Ölkənin 1-ci kanalı “ARD”nin internet səhifəsində Azərbaycan rəsmisinin açıqlamaları lağa qoyuldu
Almaniyanın Ictimai televiziyası olan “ARD”nin internet səhifəsində Azərbaycanla bağlı məqalə dərc olunub. “Demokratiya mayakı altında oxuyanlar” başlıqlı məqalədə ölkəmizin “Eurovision” musiqi yarışmasına hazırlığı və hakimiyyətin yarışmadan istifadə etmək cəhdləri öz əksini tapıb. Məqalədə vurğulanır ki, “Eurovision” zamanı Azərbaycan özünü demokratik dövlət kimi təqdim etmək istəyir. Amma Almaniya sistemli şəkildə bu “uğur”un üstünü cızır. Məqaləni qısa ixtisarla təqdim edirik:
“Demokratiya mayakı altında oxuyanlar”
Azərbaycan hökuməti mərkəzdəki Istiqlaliyyət küçəsində, ağ mərmərli, 14 mərtəbəli binada yerləşir. Burada fotoşəkil çəkmək qəti qadağandır. Tarix və fəlsəfə elmləri namizədi Əli Həsənov 18 ildir ki, Prezident Administrasiyasının ictimai-siyasi işlərinə görə məsuliyyət daşıyır. Alman jurnalist qrupunu qəbul edən Həsənov birbaşa mətləbə keçdi: “Qərb KIV-ni, o cümlədən bizi tənqid edənlər Azərbaycanı hərtərəfli təqdim etməlidirlər”.
Onun sözlərində qəzəb hiss olunurdu.
Dövlət başçısı qarşıdan gələn musiqi yarışmasından istifadə edərək, nəhəng tədbirlərin təşkilatçısı olduğunu sübut etmək istəyir. Almaniyada mətbuat və hüquq müdafiəçiləri Azərbaycanda keçirilən müsabiqəni boykot etməyə çağırırlar.
Nümayişçiləri ölənə qədər döymüşdülər
Əli Həsənov bu keçmiş sovet respublikasının 20 illik müstəqillik tarixindən demokratikləşmə faktlarını da sadalamağa başladı. Qeyd etdi ki, onun ölkəsi Avropanın bir hissəsi olmaq istəyir. Demokratik dəyərlər baxımından Azərbaycan Şərq qonşuları üçün mayakdır: “Azərbaycan Avropa Şurasının üzvü kimi, öz qanunvericiliyini Avropa standartlarına uyğunlaşdırır”.
Ancaq Azərbaycan hökuməti nəzarəti əlində saxlamağı öyrənib. Hakimiyyət 2003, 2005-ci illərdə nümayişçiləri ölənə qədər döydürmüşdü. Amma ötən ilin yazında “Ərəb baharı”ndan ilhamlanan etirazlar zamanı belə mənzərədən yayına bildi. Bununla belə, xeyli etirazçı həbsxanaya göndərildi.
Hakimiyyət son 7 ildə ilk dəfə olaraq, “radikal müxalifət”in mitinqinə icazə verib. Bu ölkədə ənənəvi müxalifətin parlaq simaları Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyalarıdır.
Həmin partiyalar müstəqillik qazanılandan sonra qısa müddət hakimiyyətdə olub.
Müxalifətə şəhərin kənarında, hər tərəfdən hasarlanmış yerdə mitinq keçirməyə icazə verildi. Polis zireh və dəyənək daşımırdı, amma nəqliyyat iflic olmuşdu. Paqonlu dövlət məmurları və mülki geyimlilər etiraz edənləri lentə alırdılar.
Hakimiyyətin çirkin gözdənsalma kampaniyası
2010-cu ildən real, “radikal” müxalifət parlamentdə təmsil olunmur. Parlamentdə hakim partiya ilə yanaşı, “konstruktiv”, hökumətyönlü müxalifət təmsil olunur. Bu, vətəndaş cəmiyyəti və KIV qarşısında dayanan dirijora oxşayır. Hökumət öz QHT-lərini, gənclər təşkilatlarını, mediasını yaradır, onları maliyyə baxımdan dəstəkləyir.
Həsənov rəqəmlərlə danışır. Məsələn, ölkədə 40 partiyanın və dövlət qeydiyyatından keçmiş 3500 QHT-in olduğunu deyir. Halbuki, bu ölkədə “radikal” müxalifətin və Islam partiyasının bir çox nümayəndələri həbsxanadadır.
Hakimiyyətin, onu tənqid edənləri cəmiyyətin gözündə alçaltmaq üçün öz mediası da var. 2011-ci ildə Ilham Əliyevin əmisi oğluna aid “Lider” telekanalı hakimiyyətin iki əleyhdarının videokadrlarını yaymışdı. Müxalifət partiyası AXCP-nin mətbuat katibi Natiq Ədilov və jurnalist Qan Turalının videogörüntüləri “Konrad Adenauer” Fondunun seminar təşkil etdiyi oteldə lentə alınmışdı.
Xədicə Ismayılova da bu ölkədə tənqidçi jurnalistdir. Onun da videogörüntüləri artıq internetdə yayılıb. Ancaq bu yolla hakimiyyət onu prezident ailəsinin müxtəlif şirkətlərlə biznes əlaqələrini araşdırmaqdan geri çəkə bilmədi. Hakimiyyət Xədicə Ismayılovanı gözdən salmağa da müvəffəq ola bilmədi. Hətta qatı dindar sayılan Nardaranlılar da Ismayılovanı müdafiə etdilər. Halbuki, Xədicə özü ateistdir.
Almaniyaya qarşı kampaniya
Azərbaycanda insan haqlarının müdafiəsilə məşğul olan, alman mediasında tanınan hüquq müdafiəçisi Leyla Yunusu Əli Həsənov öz ölkəsinə qarşı kampaniya aparmaqda günahlandırır. Ümumiyyətlə, Azərbaycanda hökumət Almaniyaya qarşı kampaniya aparmağa başlayıb. Almaniyanın insan hüquqları üzrə Ombudsmanı Markus Löninq, Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi kimi, iki il yarımdır bu ölkəyə viza ala bilməyən Kristofer Ştrasser də bu kampaniyanın hədəfi oldu. Hakim partiyanın mətbuat orqanı olan “Yeni Azərbaycan” qəzetindəki fotokollajda Löninqin, Almaniyanın Azərbaycandakı səfiri Herbert və müxalifət liderlərinin şəkilləri Hitlerlə birlikdə verilmişdi.
Rəsmi Bakıya qarşı şübhələr
Aşkar görünür ki, bağlı qapılar arxasında səslənən tənqidlər nəzərə alınmır. Açıq tənqidlər də şəxsi qərəz kimi qəbul olunur. Rəsmi Bakının tədrici demokratikləşməyə ciddi yanaşacağı şübhəli görünür.
Siyasət şöbəsi