Əliyevlərin Avropadakı sonuncu dostu da getdi: Yeliseyin yeni sahibi Fransua Holland oldu
Mayın 6-da Fransada prezident seçkilərinin ikinci turu keçirilib. Nəticələrə dair sosialoji sorğu mərkəzlərinin açıqladığı rəqəmlərə görə, sosialistlərin lideri Fransua Holland ölkənin yeni lideri seçilib.
Dörd sosialoji mərkəzin (CSA, TNS, Sofres, Ipsos) apardığı hesablamar göstərir ki, Holland 51,8% – 53,3% səslə rəqibi Nikola Sarkozi üzərində qələbə qazanıb. Sarkozinin aldığı səslər 48,2% göstərilir.
Hələ ilkin nəticələr elan edilməmiş Hollandın mətbuat katibi Manuel Vals jurnalistlər qarşısına çıxaraq “Tezliklə Bastiliyada görüşənədək” deyərək onları salamlayıb.
Fransa televiziyası öz növbəsində xəbər verib ki, Holland 51,9% səs toplayıb.
Nikola Sarkozi artıq məğlubiyyətini qəbul edib və rəqibi Hollandı qələbə münasibətilə təbrik edib. “Artıq Fransanın yeni prezident var. Bu, demokratik respublikanın seçimidir”, – deyə Sarkozi Parisdə öz tərəfdarları qarşısında bəyan edib. O, artıq Hollanda zəng etdiyini və ona dövlət başçısı postunda uğurlar arzuladığını da deyib. Sarkozi məğlubiyyətə görə məsuliyyəti öz üzərinə götürdüyünü bildirib.
Fransa sosialistləri isə öz namizədlərinin qələbəsini bayram etməkdədirlər. Onlar küçələrə çıxaraq Fransa sosialistləri üçün mühüm simvolik əhəmiyyət daşıyan Bastiliya meydanına doğru hərəkətləniblər. Daha sonra Bastiliya meydanında qələbə konserti təşkil olunub. Konsertə Holland da qatılıb.
YAZI FOTOLARDAN SONRA DAVAM EDİR
Fransua Holland 1954-cü il avqustun 12-də Fransanın Ruan şəhərində doğulub. HEC Paris Biznes Məktəbini, Paris Siyasi Təhqiqatlar İnstitutunu, Milli İdarəçilik Məktəbini bitirib. 1979-cu ildən Sosialist Partiyasının üzvüdür. 1981-95-ci illərdə Fransaya prezidentlik eləmiş Fransua Mitteranın iqtisadi məsələlər üzrə məsləhətçilərindən olub.
2001-2008-ci illərdə Tül şəhərinin meri olub. 1997-ci ildən parlamentin üzvüdür.
Fransua Holland heç vaxt rəsmən ailə qurmayıb. 28 il sosialist siyasətçi Seqolen Ruoyalla vətəndaş nikahında olub. Ondan 4 övladı var. Hazırda özündən 10 yaş kiçik olan jurnalist Valeri Trierveyderlə vətəndaş nikahındadır.
Seçkilərdən məğlub çıxmış keçmiş prezident Sarkozi isə artıq siyasətlə məşğul olmayacaq. Hər halda özünün tərəfdarları qarşısında dediyinə görə, bundan sonra onlardan biri kimi, sadə fransalı həyatı yaşamaq niyyətindədir.
***
Fransadakı seçkilər Azərbaycanın siyasi dairələrində daha çox Nikola Sarkozinin ondan necə çıxacağı ilə maraq doğururdu. Sarkozi Azərbaycan iqtidarının Avropadakı sonuncu dostu olaraq qalmışdı. Onun bir müddət əvvəl Bakıya səfəri zamanı hakim Əliyevlər ailəsinə “orden referansı”nı yəqin ki, xatırlatmağa ehtiyac yoxdur. Sarkozinin qardaş Türkiyəyə qarşı mənfi münasibəti və hakimiyyətinin son aylarında saxta erməni soyqırımı iddialarına görə Ankara ilə “soyuq savaşa” girməsi də Azərbaycan iqtidarının ona dost nəzərlərlə baxmasına təsir etməmişdi. Bununla belə, Fransada seçki marafonunun gedişində Sarkozi erasının artıq bitdiyi bəlli olan vaxtlardan Əliyevlərin Parisdən ümidlərinin kəsildiyi də hiss olunmağa başladı.
Yeri gəlmişkən qardaş Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Fransada iqtidar dəyişikliyinə münasibət bildirib. “Bu, hamının gözlədiyi nəticədir. Həqiqətən, nəticələrin son ictimai rəy sorğuları ilə üst-üstə düşməsi ciddi bir müvəffəqiyyətdir. Bu saatdan sonra cənab Sarkozi, özünün də söz verdiyi kimi, siyasətlə vidalaşır. Biz Fransadakı yeni dövrün Türkiyə-Fransa əlaqələri üçün daha fərqli, sülh, həmrəylik istiqamətində olmasını arzulayırıq. Əgər seçki dövründəki populist ismarıclar bu rəhbərlik tərəfindən tətbiq edilsə, bu, Türkiyə-Fransa əlaqələrinə mənfi təsir edər. Arzumuz budur ki, bu yalnız meydanlarda deyilmiş sözlər olaraq qalsın”, – deyə Ərdoğan bildirib.
azadliq.info