Bakı Dövlət Universiteti hüquq fakültəsinin sabiq dekan müavini, hüquq elmləri doktoru Məhəmməd İmanlının həbsi ilə bağlı bəyanat yayıb.
«Məhəmməd İmanlı 2004-cü ildən Hüquq fakültəsi dekanının müavini vəzifəsində işləyib, 2011-ci ildə həmin vəzifədən azad edilib. Hazırda BDU-da heç bir rəsmi səlahiyyətli vəzifə daşımır. Haqqında söhbət gedən Beynəlxalq iqtisadi əlaqələr adlı fakültə Bakı Dövlət Universitetində yoxdur və oraya heç bir qəbul aparılmayıb».
Açıqlamada qeyd olunur ki, Bakı Dövlət Universitetində ikinci ali təhsil almaq üçün ixtisaslar BDU-nun Böyük Elmi Şurasında iyun ayında müzakirə olunur, bu barədə dövlət qəzetlərində elan çıxır, müvafiq komissiya yaradılır və müsabiqə yolu ilə fakültələrə qəbul aparılır.
Universitet bildirir ki, hazırda ikinci ixtisasa (əlavə təhsil) qəbulla əlaqədar hazırlıq işlərinə başlanmayıb, ümumiyyətlə bu il əlavə təhsilə qəbul aparılması nəzərdə tutulmur.
«Hadisə təqsirləndirilən şəxsin evində, BDU-da olmayan ixtisasla əlaqədar, qəbul aparılması nəzərdə tutulmayan bir yerlə bağlı baş verdiyinə görə, respublikanın ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin adının mətbuatda bu məsələ ilə paralel hallanması təəssüf doğurur», deyə vurğulanır.
***
Bakı Dövlət Universitetinin rektoru rəhbərlik etdiyi təhsil ocağının professorunun korrupsiya cinayətinə görə həbs edilməsi məsələsinə münasibət bildirib.
“Mən ezamiyyətdən bu gün səhər qayıtmışam. Bu barədə səhər qəzetlərdən öyrənmişəm. BDU-nun professoru ilə bağlı məsələ araşdırılacaq. Əgər korrupsiya cinayəti törədilibsə, hüquq-mühafizə orqanları araşdıracaqlar. Amma qəzetdə adı çəkilən beynəlxalq iqtisadi əlaqələr fakültəsi BDU-da yoxdur. Bu kimi məsələlərlə bağlı dəqiqləşdirmə aparmağa ehtiyac var”, – Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə BDU-nun rektoru Abel Məhərrəmov bildirib.
Məhərrəmov deyib ki, bu məsələ xoşagələn hal deyil, amma hadisəni araşdırmaq və tədbirlər görmək lazımdır.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müəllimi, hüquq elmləri doktoru, professor əvəzi İmanlı Məhəmməd Nağı oğlu korrupsiya cinayətinə görə həbs edilib.