Azərbaycanın əməkdar artistləri Könül Xasıyeva və İlqar Muradov Yeni Azərbaycan Partiyasına üzv qəbul ediliblər. Lent.az-ın məlumatına görə, YAP-ın icra katibi Əli Əhmədov partiya vəsiqələrini müğənnilərə təqdim edib. Bu münasibətlə sənət adamlarını təbrik edən Əli Əhmədov bildirib ki, partiya vəsiqələrinin təqdim olunması əlamətdar gün ərəfəsində baş verir: “Partiya vəsiqələri sizə Heydər Əliyevin doğum günü ərəfəsində təqdim olunur. Hesab edirəm ki, bu, həm partiyamız, həm də sizin üçün əlamətdardır. Ölkə vətəndaşlarının mütləq əksəriyyəti kimi sizlər də Azərbaycanda həyata keçirilən dövlət siyasətini qətiyyətlə dəstəkləyirsiniz. Bu gün isə YAP-ın üzvü olmaqla bu prosesdə iştirakçılığınız rəsmiləşdirilmiş olur. Artıq partiyamızın rəsmi şəkildə vəsiqəsini daşıyan üzvlər olursunuz və YAP-ın ideyalarının daşıyıcılarına çevrilirsiniz”.
Öz növbəsində əməkdar artistlər Könül Xasıyeva və İlqar Muradov Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan qürur hissi keçirdiklərini və partiyanın ideyalarına sadiq olacaqlarını vurğulayıblar.


