimiyyətə gələn Fətəli xana ərə verib, oğlu Əbülfət ağanı da ona girov göndərdi.
Sonralar isə rus işğalı zamanı Qarabağ xanlığını zəiflətməyin yolunu tapdılar. Bu torpaqlara onların xain nökərləri olan ermənilərin köçürülməsinə başlandı. Ikinci Rus-Iran müharibəsinin gedişində Irandan Azərbaycana, o cümlədən Qarabağa 18 min erməni ailəsi köçürüldü.
Ümumiyyətlə, Rusiyanın o dövrdəki siyasətində bu şəhərin etnik tərkibinin dəyişdirilərək erməniləşdirilməsi hər zaman prioritet olub. 1832-ci ildə Qarabağ əhalisinin 91 faizini azərbaycanlılar, 8,4 faizini isə ermənilər təşkil edirdi. Sonrakı düşünülmüş köçürmə siyasəti nəticəsində azərbaycanlıların sayı 64,8 faizə endi, ermənilərin sayı isə 34,8 faizə qalxdı.
Şuşa Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixinə onlarla əvəzsiz şəxsiyyət bəxş edib. Onların sırasında Cavanşirlər nəslindən olan şairlər – Məhəmməd bəy Aşiq, Əbdülsəməd bəy Aşiq, Xurşudbanu Natəvan, Qasım bəy Zakir, xanəndə Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, yazıçılar Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Üzeyir bəy başda olmaqla, Hacıbəyovlar nəslinin görkəmli simaları, maestro Niyazi, Azərbaycanın ilk daxili işlər nazirlərindən biri olmuş Behbud bəy Cavanşir, opera sənətçisi Bülbül, Bədəlbəylilər və başqa parlaq adları göstərmək olar.
Keçən əsrlərdə bu yerləri dolaşan səyyahlar Şuşa haqqında tərif dolu sözlər yazmışlar. Məşhur rəssam V.Vereşagin Şuşanı belə tərif etmişdi: “Bu şəhərin evləri düzgün formalı, qəşəng və hündür olub, çoxsaylı və gözəl pəncərələrlə işıqlandırılır. Qayalıqlar qoynunda yerləşən bu şəhər elə həmin qayalıqlardan götürülmüş daşlardan tikilmişdir. Şəhərin bütün küçələrinə enli daş plitələr döşənmiş, evlərin damları tirlərdən düzəldilmişdir”.
Çirkin oyunların qurbanı olan Şuşa
Şuşa ilə bağlı düşmənçilik siyasəti sovet dövründə də incə bir şəkildə davam etdirilib. Şəhərin mühüm icra strukturlarında yer alan ermənilər də altdan-altdan öz işlərini yürüdüblər. Məlum olduğu kimi, Şuşanın yaxınlığında ermənilərin hər zaman ata malı kimi “sahib çıxdığı” Xankəndi şəhəri yerləşirdi. Tarixi mənbələrə görə, bu şəhərin ilkin adı Verende olmuşdur. IX əsrə aid yazılı mənbələrdə onun adı çəkilir. Tarixçilərə görə, Verende adı həmin ərazidə yaşamış türkdilli qəbilənin adından götürülmüşdür. XVIII əsrin axırları – XIX əsrin əvvəllərində Pənahəli xanın oğlu Mehdiqulu xan burada Xankəndi adlı yaşayış yeri salmışdır. Mehdiqulu xan sonralar bu kəndi öz xanımı Pəricahan Bəyimə bağışlamışdır. Sonralar Mehdiqulu xanın sarayından əsər-əlamət qalmasa da, ona məxsus Xan bağı və Xan bulağı son dövrlərə qədər qalırdı. Xüsusi canfəşanlıqla erməni dəyirmanına işləyən bolşevik Rusiyası 1923-cü ildə Xankəndinin adının dəyişilərək Stepanakert adlandırılmasına qərar verdi. Yalnız Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra şəhərin əvvəlki adı geri qaytarıldı.
1992-ci ilin 8 mayında böyük silah-sursatla qurşanan erməni işğalçıları arxasında dayanan böyük güclərin dəstəyilə Şuşa qalasını ələ keçirdilər. Bu qalanın çirkin əllərə keçməsi Azərbaycan tarixinin ən böyük faciəsi idi. Qarabağın vuran qəlbi Şuşanın süqutu bu torpaqlar uğrunda vuruşan insanlar üçün böyük bir itki idi. Bu günə qədər erməni qəsbkarlarının əlində əsir qalan Şuşada memarlıq nümunəsi kimi qeydə alınmış 170 bina və 160 sənət abidəsi vardı. Bunlara məşhur “Gəncə darvazaları”nı, Qala divarlarını, Ibrahim xanın və onun qızı Böyükxanımın qəsrlərini, Qarabağ xanlarının imarətini, Natəvanın ev-muzeyini, Port-Arturun müdafiəçisi, artilleriya generalı Mehmandarovun evini, şair və rəssam Mir Mövsüm Nəvvabın evini, görkəmli bəstəkar Üzeyir Hacıbəyovun ev-muzeyini, Bülbülün ev-muzeyini, şair Vaqifin məqbərəsini və s. göstərmək olar.
Işğaldan sonra bütün bu abidələri qarət edən ermənilər indi də onların tarixini dəyişməyə, erməniləşdirməyə başlamışlar.
Bəzən gerçək tarixi yazmaq xeyli zaman alır. Azərbaycanın da başından bəri bəlalarla yazılmış bir tarixi var. Qanla yazılmış o tarix indi də qanla yazılmaqda davam edir. Bir xalq da öz keçmişinə və irsinə o zaman sahib çıxmış olur ki, bu qurbanlarla dolu tarix salnaməsinin sonunda nöqtəni özü qoymuş olur.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir