Qəzzafinin baş naziri öldürülmüş diktatorun Fransa prezidentinə 50 milyon avro verdiyini təsdiqlədi; rəqibləri isə Sarkozini təklədi
Fransada prezident seçkilərinin ikinci turu öncəsi siyasi gərginlik davam edir. Seçkilərə 2 gün qalmış prezident postuna iddialılar Nikola Sarkozi və Fransua Ollande sonuncu dəfə mitinqlərə qatılıb. Sosialist partiyasının rəhbəri Fransua Oland tərəfdarları qarşısında çıxışı zamanı bildirib ki, prezidentlikdə uğursuzluq üzrə rekord vuran Nikola Sarkozi bu gündən sonra xalqın ümid yeri ola bilməz. Onun sözlərinə görə, hər kəs böyük həyəcanla seçkilərin sonunu gözləyir. Seçkilər yaxınlaşdıqca qələbə də yaxınlaşır. Sarkozi xalqın ona olan ümidlərini puç edib.
Nikola Sarkozi isə rəqibinin dərsini vermək üçün çox az vaxt qaldığını söyləyib. O, sosialistlərin hakimiyyətə gələcəyi təqdirdə ölkədə iqtisadi durğunluq baş verəcəyini bildirib: “Onlar hələ indiyə kimi iqtisadi inkişafı təmin edəcək konkret proqrama əsaslanmayıblar. Sizə qələbə sözü verirəm. Bazar günü o, layiq olduğunu əldə edəcək. Yaşasın republika, yaşasın Fransa”.
Xatırladaq ki, seçkilərin ilk turunda Fransua Oland qalib gəlib. Aparılan son rəy sorğularına görə, Ollandın ikinci turda da qələbə qazanacağı gözlənilir. Seçkilərin birinci turuna qatılaraq 9 faiz səs toplayan “Demokratiya Hərakatı”nın lideri Fransua Bayru ikinci turda Fransua Ollandeyə səs verəcəyini bildirib. O, seçicilərini istədikləri namizədə səs verməyə çağırıb.
Əlavə edək ki, seçkilər ərəfəsində reytinqi bir o qədər də yüksək olmayan indiki prezident Nikola Sarkozinin adı bir neçə dəfə xoşagəlməz addımlarda hallanırdı. Onun barəsində müxtəlif məzmunlu iddialar yayılmışdı. Sarkozi 2007-ci ildə keçirilən prezident seçkiləri zamanı seçki kampaniyası üçün Liviyanın öldürülmüş diktatoru Müəmmər Qəzzafidən 50 milyon avro pul almaqda günahlandırılırdı. Internet xəbər saytı “Mediapart” 2006-cı ildə Qəddafi rejiminin, Sarkozinin 2007-ci ildəki seçki kampaniyasına 50 milyon avro maliyyə yardımı etdiyinə dair rəsmi sənədi yayımlamışdı. Sarkozi isə ona qarşı sürülən ittihamları rədd edərək xəbəri yayımlayan saytı məhkəməyə verəcəyini bildirmişdi.
Bu arada Liviyanın keçmiş baş naziri Əl Mahmudi Bağdadi Müəmmər Qəzzafinin Nikola Sarkozinin 2007-ci ildəki seçki kampaniyasını maliyyələşdirdiyini söyləyib. Tunisdə həbs həyatı yaşayan Mahmudinin vəkili Bəsir Əsid Qəzzafi rejimi və onun məmurlarının Sarkozinin seçki kampaniyasına təxminən 50 milyon avro yardım etdiyini təsdiqləyib.