Sən demə şöbə müdiri müxalifətə hörmət edirmiş
«Onlar güc mərkəzi formalaşdıraraq, hakimiyyəti gələcəkdə seçki yolu ilə bizdən almaq istəyirlər»
“Mənim məmur kimi müxalifətin bu və ya digər qərarını dəyərləndirməyim yaxşı hal deyil”, bu gözlənilməz bəyanatı müxalifəti tənqid və təhqir etmək kimi sevimli məşğuliyyəti olan hakimiyyətin baş ideoloqu Əli Həsənov verib.
“Turan”ın müxbiri ilə söhbətində o, müxalifətin “cəmiyyətin ayrılmaz tərkib hissəsi, ictimai institut” statusunu etiraf edib. “Onlar bizim rəqibimizdir, mövcud hakimiyyətə müxalifətdədirlər, bizim addımlarımızı bəyənmirlər, dəstəkləmirlər. Ona görə də alternativ güc mərkəzi formalaşdıraraq, hakimiyyəti gələcəkdə seçki yolu ilə bizdən almaq istəyirlər”,- uzun illər müxalifəti sosial bazadan məhrum, keçmişdə qalmış radikal tör-töküntü adlandıran Həsənov indi müxalifəti belə səciyyələndirib.
Ə.Həsənov fikrini bir qədər diplomatik bildirməyə çalışaraq, müxalifətdə təmsil olunan şəxslərin “Azərbaycan dövlətinə və onun yürütdüyü dövlət siyasətinə adekvat olmalı olduqlarını” bildirib. Hakimiyyətin müxalifətə şəhərin mərkəzində mitinq keçirməyə icazə verməməsinin səbəbi barədə suala cavabda Həsənov deyib ki, müxalifət qanun çərçivəsində fəaliyyət göstərməlidir.”Müxalifətin qanun çərçivəsində olan istənilən addımı bizim üçün məqbuldur. Qeyri-qanuni istənilən addımları isə məqbul deyil. Bizim funksiyamız qeyri-qanuni addımların qarşısını almaqdan ibarətdir”, deyə o qeyd edib.
Şöbə müdiri “Turan”ın Ziyalılar Forumunun həmtəsisçisi Rüstəm Ibrahimbəyovun dünən Azərbaycan iqtidarını kəskin tənqidi ilə bağlı sualına cavab verməkdən imtina edib.