İlham Əliyevin əmisi oğlu ilə bağlı növbəti şok müraciət

Ilqar Əliyevin sifarişilə həbs olunduğunu deyən sahibkar öldürülə biləcəyini bəyan edir

Ilham Əliyevin əmisi oğlu Ilqar Əliyevin sifarişilə həbs edildiyini bildirən və hazırda Gəncədəki 2 saylı istintaq təcridxanasında saxlanılan Böyükağa Abdullayevin xanımı Kəmalə Abdullayeva Azərbaycandakı xarici ölkə səfirliklərinə müraciət edib. Kəmalə Abdullayevanın müraciətinin bir surəti də “Azadlıq”a daxil olub.
Həmin müraciəti olduğu kimi təqdim edirik: “Bildirirəm ki, Əliyevlərin girovluğunda saxlanılan həyat yoldaşımın həbsinin səbəbi 26.04.2012-ci il tarixdə açıqlanıb. Bildirirəm ki, ATƏT-in Gəncə regional şöbəsinin nümayəndəsinin iştirak etdiyi Gəncə Ağır Cinayətlər Məhkəməsində, açıq məhkəmə iclasında Əliyev Ilqar Aqil oğlunun səlahiyyətli nümayəndəsi çıxış edərək bildirib ki, ki, Abdullayev Böyükağa Abdulla oğlu Ilqar Əliyevin haqqında müxtəlif yerlərdə deyib ki, Ilqar Əliyev uyuşdurucu maddələr qəbul edir, ruhi xəstədir, Ilqar Əliyev heç kimdir. Bu səbəbdən də bu gün Böyükağa Abdullayev Gəncə şəhərində 2 saylı istintaq təcridxanasında Ilqar Əliyevin girovluğunda saxlanılır. Bu Ilqar Əliyev tərəfindən Böyükağa Abdullayevin haqqında görülmüş cəza tədbiridir. Ilqar Əliyevin məhkəmədə çıxış edən səlahiyyətli nümayəndəsi onu da bildirib ki, Böyükağa Abdullayev cəzadan azad olunması üçün yaşadığı evi Ilqar Əliyevə bağışlamalıdır.
Bildirirəm ki, həyat yoldaşımın adından deyilənlərin hamısı böhtandır,yalandır. Bu kimi nalayiq ifadələri işlətməklə Ilqar Əliyevi əsəbləşdirməklə həyat yoldaşımı həbs etdiriblər. Bu nə özbaşınalıqdır. Doqquz aydır həyat yoldaşımı dəmir barmaqlıqlar arasında çürüdürlər. Ailəmiz faciə içərisində yaşayır. Ailəmizə bir manat qazanc gətirən yoxdur. Bunlar Allahdan qorxmurlarmı? Bunlar azərbaycanlı, müsəlman deyillərmi? Hal-hazırda həyat yoldaşımın həyatı təhlükə altındadır. Sabah da deyəcəklər ki, Böyükağa Abdullayev türmədə Əliyevləri söyür. Bundan sonrakı görüləcək tədbir daha təhlükəlidir. Həyat yoldaşımı öldürmək istəyirlər. Görəsən, Ilqar Əliyevin evi yoxdurmu? Bizim evimizi, əmlakımızı əlimizdən niyə almaq istəyir? Nəzərinizə çatdırıram ki, gələcəkdə mənim yoldaşımın başına bir hadisə gələrsə, bunun səbəbkarı Əliyevlərdir. Mənim həyat yoldaşıma qarşı törədilmiş haqsızlığın qarşısının alınmasına kömək etməyinizi sizdən xahiş edirəm. Axı Ilqar Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyevin əmisi oğludur. Bizim ailəmizə qarşı başlanmış haqsızlığın, özbaşınalığın, faciənin qarşısını almağa yardımçı olun. Biz ümidimizi üzmək istəmirik.Inanırıq ki, haqq öz yerini tapacaq”.
Böyükağa Abdullayevin özü də həbsxanadan redaksiyamıza ünvanladığı məktubda həyatına təhlükə olduğunu bildirib. O, Ilqar Əliyevin adamları tərəfindən həbsxanada öldürülə biləcəyindən ehtiyatlanır. Bu baxımdan da dövlət qurumlarını, ölkə ictimaiyyətini və xarici ölkə səfirliklərini həyatına olan təhlükə barədə xəbərdar edir.