Vəfa Quluzadə: «Əvvəllər Azərbaycan Almaniyanı sevirdi, bəs nə oldu?»
Rusiyada son prezident seçkilərindən sonra ölkədə siyasi gərginlik azalmaq bilmir. Bazar günü Moskvada müxalifətin aksiyası zamanı yaşananlar, bir gün əvvəl Dağıstandakı partlayışı ekspertlər təsadüfi saymır. Bundan başqa, Azərbaycanın yerləşdiyi regiona təsiri olan digər ölkələrdə də mühüm siyasi olaylar yaşanmaqdadır. Fransa prezident seçkilərini arxada qoydu və növbəti beş il üçün Yeliseyin yeni sahibi Fransua Holland olacaq. Baş verən proseslərlə bağlı politoloq Vəfa Quluzadənin mövqeyini öyrəndik. Ilk sualımız isə Rusiyadakı son olaylarla bağlı oldu:
Putin rejimi laxlayır
– Rusiyada çox ciddi proseslər gedir. Proseslər göstərir ki, rus xalqı dəyişikliklərə hazırdır. Rusiyada artıq sovet dövründəki kimi münasibətlər hökm sürə bilməz. Rus xalqı kommunist ideologiyası ilə susdurulan millət deyil. Amma Rusiyadakı hazırkı rejim tamamilə xalqın tələblərinə, istəklərinə cavab vermir. Ona görə rus xalqı üzləşdiyi bütün təhqirlərə cavab vermək istəyir. Rejimin vəziyyəti olduqca təhlükəlidir. Hazırda ruslar əlinə silah alaraq öz mənliklərini qorumağa belə hazırdılar. Rusiyada seçki saxtalaşdırılıb, xalq aldadılıb. Amma Rusiya elitasında hamı təəccüb edir. Çünki seçkilər əvvələr də saxtalaşdırılırdı. Lakin xalqın saxtakarlığa reaksiyası budəfəki kimi sərt olmurdu. Bu isə onu göstərir ki, artıq Rusiya xalqı əvvəlki kimi deyil. Əvvələr rus xalqından işğalçı niyyətlər üçün istifadə olunurdu. Xalq Putin rejiminin haqsızlığından, rüşvətxorluğundan, xəyanətkarlığından artıq cana doyub. Ona görə rus xalqı, əminəm ki, Putin rejimini silməyə və yeni proqresiv hckumət seçməyə nail olacaq.
Vaxt gələndə Fransa Qarabağla bağlı düzgün qərar verəcək
– ATƏT-in Minsk qrupunun həmsədrlərindən birinin dövlət başçısı dəyişdi. Fransanın yeni prezidentinin də ermənipərəst mövqeyi ilə tanındığı söylənilir. Sizcə, bu məqamlar Qarabağ probleminin həllinə və iki dövlət arasındakı münsibətlərə necə təsir edə bilər?
– Fransa seçkiləri demokratiyanın təntənəsi və əsl görsənişi idi. Fransa demokratiyanın bütün prinsiplərinə əməl edir. Fransa xalqı dünyanın ən inkişaf etmiş demokratiyasına sahibdir. Fransa xalqı özünü bu seçkidə göstərdi. Fransua Hollandı seçənlər Sakozini təhqir etmədi və ya tərsinə. Sarkozi zəng vuraraq rəqibini təbrik etdi və ona uğurlar arzuladı. Bu, böyük mədəniyyətin, sivilizasiyanın təzahürüdür. Faktiki Sarkoziyə ölkənin 43 faizi səs verdi. Amma Sarkozi inzibati resurslardan istifadə edib seçkiləri saxtalaşdırmadı. Inzibati resurslardan istifadə olunsaydı, bu, artıq Fransa olmazdı. Fransa demokratik ölkədir və bəli, Fransada erməni lobbisi var. Erməni lobbisinin üzvləri Fransa vətəndaşlarıdır və vətəndaş borclarını yüksək səviyyədə yerinə yetirirlər. Amma erməni diasporunun fəaliyyəti heç zaman Fransa dövlətinin Qarabağ məsələsində ədalətsiz mövqe ilə çıxış etməsinə gətirib çıxarmayacaq. Minsk qrupu hələlik heç nəyi həll etmir. Düşünürəm ki, vaxt gələndə Fransa dövləti düzgün qərar verəcək. Ermənistan hazırda tam şəkildə Rusiyanın nəzarəti altındadır. Rusiya isə Qarabağ probleminin heç bir halda həll olunmasını istəmir. Azərbaycan ən böyük güzəştə gedəndə Ermənistan parlamentində güllələnmə olur və ya Ermənistan rəhbərliyi yeddi rayonu azad etməyə hazır olduğunu bəyan edəndə, devrilir. Qərb isə problemin həllin istəyir. Ona görə Qərbə qarşı ürəkdə kin saxlamağa dəyməz.
– Hazırda Ermənistandakı son olayları necə dəyərləndirmək olar. Müxalifət qüvvələrinin parlamentdə təmsilçiliyi aşağı faizlə olacaq. Proseslərin sonrakı inkişafını necə görürsünüz?
– Rusiya heç zaman demokratik meylli erməniləri hakimiyyətə yaxın qoymayacaq. Çünki Rusiya Ermənistanı nəzarəti altında saxlayır. Rusiyada hakimiyyətin mahiyyəti dəyişəndən sonra artıq Qarabağ kimi problemlərin qalmasına ehtiyac olmayacaq. Rusiya o zaman özü könüllü şəkildə Gürcüstanın, Moldovanın ərazi bütövlüyünü bərpa edəcək. Rusiyadakı hazırkı prosesləri nəzərə alsaq, demək olar, Kremldəki dəyişikliklər uzaqda deyil.
Azərbaycanın siyasi elitası sovet dövrünə qayıtmamalıdır
– Hazırda Azərbaycanda baş verənlər Qərb dairələrinin diqqətindədir. Amma Qərbdən gələn tövsiyələrə və islahat tələblərinə məmurlar etinasız yanaşırlar. Bu cür siyasət ölkənin xarici siyasətinə necə təsir göstərə bilər?
– Bu yazılar siyasi elitadan irəli gəlir. Bunu düzgün anlamaq lazımdır. Azərbaycanın siyasi elitası sovet dövrünə qayıtmamalı və xalqı sovet dövründəki kimi saxlamamalıdır.
– Almaniyaya qarşı aparılan təbliğatda bu ölkənin rəsmilərinin Hitlerə bənzədilməsi nə dərəcədə düzgün yanaşmadır?
– Mən belə etməzdim. Azərbaycan Almaniyaya qarşı soyuq müharibə aparmamalıdır. Çünki əvvələr Azərbaycan Almaniyanı sevirdi. Bəs nə oldu? Azərbaycan deyirdi ki, Almaniya Minsk qrupunda təmsil olunmalıdır. Nə dəyişdi? Almaniya ilə Azərbaycan həmişə münasibətləri normal saxlamalıdır və düzgün münasibətlər qurmalıdır.
Xəyal


