XX əsr Azərbaycan ədəbiyyatının və maarifinin görkəmli nümayəndələrindən biri olan Abdulla Şaiq şair və yazıçı olmaqla yanaşı həm də publisist idi.
A.Şaiq gözəl şeirləri ilə milli uşaq poeziyasının incilərini yaradır, “Gözəl bahar” pyesi ilə milli uşaq teatrının özülünü qoyur. Cəmiyyətdə daha çox uşaqlar üçün yazan şair kimi tanınır. Nədənsə, onun “Tülkü həccə gedir” əsərini də uşaqlar üçün yazdığı iddia edilir və ədəbiyyatşünas olmasam belə, bu iddianı əsla qəbul edə bilmirəm.
Fikrimcə, “Tülkü həccə gedir” sırf böyüklər üçün yazılmış bir əsərdir. Və onu oxuduqdan sonra ağıla gələn ilk nəticə o olur ki, “Tülkü həccə gedir” uşaqlara yox, böyüklərə ünvanlanıb.
“Tülkü həccə gedir əsərinə bugünkü Azərbaycanın prizmasından nəzər salanda iddiamız tam isbatını tapır. Nədən ki, bu gün Azərbaycanda şüurlu həyatı boyu haramla yaşayan, haramla səltənət quran kifayət qədər qoca tülkülər vah.
Onlar da guya ki, donunu, xislətini dəyişib Həcc ziyarətinə gedirlər.
Və o haramzadələr Həcc ziyarətindən döndükdən sonra da tülkülüklərindən əl çəkmirlər. Hətta ziyarətdən sonra daha acgöz, daha əzazil, daha qəddar olanları da var.
Üç dəfə Həcc ziyarətində olan birini tanıyıram. Ziyarətə getməzdən əvvəl tabeçiliyində çalışanların 50 faizi atasının goruna lənət oxuyurdu. Hacı olduqdan sonra işçilərin hamısı o lənəti oxuyur.
Tülkünün xislətindən əl çəkməsi mümkün olmadığı kimi, rüşvətxor, ləyaqətsiz məmurun da haramdan əl çəkməsi mümkün deyil.
30 il oğurluqla yaşayan, aldığı rüşvətə rəğmən milyonluq villa tikdirən, yetim çörəyini oğurlayan, LƏYAQƏT məfhumunun nə olduğunu ömrü boyu anlamayan Həccə gedib-qayıtmaqla, ADAM ola bilməz.
O, elə TÜLKÜ olaraq qalacaq.
Bir il əvvəl bəlkə də 5 dəfə Həcc ziyarətində olmuş tülkülərdən biri ilə təsadüfən yas məclisində həmsöhbət olduq. O harının yarım saat ikrah doğuran moizəsindən təngə gəlib xəbər aldım ki, “Tülkü həccə gedir” əsərini oxuyubmu. Qoca “tülkü” suala cavab vermədi və məclisi tərk etdi.
Total deqradasiyanın tüğyan etdiyi avtoritar cəmiyyətlərdə ictimai rəy, ictimai qınaq əsla önəm daşımır. Odur ki, rüşvətxor məmurlar-tülkülər haramla qazandıqlarının cüzi bir hissəsini Məkkə ziyarətinə sərf edib HACI titulu qazandıqdan sonra güman edirlər ki, artıq günahlarını yuyublar. Ziyarətdən döndükdən sonra rüşvət almağa, acgözlüyə tövbə edən bir kəs belə tanımıram.
Bəlkə sən tanıyırsan, dəyərli oxucum. Bir vəzifə sahibi nişan verə bilərmisən ki, Məkkə ziyarətindən sonra bütün iyrənc əməllərinə tövbə edib, halal yaşamaq yolunu tutub?
Yaxud, vəzifədə olan rüşvətxor oğlunun sayəsində Həcc ziyarətində bulunan bir ağsaqqal göstərə bilərmisiniz ki, müqəddəs məkanı ziyarət etdikdən sonra haramzadə oğlunu düz yola sövq edib?
Yüzlərlə sadə soydaşımız, zəhmətkeş insanımız var ki, Həcc ziyarətindən sonra HAQQ yolunu seçib, düz yola qayıdıb. Fəqət mayası haramla yoğrulmuş rüşvətxor məmurun haqqa qayıtması çox müşkül bir məsələdir.
Abdulla Şaiq “Tülkü həccə gedir” əsərini uşaqlar üçün yox, böyüklər üçün yazdı. O əsər bu gün daha aktualdır.
Çünki bu məmləkətdə qoca tülkülərin Həcc ziyarətinə getməsi bir adət halını alıb.
Azərbaycanda rüşvət ala-ala qocalan tülkü məmur Həccə gedir.
Azərbaycanda rüşvətlə səltənət quran oğullar atalarını Həccə göndərir.
Azərbaycanda dövləti çapıb-talayanlar, millətə zülm edənlər qocalanda Həccə gedir.
Azərbaycanda şeytana uyanlar, ona ürəyində məkan verənlər Məkkədə Şeytan daşlamağa gedir.
Indi sual edirəm, Abdulla Şaiq “Tülkü həccə gedir” əsərini kimlər üçün yazıb?

“Tülkü Həccə gedir” uşaqlar üçün yazılmayıb
•