İctimai Palata hakimiyyətə güc göstərdi

aksiya-ip-7mayBakının mərkəzini “İstefa” şüarları bürüdü (FOTOLAR/VİDEO)

Hakimiyyət öz cığal siyasəti ilə aksiyanı Bibiheybətdən Prezident Administrasiyasının yüz metrliyinə daşıdı

Sərbəst toplaşmaq azadlığının pozulmasına etiraz olaraq İctimai Palatanın mayın 7-də Bakı şəhər İcra hakimiyyəti önünə təyin etdiyi aksiya elan olunduğu vaxtda və vəd edilən keyfiyyətdə baş tutdu.

Dəbilqəsiz, dəyənəksiz polislər

İcra hakimiyyəti qarşısına təyin edilən aksiya razılaşdırılmamışdı.
Aksiyanın başlamasına bir saat qalmış “İçəri şəhər” metrostansiyasının önü artıq polis postları ilə nəzarətə götürülmüşdü. Bundan başqa ətraf parklar uniformada və mülki geyimdə polislərlə doldurulmuşdu. Mülki geyimlilərin sayı daha çox idi. Bu dəfəki aksiyanın özəlliyi  həm də ərazidə Çevik Polis qüvvələrinin və dəbilqə-dəyənəklilərin gözə dəyməməsi idi.
“İçəri şəhər” stansiyasının önündən keçən İstiqlaliyyət prospekti boyunca – “Sabir” bağınadək polislər səpələnərək gəzişirdilər.

 

Aksiyaya diqqət

Aksiyanı izləmək üçün bu dəfə müxtəlif Qərb ölkələri səfirliklərinin nümayəndələri, xarici telekanalardan çəkiliş qrupları gəlmişdilər. Görünür, elə buna görəydi ki, güc orqanları əvvəlki sərt davranış üslublarına dəyişiklik etmişdilər.

Çaşdırıcı taktika

İP tərəfdarları bu dəfə fərqli taktıka seçərək polisin ön hazırlığını heçə endirə bildilər. Əsas yürüşü metronun çıxışından gözləməyə başlayan polislər bir də ayıldılar ki,  əksəriyyəti cəhbəçilərdən ibarət kalon “Axundov” bağından İcra Hakimiyyətinə doğru yürüyür.

Şüarlar

Yürüşçülər “Azadlıq”, “İstefa” şüarları səsləndirirdilər. Bəzi fəalların əlində vicdan məhbuslarının fotosu və milli bayraqlar vardı. Onları yolun kənarındakı insanlar alqışlarla dəstəkləyirdi. Yürüşçülər meriyanın binasına çatanda polis onların önünü canlı sədlə kəsdi. Bu zaman aksiyaçılar üzü aşağı – “Sabir” bağına tərəf yürüşü davam etdirdilər.

“İnsan topası da qar kimidir, irəlilədikcə artır” (V.Hüqo)

Polislər onların ardınca düşdüyü bir vaxtda metronun önündən etirazçıların daha bir dalğası gəldi. Polisin çaşqın durumu göz qabağında idi. Dəyənəkdən istifadə etmədiklərindən onlar etirazı necə sakitləşdirəcəklərini bilmirdilər. Buna görə də etirazçıların ünvanına biədəb ifadələr  işlədirdilər.

Polis pisliyindən qalmır

Yürüş Əlyazmalar İnstitutunun binasına qədər davam etdikdən sonra güclənən aksiyaçılar toparlanıb geriyə – meriyaya doğru istiqamət aldılar. Meriyanın lap yaxınlığında polis növbəti dəfə onların önünə canlı sədd çəkdi. Bu andan etibarən isə aksiyaçılara qarşı fiziki zor işlədildi. Polis aksiyaçılardan bir neçəsinə, o cümlədən AXCP sədrinin müavini Gözəl Bayramlıya, partiya fəalları Kəmalə Bənənyarlı, Zərifə Məhəddinova və Təzəxan Mirələmliyə qarşı zorakılıq etdi.

Yarım saat sonra

Daha sonra aksiya iştirakçıları “Sabir” bağının qarşısına toplaşaraq təkrar şüarlar səsləndirdilər. Elə burada Müsavat başqanının müavini Tofiq Yaqublu piketin qətnaməsini oxudu. O, aksiyanın baş tutduğunu və bundan sonra davam edəcəyini də bəyan etdi.

“İnadkarlıqdan hakimiyyət özü ziyan görəcək”

Aksiyadan sonra İP üzvü, AXCP sədrinin müavini Asəf Quliyev “Azadlıq”a açıqlamasında bildirdi ki, hakimiyyət nəhayət, insanların sərbəst toplaşmaq hüququ ilə bağlı inadından əl çəkməlidir: “ Biz istənilən halda dinc mübarizə tərəfdarıyıq. Tələblərimizdə də qanunsuz nəsə yoxdur. Hakimiyyət yersiz intriqanı kənara buraxıb insanların etiraz, sərbəst toplaşmaq hüququna hörmət bəsləməlidir. Cəmiyyətdə qarşıdurma mühitinin yaradılması hakimiyyətin özünə də xeyir gətirməyəcək. Azərbaycan hakimiyyətində təmsil olunan insanlar nəhayət, anlamalıdırlar ki, ölkədə ciddi bir müxalif təbəqə var və onların fəaliyyəti həvəskar, mövsimi davranış deyil. Minlərlə siyasi fəal demokratik mübarizə, azadlıq üçün canını fəda etməyə hazırdır. Onların qarşısını polislə, dəyənəklə almaq mümkünsüzdür”.

“Bu, növbəti uğur idi”

Asəf Quliyev keçirilən aksiyanı uğurlu sayır: “İctimai Palata ardıcıl siyasət yürüdür. Biz bütün qərarları məsuliyyətlə verirdiyimiz kimi, onun icrasını da məsuliyyətlə həyata keçiririk. Keçirdiyimiz mitinqlər kimi, bu piket də demokratik düşərgənin aktivinə yazılan hadisədir. 200-dən artıq insan şəhərin mərkəzində “Azadlıq”, “İstefa” şüarları səsləndirdi, tələblərimizi çatdırdıq. Cəmiyyət də, Azərbaycanı izləyən beynəlxalq qurumlar da bizim nə istədiyimizi, necə istədiyimizi gördülər”.

Davamı var

AXCP rəsmisi bildirib ki, ölkə rəhbərliyi keçirilən aksiyanın tələblərini ciddiyə almalı və mitinqlər üçün normal yer ayırmağa qərar verməldir: “Əks halda bizim daha intensiv və daha müxtəlif formalı aksiyalarımız olacaq”.

 

 

Natiq