KXCP sədrinin müşaviri və İctimai Palatanın üzvü Aydın Şükürovun təmsil olunduğu partiyadan istefası son günlər mətbuatda bir sıra sərt və ittihamlarla zəngin açıqlamaların yer almasına səbəb olub. KXCP sədri Mirmahmud Mirəlioğlunun “publika.az”a açıqlamasından sonra A.Şükürov da eyni saytda keçmiş partiya sədrinin ünvanına sərt ittihamlar söyləyib.
M.Mirəlioğlunun “Partiyaya biri gələr, biri gedər. Burada şişirtməli heç nə yoxdur” fikrilə razılaşmayan A.Şükürov vurğulayıb ki, onun məsələyə bu cür yanaşması kökündən yanlışdır. A.Şükürovun sözlərinə görə, M.Mirəlioğlunun rəhbərlik etdiyi partiya artıq Elçibəy yolundan çoxdan uzaqlaşıb.
Məsələyə aydınlıq gətirmək, A.Şükürovun istefasının səbəblərini öyrənmək məqsədilə həm KXCP rəhbərliyi, həm də A.Şükürovun özü ilə əlaqə saxladıq.
Əvvəlcə KXCP sədri M.Mirəlioğlunun məsələyə münasibətini öyrənmək istəsək də, o, bu mövzuda danışmaq istəmədiyini bildirdi.
Ədalət Yusibov: “Təəssüf edirəm ki, bu məqam şişirdildi və təhrif olundu…”
KXCP sədrinin müavini Ədalət Yusibov isə bildirdi ki, istefanın səbəblərinə ilk növbədə A.Şükürovun özü aydınlıq gətirməlidir. Bununla belə, A.Şükürovun istefasının hələ yanvardan gündəmdə olduğunu deyən Ə.Yusibov vurğuladı ki, bu barədə partiya rəhbərliyinin də məlumatı olub: “Aydın bəyə qarşı kampaniyanın başlanğıcı yanvar ayında ”Bizim Yol” qəzetində gedən bir müsahibədən sonra qoyuldu. Aydın bəyin müsahibəsindən sonra zamanında həll olunması mümkün olan xırda bir məsələ sonda istefa ilə nəticələndi. Təəssüf ki, biz proseslərin bu səviyyəyə gəlib çıxmasında təşəbbüskarsızlıq göstərmişik”.
A.Şükürovun müsahibəsindəki hansı fikrin sonradan ona qarşı kampaniyaya səbəb olduğuna gəlincə, Ə.Yusibov deyir ki, partiyanın Ictimai Palatadakı mövqeyinə dair suala cavab verərkən onun söylədi fikirlər düzgün anlaşılmayıb: “O zaman mən mətbuatda söyləmişdim ki, KXCP-nin fədakar üzvləri Ictimai Palatada cəmləşib. Amma o zaman partiya sədrinin baş verənlərə münasibəti fərqli idi. Aydın Şükürov bu barədə suala cavab verərkən ad çəkmədən söyləmişdi ki, kimin nə deməsi onu maraqlandırmır. Təəssüf edirəm ki, partiyanın həm mərkəzi aparatında, həm də aşağı strukturlarında bu məqam şişirdildi və təhrif olundu. Nəticədə proseslər bu cür yekunlaşdı”.
Aydın Şükürov: “Mirmahmud Mirəlioğlunun tutduğu yol Elçibəy yolu deyil və milli qüvvələri parçalayır”
A.Şükürov özü isə “Azadlıq”a açıqlamasında bildirdi ki, istefasına səbəb M.Mirəlioğlunun partiya rəhbəri kimi, yürütdüyü siyasət olub: “Mirmahmud Mirəlioğlunun partiya sədri kimi tutduğu kursda idealogiya yoxdur. KXCP-də bir çoxları mənim getməyimi istəmirdi. Mən onlardan üzr istəyərək, partiyanı çoxdan tərk etmək istəyirdim. Amma başda Ədalət Yusibov olmaqla, yaxın dostlarım buna imkan vermirdilər. Partiya rəhbərliyinə dəfələrlə öz iradlarımı çatdırmışam. Bildirmişəm ki, Mirmahmud Mirəlioğlunun tutduğu yol Elçibəy yolu deyil və milli qüvvələri parçalayır”.
M.Mirəlioğlunun “tək-tük adamların partiyadan getməsi sensasiya kimi təqdim olunmamalıdır” fikrinin kökündən yanlış olduğunu deyən A.Şükürov vurğuladı ki, o, partiyanı dayaq dəstəsilə tərk edib. Həmin dayaq dəstəsinə isə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşmüş şəxslər daxildir.
“Mən artıq partiya rəhbərinin siyasi iradəsinin, savadının olmadığını gördüm və partiyanı tərk etdim”, – deyə A.Şükürov vurğuladı.
Xəyal