Vergilər Nazirliyi yanında Audit Departamenti bundan sonra deputat Əhməd Vəliyevin yaxınlarının mülkündə kirayənişin olacaq
Paytaxtın Xətai rayonu, Babək prospektində – “Ramstore” mağazasının yaxınlığında yerləşən yaşayış evlərinin söküntüsünə başlanılıb. 170-ə yaxın evin söküləcəyi deyilir. Artıq iki gündür ki, ərazidəki evlərin işıq xətləri kəsilib. Səlahiyyətlilər mayın 8-də sakinlərlə görüşüb, müqavilə bağlayacaqlar. Mənzil sahibləri istəyirdilər ki, müqavilələr onların mülkləri yerlə-yeksan edilməmiş bağlansın, lakin bu, mümkün olmayıb. Paytaxtın digər ərazilərindəki söküntülərdə olduğu kimi, burada da kompensasiya hər kvadrat metrə görə 1500 manatdan hesablanır.
Sözügedən ünvandakı söküntülərin əvəzinə nə tikiləcəyinə gəlincə, sakinlərə deyiblər ki, yeraltı keçid inşa olunacaq və park salınacaq.
Hazırda sözügedən ərazidə işlər sürətlə aparılır, çünki mayın 10-na qədər orada söküntü prosesi tam başa çatmalıdır.
Ərazidə YAP-ın icra katibi, deputat Əli Əhmədovun şəxsi əmlakı olan obyekt də yerləşir. Mətbuatda yayılan məlumata görə, o, Xətai Rayon Icra Hakimiyyətinin başçısı olanda ələ keçirdiyi həmin binanı lüks təmir etdirərək, sonradan Vergilər Nazirliyi yanında Audit Departamentinə və “Terras” restoranına icarəyə verib.
Biz ərazidə olan zaman artıq binanın yarıdan çoxu sökülmüşdü. Maraqlı bir məqam isə odur ki, Əli Əhmədovun şəxsi mülkü olduğu bildirilən bina körpünün bir addımlığında yerləşir. Sözügedən ərazidə yolun genişləndirilməsi prosesinin qurbanı olan binanın qarşısında isə nəqliyyat naziri Ziya Məmmədova məxsus “ZQAN Holdinq” göydələn inşa etdirir. Maraqlıdır ki, yolun genişləndirilməsi planı Əli Əhmədovun əmlakına şamil edilsə də, Ziya Məmmədov prosesdən kənarda qalıb. Qeyd edək ki, nazirin holdinqi həmin ərazidə üç böyük göydələn tikir. Daha iki göydələn isə “Keşlə” stansiyasının 30 metrliyində ucaldılır.
Əli Əhmədovun əmlakının sökülməsinə görə YAP-ın icra katibinə nə qədər kompensasiya veriləcəyi haqda dəqiq məlumatımız olmasa da, bu vaxta qədər orada yerləşmiş Vergilər Nazirliyi yanında Audit Departamentinin Nəsimi rayonuna köçürüləcəyini öyrənə bildik. Məlumatda o da qeyd olunur ki, sözügedən departament bu dəfə başqa bir deputatın – Əhməd Vəliyevin yaxınlarına məxsus binada kirayənişin olacaq.
Ramin DEKO