«İmtahanları birləşdirmək məntiqi cəhətdən əsassızdır»

Nabatəli Qulamoğlu: «Buraxılış imtahanları mahiyyətinə görə qəbul imtahanlarından ciddi şəkildə fərqlənir, onların birləşdirilməsi heç bir effekt verməyəcək»

Tələbə qəbulu ilə bağlı ortaya yeni ideyalar atılıb. Orta məktəblərin buraxılış imtahanları ilə ali məktəblərə qəbul imtahanları birləşdirilə bilər. Bunu mətbuata açıqlamasında Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib.
Komitə sədrinin sözlərinə görə, məzunlar bir dəfə imtahan verməklə həm orta məktəbi bitirmək barədə attestat alar, həm də topladıqları bala görə universitetə qəbul oluna bilərlər. Ş.Hacıyev deyir ki, “Təhsil haqqında” qanun parlamentdə müzakirə olunan zaman bu məsələ qaldırılıb, lakin texniki imkanların olmaması səbəbindən mövzu qapanıb. Lakin Tələbu Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Milli Məclisə müraciəti əsasında hər iki imtahanı birləşdirmək istiqamətində iş qanuniləşə bilər.
Bəlli olduğu kimi, dövlət başçısının fərmanıyla orta məktəblərdə buraxılış imtahanlarının keçirilməsi işi TQDK-ya tapşırılıb. Əvvəl isə bunu Təhsil Nazirliyi həyata keçirirdi.
Imtahanların birləşdirilməsi ideyası reallaşacağı təqdirdə, bu yeniliyin hansı nəticə verəcəyinin araşdırılmasına ehtiyac var.
Təhsil üzrə ekspert Nabatəli Qulamoğlunun fikrincə, bu ideya məntiqi cəhətdən əsassızdır: “Buraxılış imtahanları mahiyyətinə görə qəbul imtahanlarından ciddi şəkildə fərqlənir. Tam seçim etmək məqsədilə keçirilən qəbul imtahanları abituriyentlər arasından güclüləri seçir. Bu imtahanları birləşdirmək məntiqi cəhətdən əsassızdır”.
Neqativ halların istər-istəməz mövcud olduğunu bildirən həmsöhbətimiz, bunun Azərbaycan mühiti üçün bir reallıq olduğunu söylədi. Hadisələrin əsas mahiyyətini açıqlayan ekspert, orta məktəblərin öz funksiyasını ildən-ilə itirdiyini dedi: “Orta məktəblərin şagirdlərə bilik vermək imkanları yoxdur. Bu da buraxılış imtahanlarında hər il özünü göstərir. Buraxılış imtahanlarını keçirmək səlahiyyətinin Təhsil Nazirliyindən alınaraq TQDK-ya verilməsi təhsilin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə edilməyib. Bununla hakimiyyət təhsildəki biabırçılığın onun günahı ucbatından baş vermədiyini, hansısa qurumun ucbatından olduğunu demək istəyir”.
Ekspertin sözlərinə görə, iki müxtəlif imtahanın birləşdirilməsi heç bir effekt verməyəcək.

Nigar