Zərdüşt Əlizadə: «Bundestaqda 194 yox, 294 yeri olan partiya tənqid etsə də, bunlar üçün əhəmiyyəti yoxdur»
Hakimiyyətin və onu yaxın mətbuatın Almaniyaya qarşı kampaniyası ifrat həddə çatıb. YAP iqtidarı bu ölkə və hakimiyyətin siyapsətini tənqid edən beynəlxalq qurumların əleyhinə çıxışlarını getdikcə sərtləşdirir. Hətta onların tənqidlərinə etinasız yanaşdıqlarını da gizlətmirlər. YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov mətbuata açıqlamasında bildirib ki, belə təşkilatların tənqidlərinin onlar üçün heç bir əhəmiyyəti yoxdur. O həmçinin hakimiyyəti tənqid edənlərin Almaniya hökumətinin mövqeyini əks etdirmədiyini deyib.
Xatırladaq ki, rəsmi Bakını özündən çıxaran bəyanatlardan biri Almaniya insan haqları komissarı Markus Löninq tərəfindən səsləndirilib. O, Azərbaycanda insan hüquq və azadlıqları durumunun yaratdığı narahatlığın təkcə Almaniya mətbuatının, ayrı-ayrı siyasətçilərin, vətəndaş cəmiyyəti təmsilçilərinin yox, həm də rəsmi Berlinin mövqeyi olduğunu vurğulayıb. hakimiyyəti narahat edən digər bəyanatlar isə Almaniya Bundestaqında təmsil olunan “Yaşıllar” fraksiyası və Xristian-Demokratlar Ittifaqı tərəfindən səsləndirilib. Onların Almaniya xalqının fikrini ifadə etmədiyi ilə bağlı deyilənlərin həqiqətə uyğun olmadığını göstərmək üçün isə parlamentdə tutduqları yerlərin sayına baxmaq kifayətdir. Belə ki, Almaniya “Yaşıllar” fraksiyası Bundestaqdakı 622 yerdən 68-ə, Avropa Parlamentində isə 99 yerdən 14-ə sahibdir. Almaniya kansleri Angela Merkelin lideri olduğu Xristian-Demokratlar Ittifaqı isə Bundestaqda 622 yerdən 194-ə, Avropa Parlamentində isə 99 yerdən 34-ə sahibdir. Azərbaycandan fərqli olaraq bu ölkədə parlamenti xalq seçir və Bundestaq üzvləri eyni zamanda seçicilərinin mövqeyini ortaya qoyur.
Belə olan halda YAP təmsilçilərinin heç bir əsası olmayan bu arqumentləri nəyə xidmət edir?
Politoloq Zərdüşt Əlizadə hakimiyyətin tənqidlərə əhəmiyyət vermədiyini deyir. Belə olan halda onların hətta kəskin reaksiya verməsi də başa düşülən deyil. Çünki 194 yox, 294 yeri olan partiya tənqid etsin, ombudsman yox, lap kansler desin, bunlar üçün əhəmiyyəti yoxdur. Çünki hakimiyyət Azərbaycanı istila edib.
Almaniya və beynəlxalq təşkilatlara qarşı kampaniyaya gəldikdə isə, ekspert hakimiyyətin öz etikasına uyğun hərəkət etdiyini vurğuladı.
Z.Əlizadənin fikrincə, Azərbaycan xalqının nicatı isə yalnız öz əlindədir. Əgər bu bəlalardan xilas olmaq istəyirsə, cəhalət yuxusundan oyanmalıdır.
Fizzə


