Putinin andiçməsinə «terror hədiyyəsi»

Mahaçqalada şiddətli partlayışlar törədildi: 13 ölü, 110 yaralı…

Şimali Qafqazda terror dalğası yenidən şiddətlənib. Mayın 3-də Bakı vaxtı ilə 23.20 radələrində Dağıstanın paytaxtı Mahaçqalada, Həştərxan-Mahaçqala yolunda yerləşən polis postunda əvvəlcə trotil yüklənmiş avtomobil, daha sonra minalanmış “Qazel” markalı maşın partladılıb. Partlayış nəticəsində 19 avtomobilə, o cümlədən bir yanğınsöndürən maşın və 3 polis maşınına ziyan dəyib, yol kənarından keçən aşağı təzyiqli qaz kəməri sıradan çıxıb.
Partlayışlar şəhərin müxtəlif yerlərində eşidilib. Birinci partlayış yerli vaxtla təxminən saat 22.20-də (Bakı vaxtı ilə 23.20) baş verib, on dəqiqə sonra ikinci partlayış olub.
“Interfaks”ın xəbərinə görə, Mahaçqaladakı partlayışlar zamanı xəsarət alanların sayı 110 nəfərə çatıb. Onlardan 69-u xəstəxanaya yerləşdirilib və 6 nəfərin vəziyyəti olduqca ağırdır. 13 nəfər isə terrorun qurbanı olub.

Dağıstanın güc strukturlarındakı mənbə isə “RIA Novosti”yə bildirib ki, iki partlayış nəticəsində ölənlərin sayı 20 nəfərə çata bilər. Fövqəladə Hallar Nazirliyinin 2 əməkdaşı hadisə yerində, daha 3-ü isə xəstəxanada dünyasını dəyişib. Itkin düşənlər arasında da FHN əməkdaşları var.
Milli Antiterror Mərkəzindən yayılan açıqlamada bildirilir ki, partlayışların gücü 30 və 100 kiloqram trotili ekvivalentində olub. Rusiyanın daxili işlər naziri Rəşid Nurqaliyev rəhbərlik etdiyi qurumun Şimali Qafqaz üzrə baş idarəsinin rəisi Sergey Çençiki Dağıstana yollayıb. Polisin məlumatına görə, partlayışların baş verdiyi yerdə aşkarlanmış naməlum cəsədlərin terror aktını törədən kamikadzelərə aid olduğu ehtimal olunur.

Dağıstanın güc strukturları partlayışları törədənlərin kimliyini müəyyənləşdirib. Ilkin açıqlamalara görə, partlayışı iki nəfər – Rizvan və Müslümat Əliyevlər törədiblər. Onlar bacı-qardaşdır.
Rusiya mətbuatının məlumatına görə, Dağıstanın hüquq-mühafizə orqanlarının olaydan əvvəlcədən xəbəri olub. Terrorçuların kimliyi barədə polis postlarına da əvvəlcədən məlumat verilibmiş.
Məlumata görə, onlar Mahaçqalada yaşayırlarmış və aprelin 24-dən evdən çıxıb, bir daha geri qayıtmayıblar. Dağıstanın güc strukturlarındakı mənbə bildirib ki, evdən çıxandan sonra, böyük ehtimalla, onlar yaraqlılara qoşulublar. Amma bu faktı rəsmən təsdiqləmək hələlik mümkün olmayıb.

Bacı-qardaşdan başqa, onların qonşusu, qızlıq familiyası Saprıkina olan milliyyətcə rus, 29 yaşlı Aminat Qurbanova isə şübhəli şəxs kimi axtarılır. Aminat hələ mart ayından itkin düşmüşdü. Istintaq ehtimal edir ki, terrorçu bacı-qardaş Aminatın yanına gedib. Bəzi məlumatlara görə, Aminat Qurbanova bu il xüsusi xidmət orqanlarının keçirdikləri əməliyyat zamanı həlak olan yaraqlılardan birinin həyat yoldaşıdır.

Əlavə edək ki, xeyli müddətdir Şimali Qafqazda belə şiddətli terror aktı həyata keçirilmirdi. Ekspertlərin sözlərinə görə, terror aktlarının törədilməsi üçün seçilən vaxt təsadüfi deyil. Çünki 3 gün sonra Rusiyanın indiki baş naziri Vladimir Putinin prezident postunu tutmasıyla bağlı andiçmə mərasimi keçiriləcək. Ekspertlərin fikrincə, Mahaçqaladakı terror aktları Putinin yenidən hakimiyyətə qayıdışına ilk qanlı cavabdır. Məhz Putin hakimiyyətinin birinci dönəmində Şimali Qafqazdakı silahlı qruplaşmalara qarşı amansız müharibə aparılıb. Demək olar ki, bölgədəki bütün silahlılar zərərsizləşdirilib.