Mirvari Qəhrəmanlı: «Bu qədər işçisi olan Təhlükəsizlik Xidməti Dövlət Neft Şirkətinə böyük bir yükdür»
«Azəriqaz», «Azərkimya» və Təhlükəsizlik Xidməti ARDNŞ-in balansından çıxarılmalıdır»
Bugünlərdə mətbuatda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) barədə yayılan məlumat bir daha ortaya qoydu ki, bu qurum neft gəlirlərindən düzgün yararlanmır, onlardan səmərəli istifadə etmir.
“Təhlükəsizlik, Demokratiya və Iqtisadi Inkişaf” QHT koalisiyasının “Dövlət Neft Şirkəti: uğurlar və problemlər” mövzusunda keçirdiyi dəyirmi masada gedən müzakirələrdən məlum oldu ki, ARDNŞ-in Təhlükəsizlik Xidmətinin fəaliyyəti heç də qanuni əsaslara söykənmir. Məhz bu xidmətin qanunsuz fəaliyyəti nəticəsində bu yaxınlarda Sulutəpə qəsəbəsində evlər sökülərkən bir neçə vətəndaş bu xidmətin işçilərinin zorakılığına məruz qalıb.
Diqqət çəkən daha bir məqam isə Təhlükəsizlik Xidməti işçilərinin sayı ilə bağlıdır. 2005-ci ildə Ilham Əliyevin sərəncamı ilə ARDNŞ-də yeni strukturlar yaradılıb. Onlardan biri Təhlükəsizlik Xidmətidir. Amma Xidmətin əsasnaməsi, şəxsi heyəti, ştat cədvəli haqda bilgi yoxdur. Məlumatlara görə, Təhlükəsizlik Xidməti hər biri 100 və daha çox əməkdaşdan ibarət 35 komandadan təşkil edilib. Bu xidmətin 5 minə qədər əməkdaşı var. Dövlət Neft Şirkətinin Təhlükəsizlik Xidmətinə bu qədər işçinin yığılması həqiqətən sual yaradır.
Bu xidmətin əsas vəzifəsinin nədən ibarət olduğunu dəqiqləşdirmək məqsədilə ARDNŞ-in mətbuat xidmətilə əlaqə saxlasaq da, dünən tam iş günü olmadığını bildirərək, sualımıza cavab almaq üçün bazar ertəsi yenidən əlaqə saxlamağı məsləhət gördülər.
Yeri gəlmişkən, Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlının müsahibələrində, həmçinin rəhbərlik etdiyi təşkilatın hesabatlarında dəfələrlə vurğulanıb ki, ARDNŞ-in Təhlükəsizlik Xidmətinin bu qədər əməkdaş saxlaması mənasızdır. Dünya təcrübəsində şirkətlərin öz mühafizəsini təmin etmək üçün peşəkar mühafizə xidmətlərinə müraciət etdiyini deyən M.Qəhrəmanlının sözlərinə görə, peşəkar mühafizə xidmətləri ARDNŞ-in Təhlükəsizlik Xidmətindən daha təcrübəlidir. Eyni zamanda, bu xidmət peşəkarlara tapşırılanda minimal adam sayı ilə böyük bir işin öhdəsindən gəlmək mümkün olur: “Xarici şirkətlər təhlükəsizlik məsələlərini müqavilə ilə həll edirlər. Bunu xüsusi şirkətlər həyata keçirir. Amma Dövlət Neft Şirkətində bu, başqa cürdür. Bu məqsədlə xüsusi xidmət yaradılıb. Üsğəlik, orada çalışanların sayı fantastik dərəcədə şişirdilib. Bu isə ümumilikdə şirkətə gələn neft pullarından səmərəsiz istifadə olunması deməkdir. Xərclənən pullar neftçilərin maaşlarından kəsilir. Bir sözlə, bu qədər işçiyə malik olan Təhlükəsizlik Xidməti ARDNŞ-in maliyyə xərclərinə böyük bir yükdür”.
Digər tərəfdən, ARDNŞ- in hazırda mühafizəyə ehtiyacı olan obyektlərinin sayının çox olmadığını deyən M.Qəhrəmanlı onu da əlavə etdi ki, bu qurum balansında olan yataqların çox hissəsini əməliyyat şirkətlərinə verib. Ona görə də 5000 nəfərlik Təhlükəsizlik Xidmətinə heç bir ehtiyac yoxdur: “ARDNŞ-də ciddi islahatlar aparılmalıdır. Əgər onu həqiqətən də işlək və dünya səviyyəsində tanınan bir şirkətə çevirmək istəyirlərsə, bu, mütləq həyata keçirilməlidir. ”Azəriqaz”, “Azərkimya” və Təhlükəsizlik Xidməti ARDNŞ-in balansından çıxarılmalıdır. Belə olan halda, ARDNŞ xərclərinin böyük hissəsini azalda bilər”.
Xəyal