İctimai Palata yeni aksiyalar üçün müraciət etdi

Mayın 13-ə mitinq, 14-ə piket təyin olundu

İctimai Palata Bakı şəhər İcra Hakimiyyətinə yeni aksiyalarla bağlı müraciət ünvanlayıb. Müraciətdə mayın 13-də mitinq, mayın 14-də isə BŞİH-in binası önündə piket keçirmək nəzərdə tutulur.
Mitinq üçün saat 16:00-dan 18:00-dək Binəqədi rayon 7-ci mikrorayondakı keçmiş “İnqilab” kinoteatrının qarşısından başlayaraq S.Axundov küçəsindən metronun “Dərnəgül” stansiyasının dəmiryoluna tərəf çıxışında mitinq keçiriləcəyi bildirilir. Aksiyanın “Yeni parlament seçkiləri”, “Qarabağa azadlıq”, “Siyasi məhbuslara azadlıq”, “Sərbəst toplaşmağa azadlıq”, “Siyasi islahatlar” və s. şüarlar altında keçiriləcəyi qeyd edilir. Yürüş-mitinqə 10 min nəfərə yaxın insanın qatılacağı, şəhər hakimiyyəti tərəfindən başqa yer təklif edilərsə, müzakirə edilə biləcəyi qeyd edilir.
Piketin isə BŞİH-in sərbəst toplaşmaq azadlığına qoyduğu məhdudiyyəti aradan qaldırmaq məqsədilə saat 12:00-dan 13:00-a kimi keçirilməsi planlaşdırılır.